"Neftin qiymətinin insanların sosial həyatına təsirləri görünməkdədir"
“Hazırda neftin qiymətilə bağlı konkret fikirlər söyləmək çətindir. Çünki, neftin qiymətinə təsir edən amillər çoxdu”
"Xeberinfo.com": Məlumata görə, bu haqda modern.az saytına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert İran amilinin neftin qiymətinə mənfi təsirləri məsələsinə də toxunub:
“Nəzərə almaq lazımdır ki, artıq İran amilinin birjalara neqativ təsirləri müşahidə olunmaqdadır. Çünki, prezidentlər, nazirlər səviyyəsində müxtəlif bəyanatlar səslənir. İran amili netflə zəngin Körfəz dövlətlərində müxtəlif istiqamətlərdə birjalara çox təsir edir. Nəticədə hər gün neftin qiymətində dəyişiklik baş verir.
O qeyd edib ki, Azərbaycanda neftlə bağlı iki tendensiya müşahidə ediləcək: “Birinci ondan ibarətdir ki, neftin qiymətində müəyyən azalmalar baş versə də, nəticədə faciə yaşanmayacaq. Yəni neftin qiymətinin 40-45 dollara düşməsi reallıqdan uzaq olacaq. Nəzərə almaq lazımdır ki, bu il üçün İran öz neftini ən yaxşı halda dekabr ayının 15-dən etibarən bazara çıxara biləcək. Və o dövrədək qiymətlər 55 dollar ətrafında cərəyan edə bilər. Birinci yarım ildə Azərbaycan neftinin qiyməti 59 dollar olub. İkinci yarım ildə də qiymətlər bu civarda olsa, ümumilkdə neftin orta illik qiyməti təqribən 58 dollar ətrafında yuvarlaqlaşa bilər.
Neftin bu qiymətində Mərkəzi Bank sədrinin açıqladığı optimist fikirləri də nəzərə alsaq, manatın yeni devalvasiyası üçün ciddi təhlükə olmayacaq. Əgər neftin qiyməti 50 və aşağı həddə meyl etsə, onda bunun üçün təhlükə yarana bilər”.
İ.Şaban 2015-ci ilin ikinci yarısının sabit keçəcəyi proqnozunu versə də, 2016-cı ilin ağır il olcağını istisna etməyib:
“2016-cı il üçün müəyyən təhlükələr var. Bu səbəbdən Azərbaycan hökuməti gələn ilin büdcəsini təsdiq edərəkən neftin qiymətini 50 dollardan hesablayacaq. Cərəyan edən hadisələrin indidən insanların sosial həyatına təsirləri görünməkdədir.
Nazirlər Kabinetinin son iclasında maliyyə naziri Samir Şərifov yaxın 3 il ərzində Neft Fondundan və dövlət büdcəsindən xərcləmələrin minimum səviyyədə olacağını açıqladı. Nəzərə alaq ki, Dövlət Neft Fondu büdcənin və Azərbaycandakı layihələrin bir nömrəli donorudur. Hazırda Azərbaycanın ən böyük layihələri neft-qaz layihələridir. Deməli,bunlar həyata keçiriləcək, digər layihələr təxirə salınacaq. Yaxud da minimum tələblərlə həyata keçiriləcək. Başqa bir şey olmayacaq.
Ona görə də bu, özünü tikinti sektorunda, infrastruktur layihələrində göstərəcək. Hökumət effektiv vəsaitlərdən istifadə etmək məsələsini əsas götürməlidir. Hələ ki, büdcə vəsaitlərinin effektiv təsirlərini görümürük. Çünki, büdcə vəsaitlərinin effektiv istifadəsi mexanizmin eyni zamanda həyata keçməsi zamanı baş verir.
Hökumət növbəti ildə hər şeyə əvvəlki qaydada ancaq özü nəzarət edəcəksə, burada heç bir effektivlikdən danışmaq olmayacaq. O, əlindəki resursların xarici investorların ölkəyə cəlb edilməsi üçün ortaya qoymalıdır. Görünür hər şey üçün zamana ehtiyac var. Amma zaman gözləmir..”.