Azyaşlı qızları zorlayan əcnəbi baş məşqçi Azərbaycan millisindən qovulacaqmı?
Elnur Əşrəfoğlu: “Məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”
Xeberinfo.com: Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaxer azyaşlı qızları zorlamaqda ittiham olunur. Bu barədə Avstriya mətbuatı məlumat yayıb. Məlumata görə, artıq bununla bağlı istintaq işi də açılıb.
56 yaşlı əcnəbi məşqçini qarşıda nə gözləyir? Cüdo Federasiyasının onunla bağlı qərarı bundan sonra necə olacaq?
Avstriya mətbuatının yazdığına görə, əgər məşqçiyə qarşı ittihamlar sübut olunarsa, onu 10 illik həbs cəzası gözləyir.
Hüquqşünas Müzəffər Baxışın musavat.com-a verdiyi açıqlamaya görə, əcnəbi məşqçi cinayət əməllərini harada törədibsə, elə həmin ölkədə də buna hüquqi qiymət verilməlidir: “Əgər həmin ölkədə cinayət məsuliyyətinə cəlb edilməsə, azyaşlı uşaqları zorlamaq ittihamı ilə Azərbaycan Cinayət Məcəlləsinin 12.2-ci maddəsi imkan verir ki, o, bizim CM-nin 149.3.3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsin və onun cəzalandırılması üçün lazımi tədbirlər görülsün”.
Hüquqşünasın sözlərinə görə, baş məşqçinin yenidən öz vəzifəsində fəaliyyət göstərə bilməsi ona təyin edilən cəzadan asılı olacaq: “Əgər cəza təyin ediləndə onun məşqçilik fəaliyyəti ilə məşğul olması qadağan edilsə, müəyyən müddət ərzində bundan məhrum olacaq. Lakin həmin müddət bitdikdən sonra cinayət məsuliyyətinə cəlb olunduğu ölkədə bir məhdudlaşdırılma olmazsa, öz fəaliyyətinə davam edə bilər. Azərbaycanda da ona təyin edilən bu əməlinə görə maddənin sanksiyasında müəyyən peşə ilə məşğul olmağın qadağan edilməsi ilə bağlı cəza nəzərdə tutulmayıb. Yəni, həbsdən çıxandan sonra yenidən öz fəaliyyətini davam etdirə biləcək”.
Onun yenidən millimizin baş məşqçisi kimi çalışması məsələsinə gəldikdə isə, Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlu mətbuata açıqlama verərək, bildirib ki, məsələyə hüquqi qiymət verilənədək gözləyəcəklər.
Onun sözlərinə görə, federasiya avstriyalı baş məşqçini sırf cüdo mütəxəssisi olduğu üçün bu posta təyin edib və onunla Rio Olimpiadasının sonunadək şərti anlaşıb: “Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”.
E.Əşrəfoğlu həmçinin bildirib ki, Peter Zayzenbaxer məhkəmə ifadəsində ona qarşı irəli sürülən ittihamları rədd edib və deyib ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək.
Xatırladaq ki, P.Zayzenbaxer 2012-ci ildə millimizin baş məşqçisi olub, 2014-ci ildə vəzifəsindən kənarlaşdırılıb. 2015-ci ildə o, yenidən Azərbaycana dəvət olunub və milliyə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Azərbaycan komandası Rio Olimpiadasında 2 gümüş medal qazanıb.
Onun iki azyaşlı qıza seksual xarakterli hərəkətlər etdiyi iddia olunur. Məlumata görə, həmin qızlardan birinin polisə müraciətindən sonra bu barədə istintaq başlayıb. İstintaq müəyyən edib ki, avstriyalı baş məşqçi Vyananın idman klublarından birində çalışarkən bir neçə uşağı seksual zorakılığa məruz qoyub.
Onu da qeyd edək ki, Qərb dövlətlərində haqqında belə iddialar irəli sürülən şəxsi bir an belə, ölkənin milli komandasının başında saxlamazdılar. Reputasiyası ləkələnmiş belə bir şəxs dərhal millinin baş məşqçisi postundan qovulardı.
Hətta Qərb ölkələrində belə ittihamlarla üzləşmiş şəxslər iddiaların doğru olmadığını sübut etmək üçün özləri istefa verirlər. Günahsızlıqları sübut olunduğu haldasa, təzminat davası açırlar.