“DEDİ, BOYNUNA ALMASAN SƏNİ ZORLADAÇAĞAM”
Şəmkirə ezam olunmuş “Yeni Müsavat”ın reportyor qrupu Lamiyə Quliyevanın ailə üzvləri ilə görüşüb.
"Xeberinfo.com": Məlumata görə, Lamiyənin bəkarətini pozmaqda ittiham edilərək həbs olunan qohumu Fariz Yusibov baş verənlərdən danışıb.
Lamiyənin xalası oğlu Fariz Yusibovla da görüşdük. O, Lamiyəni zorlamaqda ittiham edilərək həbs olunub. Fariz deyir ki, qətldən sonra Ruslanın Lamiyənin bəkarətini pozduğunu öyrənib: “O vaxt Ruslan haqda eşitmişdim. Bilirdim ki, qızın dalınca qapılarına gedib-gəlirmiş. Ancaq hadisədən sonra bildim ki, qıza təcavüz edibmiş. Bu hadisədən 4 gün sonra, məni 2003-cü il mayın 13-də polisə çağırdılar, Lamiyəni tanımağım haqda izahat aldılar. Mayın 14-də yenidən çağırıb dedilər ki, xalan qızına sataşmısan, mən də yalan olduğunu dedim. Mayın 29-da isə məni həbs etdilər.
İyunun 23-nə kimi əsassız saxladılar. Sonra Cinayət Məcəlləsinin 152 və 221.3 maddələri ilə cinayət işi başlanıldı. İstintaqda dəfələrlə çağırıb dedilər ki, Lamiyəni zorladığını boynuna almalısan. Mən də üzləşdirmə tələb etdim. Vəkilim Sərdar Qasımov çox çalışdı, amma ona da təzyiqlər oldu. Sonra Şəmkirin Arif adlı prokuroru kabinetinə çağırdı, tələb elədi ki, zorlamanı boynuma alım. Dedi, bunu etməsən sənin özünü zorladacağam. Dedim, mənə heç nə edə bilməzsiniz, mən etmədiyim işi boynuma almayacağam”.
F.Yusibovun işinə Şəmkir Rayon Məhkəməsi baxmaqdan imtina edərək Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ona 6 il hökm oxunub. 2007-ci il martın 15-nə qədər həbsdə olub, yerdə qalan 2 il 4 ay isə Goranda açıqtipli cəzaçəkmə müəssisəsində saxlanılıb.
Məhkəmədə isə Nailə Tahirova və Şahin Quliyev adlı “şahidlər” iştirak edib. Onlar prosesə gəlməyib, ifadələrində isə Farizin Lamiyənin bəkarətini pozduğunu qeyd ediblər. Hakim məhkəməyə gəlməyən şahidlərin ifadəsini əsas tutaraq hökm oxuyub.
Lamiyənin qohumu deyir ki, həbsdə ona təkliflər edilib: “Bir mülki geyimli gəlmişdi. Dedi ki, Elpərəst Həsənli və Şahbaz Hüseynovun üzünə dur, buraxılacaqsan. Dedi ki, ədliyyə polisiyəm, məni Aslan Aslanov göndərib. Mən də imtina etdim. Çünki o adamların heç birindən zərər çəkməmişəm. Bu qətlin mahiyyətini dəyişib, namus üstündə olmadığını sübut etmək istəyirdilər. Guya Ruslanın qətlini bu adamlar sifariş verib”.
İstintaq dövründə Vüqarla üzləşdirilən Fariz deyir ki, onu tanımayıb: “Vüqarla bizi üzləşdirdilər. İkinci üzləşdirmədə üzü, burnu qan içindəydi, polislər qoluna qandal vurmuşdu ki, yıxılmasın, bədəni əsirdi. O qədər döyülmüşdü ki, özündə deyildi. Onu məcbur edirdilər ki, Lamiyəni mənim zorladığımı desin. Aslan Aslanov Vüqarın ağzına tapança salıb ki, Farizin üzünə dur. Onun yerində o gündə kim olsa üzümə durmağa məcbur olardı. Amma Ruslanın öldürülməsində Lamiyə ilə Vüqar bir yerdə olsalar da, Vüqara ömürlük iş düşmürdü”.