“Bankların dollarla kredit verməsi valyuta prinsiplərinə ziddir”
Mərkəzi Bankın gözlənilmədən manatın devalvasiyasına getməsi qərarı ilk “töhvə”lərini verməkdədir. Belə ki, hazırda kredit götürmək üçün kommersiya banklarına müraciət edən müştərilərə kreditlər yalnız dollarla təklif edilir. Etiraza isə lüzum yoxdur. Çünki birmənalı şəkildə istəyiniz reallaşmayacaq.
"Xeberinfo.com": Məlumata görə, iqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında bunun valyuta normalarına zidd olduğunu bildirib: “Kommersiya bankları kreditləri valyuta normasına uyğun olaraq təklif etməlidirlər. Təbii ki, bankın milli valyuta daxil olmaqla bütün valyuta ehtiyatlarının 60 faizini xarici valyuta təşkil edirsə, o zaman verilən kreditlərin 60 faizi məhz xarici valyuta ilə təklif edilməlidir. Qalan 40 faizin manatla təklif edilməsi isə məcburidir.
Hazırda valyuta normasının hansı səviyyədə olmasına baxmayaraq Azərbaycan kommersiya bankları öz kreditlərini dollarla təklif edirlər. Bu da valyuta normalarının prinsiplərinə ziddir”.
Mütəxəssis qeyd edib ki, bu addımı atmaqla bir növ öz risklərini azaltmağa çalışırlar:“Banklar dollarla kredit təklif etməklə sanki öz risklərini sığortalamağa çalışırlar. Əslində kreditin dollarla təklif edilməsi bankların kreditlərinin risklərinin sığortalanması anlamına gəlmir. Çünki nəzərə almaq lazımdır ki, manatın məzənnəsi yumşaldıqca, vətəndaşlar dollarla olan kreditləri ya qaytara bilmir, ya da qaytarmaqda çətinlik çəkir.
Əslində manatın devalvasiyasından sonra dollarla kredit götürənlərin bir qisminin aylıq ödənişlərini ödəməkdə çətinlik çəkdiyini görürük. Bu gün aparılan monitorinqlər də göstərir ki, vətəndaşların ödəmə qabiliyyəti kəskin aşağı düşüb.
Bu baxımdan, əslində öz risklərini sığortalamaq istəyən kommersiya bankları yeni bir risk formalaşdırır. Nəticə etibarilə problemli kreditlərin sayı artır. Bu, birmənalı şəkildə doğru yanaşma deyil. Praktik olaraq kommersiya bankları manat və dollar normasına uyğun olaraq kreditləri təklif etməlidir.
Bura ABŞ və ya onun hər hansı bir ştatı deyil. Biz Azərbaycanda yaşayırıq. Bu təkliflər vətəndaşın seçim imkanını məhdudlaşdırır. Çünki onların öz istəklərinə uyğun krediti manatla götürmək hüququ var. Kreditlərin yalnız dollarla təklif edilməsi diskriminasiyaya səbəb olur. Bu isə vətəndaşların milli valyuta ilə kredit götürməsinə imkan vermir”.
Vüqar Bayramov baş verənlərə görə Mərkəzi Bankı ittiham edib:
“Bütün baş verənlərə rəğmən Mərkəzi Bank yenə də seyredicidir. Son aylar ölkədə Mərkəzi Bankın fəaliyyəti hiss olunmur. Təbii ki, fəaliyyət yalnız devalvasiya prosesində hiss olundu. Sanki Azərbaycanda Mərkəzi Bank deyilən bir qurum yoxdur.
Hazırda Mərkəzi Bankın prosesə müdaxilə etməsi və valyuta normasına uyğun kreditlərin bölüşdürülməsinin həyata keçirilməsinin təmin edilməsinə ehtiyac var. Əks halda, bu valyuta diskriminasiyası, vətəndaşların öz milli valyutası ilə kredit götürməsi imkanlarının məhdudlaşdırılmasıdır.
Banklar bununla gələcəkdə baş verə biləcək devalvasiya təhlükəsindən sığortalanmaq üçün bu addımı atır. Amma baş verənlər banklar üçün ciddi riskin formalaşdırılmasına zəmin yaradır. Banklar hesab edir ki, dollarla verilən kreditləri yeni məzənnə ilə hesablamaqla daha çox mənfəət əldə edəcəklər. Bu, tamamilə yanlış yanaşmadır.
Banklar düşünməlidir ki, devalvasiyaya gedilibsə və ya gələcəkdə yenidən bu cür proses baş verəcəksə, belə müştərilərin ödəmə qabiliyyətinin aşağı düşməsi və problemli kreditlərin sayının artması ilə nəticələnəcək”.