Kilsələrdə Azərbaycan dili tədris olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsinə başlayıb.
"Xeberinfo.com": Məlumata görə, "Jen Mironosist” Provaslav kafedral kilsəsində müxtəlif millətlərdən olan rusdilli vətəndaşlarımız üçün Azərbaycan dili kurslarının açılış mərasimi olub. Mərasimdə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyi Xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bakı Yeparxiya İdarəsinin katibi Protoiyerey Mefodiy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aynur Bəşirli, kursun müəllimləri, dinləyicilər və KİV nümayəndələri iştirak ediblər.
Rus Provaslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirib. "Rusdilli əhaliyə Azərbaycan dilini tədris etməklə bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq”.
Yeparxiyanın başçısı belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib. Bu layihənin Prezident İlham Əliyevin 30 sentyabr 2002-ci il tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında” imzaladığı Qanundan irəli gəldiyini vurğulayan Bilik Fondunun icraçı direktoru O.Səmədov təklifin gələcəkdə müsbət dəyərləndiriləcəyini deyib.
Konstitusiyasının 21-ci maddəsində "Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur" müddəasını xatırladan icraçı direktor rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək qiymətləndirib.
Layihəyə əsasən, Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsi keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əmək haqları Bilik Fondu tərəfindən ödəniləcək.
Multikultural həyat tərzi ilə tanınan Azərbaycanda daimi, yaxud müvəqqəti yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanların bu sahədə bilik, bacarıqlarının artırılmasına kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaq "Azərbaycan dilini öyrənirik" layihəsinin əsas qayəsini təşkil edir.