Nemtsovu güllələyənlər tapılmadı
Rusiya hüquq-mühafizə orqanları müxalifət lideri Boris Nemtsovu güllələyənləri isti izlərlə tapa bilməyib.
"Xeberinfo.com": Məlumata görə, Daxili İşlər Nazirliyindən bildirildiyinə görə siyasətçiyə atəş açanların maşını müəyyən edilib, killerlər “Ford” markalı (ya “Focus”, ya “Mondeo” ) avtomobildə olublar. Avtomobilin nömrəsi müəyyən edilib və axtarışa verilib.
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hakimiyyət bu qətlə görə reputasiyasının zərbə alacağından narahat deyil. Onun sözlərinə görə, qətl barədə prezident dərhal məlumatlandırılıb. Putin cinayətin üstünün açılması üçün FTX-yə, DİN-ə və İstintaq Komitəsinə təcili tapşırıq verib, istintaq qrupu yaradılmasını və qətlin araşdırılmasının xüsusi nəzarətə götürülməsini tapşırıb. Bununla belə mətbuatda Putinin qətlin araşdırılmasını şəxsi nəzarətinə götürdüyü barədə yayılmış məlumatlar doğru deyil.
Mətbuat katibi deyib ki, bu dəhşətli qətlin sifarişli xarakter daşıdığına dair bütün əlamətlər var və hadisə böyük təxribata oxşayır. Belə ki, Nemtsov Rusiya rəhbərliyinə qarşı müxalifətdə olub. “Lakin mən qətiyyən razı deyiləm ki, bu qətl hakimiyyətin reputasiyasına zərbə vuracaq. Biz Nemtsovun xatirəsinə bütün hörmətimizi ifadə etməklə yanaşı bildiririk ki, o, siyasi planda hakimyyətə hər hansı təhlükə təşkil etmirdi, o cümlədən prezident Putinə qarşı. Əgər biz Putinin reytinqini və digər amilləri nəzərə alsaq görərik ki, Nemtsov onun üçün orta statistik vətəndaşdan o yana deyildi”-Peskov bildirib.
Məlum olub ki, Nemtsov qətlə yetirilərkən Kiyevdən olan 23 yaşlı model Anna Duritskaya ilə birlikdə “Bolşoy Moskvoreçskiy” körpüsü ilə həmin qızla birlikdə piyada gedirmiş. İlkin məlumatlara görə Nemtsov və Duritskaya Moskva Mərkəzi Univermağından yerli vaxtla təxminən saat 23 radələrində çıxıb və Bolotnoya meydanına tərəf gedib. Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, killerlər siyasətçini izləyiblər. “Nemtsovun marşrutu müəyyən edilib. O və sevgilisi Mərkəzi Univermaqdakı restoranda şam ediblər, bundan sonra gəzintiyə çıxıblar. Belə görünür ki, onların arxasınca univermaqdan düşüblər. Killerlərin ortaqlarındna biri onların hara getdiyini qatillərə bildirib. Siyasətçi qızla birlikdə Qırmızı meydanı keçib və Vasilyevsk enişinə tərəf yollanıb. 200 metr gedəndən sonra xarici markalı avtomobil onlara yaxınlaşıb və killer siyasətçiyə yaxın məsafədən atəş açıb, bundan sonra həmin maşınla aradan çıxıb”-mənbə bildirib.
Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, bu qətl diqqətlə planlaşdırılıb və peşəkarlar tərəfindən həyata keçirilib. Qətl düz Kremlin divarına bərkidilmiş videomüşahidə kamerasının altında baş verib. Lakin həmin kameranın hadisəni çəkib-çəkmədiyi məlum deyil. Hadisə yerində kriminalistlər 6 giliz tapıblar. Nemtsova isə dörd güllə dəyib. Güllələrdən biri onun çiynindən dəyib və başını sürətərək keçib, ikincisi ağ ciyərini deşib və iki qabırğasını sındırıb, üçüncüsü düz ürəyindən dəyib. Dördüncü güllə isə qara ciyərini və mədəsini dağıdıb.
Hüquq-mühafizə orqanları Nemtsovun mənzilində də axtarış aparıblar və onun kompüterinin yaddaşını götürüblər. Nemtsovun ailəsinin vəkili deyib ki, Nemtsovun ünvanına sosial şəbəkələrdə təhdidlər gəlirdi və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilmişdi. Lakin heç bir tədbir görülməyib.
Nemtsov martın 1-də müxalifətin Rusiyadakı iqtisadi böhrana qarşı təşkil etdiyi “Bahar” marşında iştirak etməyə hazırlaşırdı. Qətldən sonra aksiya təxirə salınıb.
Rusiyada qərbyönümlü müxalifətin liderinin qətlə yetirilməsinə beynəlxalq reaksiyalar da gəlməkdədir. İlk reaksiya verənlərdən biri ABŞ prezidenti Barak Obama olub. Obama xüsusi bəyanatla çıxış edərək siyasətçinin “qəddarcasına qətlini” kəskin pisləyib. Rusiya hakimiyyətini cinayətlarları tapmaq üçün təcili araşdırma aparmağa çağırıb. Dövlət katibi Con Kerri də Rusiya hakimiyyətinin bu sifarişli qətlə görə məsuliyyət daşıyanları tez bir zamanda tapıb məsuliyyətə cəlb etməyə çağırıb. Digər qərbli siyasətçilər də bu qətlə görə bəyanatlar verməkdədir.
Virtualaz.org