Azərbaycan Ağır Atletika Federasiyası yüksək məbləğdə cərimələndi
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 50 min dollar cərimələnib
Yenixeber.org: AAAF Hakimlər Kollegiyasının üzvü, olimpiya kateqoriyalı hakim Vahid Nəzərovun Report-a verdiyi məlumata görə, müvafiq qərar Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) ABŞ-ın Anahaym şəhərində keçirilmiş Konqresində qəbul olunub.
Bu cərimə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağırlıqqaldıranlarının dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən 9 ölkəyə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukraynaya şamil olunub. Onlar 50 min dollar cəriməni ödəyəcəkləri təqdirdə, cəza müddətləri 1 ildən 8 aya endiriləcək. Nəticədə bu ölkələr gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq dünya çempionatında təmsil olunacaqlar. Cəriməni ödəməyən ölkə üçün isə cəza müddəti bir il olacaq.
Azərbaycan Yeniyetmələr Olimpiadasına 1 lisenziya qazanıb. Buenos-Ayresdəki yarışda təmsil olunmaqdan ötrü bu cərimə ödənilməlidir. Bu gün Anahaymda start götürəcək dünya çempionatında isə 9 ölkənin heç biri iştirak etmir.
IWF-in digər qərarına əsasən, dopinq-testdən keçə bilməyən ağırlıqqaldıran ilk dəfə bu halla üzləşəcəyi təqdirdə 4 il, ikinci dəfə isə 8 il müddətinə diskvalifikasiya olunacaq. Ömürlük cəza isə ləğv olunub.
Bundan başqa, ağırlıqqaldırma üzrə olimpiya çəki dərəcələrinin sayı 15-dən (8 kişi, 7 qadın) 14-ə (7 kişi, 7 qadın) qədər azaldılıb. Digər yarışlar, o cümlədən, Avropa və dünya çempionatları üçün çəki dərəcələrinin sayı isə 20-yə (10 kişi, 10 qadın) çatdırılıb.
AAAF-ın mətbuat katibi Kənan Məstəliyev Report-a açıqlamasında IWF-in Konqresindəki qərarlar barədə rəsmən məlumatlandırılmadıqlarını bildirib. O deyib ki, 50 min dollar cərimə hələ 1 illik diskvalifikasiya olunmalarına dair qərar çıxarıldığı vaxt kəsilib. Qurum rəsmisi həmin cəzanın yüngülləşdirilməsi və digər qərarlardan xəbərsiz olduqlarını əlavə edib.
Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranlarından Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.