Arif Alışanova qarşı dələduzluq və onu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin vəsatətləri təmin edilməyib- YENİLƏNİB
Daha sonra təqsirləndirilən Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət qaldırıb
Yenixeber.org: O, deyib ki, müvəkkili latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün iş materealı ilə tanış olmayıb.
Vəkil buna görə də hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə məhkəmə baxışının təxirə salınmasını istəyib.
Vəsatət təmin edilməyib.
Bundan başqa, təqsirləndirilən Ş.Əkbərovun digər vəkili də vəsatətlə çıxış edib. O, Arif Alışanov və yaxınlarının adına alınan torpaqların alqı-satqısı ilə bağlı 2013-2017-ci il ərzində Şamaxı rayonunda yerləşən notariata sorğu verilməsini istəyib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Ş.Əkbərovun vəkili digər vəsatətində 2013-2016-cı illər arasında A.Alışanovun əmək haqqısı ilə bağlı maliyyə arayışının çıxarılmasını tələb edib. O söyləyib ki, bu illər ərzində A.Alşanovun dövlətdən aldığı əmək haqqı heç 20 min manatdan artıq olmayıb: "O, bu qədər pulu hardan alıb?".
Vəsatət təmin edilməyib.
*** 11:14
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov məhkəmə tərkibinə etiraz edib.
O etirazında bildirib ki, vəkillərinin vəsatətləri təmin edilməyib, qızları məhkəmə tərəfindən kobud şəkildə təhqir olunaraq, məhkəmə zalından çıxarılıb.
Həmçinin təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun iş üzrə zərərçəkmiş qismində tanınan Arif Alışanovla yaxın dost olduğunu qeyd edib.
Məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.
Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.