Arif Alışanovun məhkəməsi davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səlimə Sadıqova dindirilib.
O bildirib ki, təqsirləndirilən Ş.Əkbərov onun keçmiş həyat yoldaşı olub. S.Sadıqova qeyd edib ki, 2013-cü ildən Ş.Əkbərovdan rəsmi olaraq ayrılıb: "Hazırda təsərrüfatlarımız da ayrıdır".
Şahid digər təqsirləndirilən Z.Şirinovun daha əvvəl onların evlərinə gəlib-getdiyini söyləyib: "Mən Şücayətə öz adımdan etibarnamə verdiyimi xatırlamıram".
S.Sadıqova ifadəsinin davamında deyib ki, keçmiş həyat yoldaşına müəyyən dövrə qədər adından etibarnamə verib: "Şücayətin Gəncə Xəstəxanasında halı pisləşən zaman Hacı da orada idi. Mən isə həmin vaxt Arif Alışanova zəng etməmişəm".
O söyləyib ki, Ş.Əkbərov həbs ediləndən sonra təsərrüfatında olan, lizinqlə aldığı texnikaları Camal Nəbiyev aparıb: "Məni də "Bondatdel"ə apardılar. Camalı da ilk dəfə orada gördüm. Təzyiq altında olduğum üçün Camala etibarnamə verdim. Camal da Arif Alışanovun yaxın adamı idi".
S.Sadıqovanın sözlərinə görə, iş üzrə zərərçəkmiş, A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərov da ona natariusun qabağında təzyiq edib.
D.Cəfərov isə S.Sadıqovaya təzyiq etmədiyini söyləyib.
Daha sonra şahid qismində Ələkbər Əliyev ifadə verib. O söyləyib ki, ov tüfəngini Ş.Əkbərovun evinə öz təşəbbüsü ilə qoyub.
Məhkəmədə şahidin istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqda dindirilən zaman qeyd edib ki, ov tüfəngini ondan Ş.Əkbərov istəyib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.
Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.