“SOCAR Trading”in uzaq Afrikada biznesi
Azərbaycan dövlət neft şirkəti SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” Afrikanın qərb sahillərində neft məhsullarını saxlamaq üçün bazanın tikintisinə başlayıb.
"Xeberinfo.com": Məlumata görə, neftbazanın tikintisində “SOCAR Trading”in ortağı Benin şirkəti olan “Octogone Trading Oil”dur.
Bu şirkətin sahibi Benindən olan biznesmen Razak Cakadır. Neftbaza Beninin Kotonu limanında yerləşəcək. Layihədə üçüncü ortaq qismində Burkino-Fasonun milli neft şirkəti SOHABHY də iştirak edir.
Neftbazanın tikintisinə dair müqavilə bu il iyulun 27-də Kotonu liman şəhərində imzalanıb. İmzalanma mərasimində Razak Caka bildirib ki, Kotonu limanında neftbazanın tikintisi bu limanı regional neft mərkəzinə çevirəcək və qonşu ölkələrin neftbazaları ilə rəqabət aparmağa imkan verəcək.
R.Cakanın sözlərinə görə, “Octagon Trading Oil” şirkəti bu layihəni həyata keçirmək üçün ictimai fondlara müraciət etməyib və özü müstəqil maliyyə mənbələri axtarıb.
“Bu vəzifənin öhdəsindən Azərbaycanın “SOCAR Trading” şirkətini cəlb etməklə gələ bildik. “SOCAR Trading” Afrika qitəsində ilk investisiyasını bu layihəyə yatıracaq”- deyə beninli iş adamı bildirib.
Müqavilənin imzalanması mərasimində “SOCAR Trading” şirkətini Aleksandra Acco və Tamaz Qriqalaşvili təmsil edirdi. Onlar deyiblər ki, bu investiyanın SOCAR üçün Afrikada uzun yolun başlanğıcı olacağına ümid edirlər.
Neft bazası 54 min ton benzin, mazut, dizel yanacağı, kerosin saxlamağa imkan verəcək. Həmçinin bazada maye qazın saxlanılması üçün rezervurarlar olacaq.
Virtualaz.org