Bakıya yağ qutularında barıt gətirən şəxs həbs edilib
Rusiyadan Azərbaycana barıt gətirən şəxs hakim qarşısına çıxarılıb. O, ilk məhkəmədən azadlığa buraxılsa da sonradan həbs edilib
Yenixeber.org: İttihama görə, 1964-cu il təvəllüdlü Məmmədov Misir Talıb oğlu 2016-cı ilin fevral ayında Rusiyanın Ulyanovsk şəhərindən aldığı 22,9 kq "Sokol" markalı barıtı qanunsuz olaraq əldə edərək Azərbaycana gətirib.
O, barıtı yağ qutularına yığaraq Xarkov-Bakı qatarına minib. Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib. Azərbyacan ərazisində gömrük işçiləri tərəfindən saxlanılıb.
Misir Məmmədov Cinayət Məcəlləsinin 206.2-cı (partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının... qaçaqmalçılıq yolu ilə gətirilməsi) və 228.1-ci (qanunsuz olaraq oldu silah əldə etmə və gəzdirmə) maddələri ilə təqsirli bilinib, Xaçmaz Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
M.Məmmədov aldığı cəzadan apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin hökmünü ləğv edərək, M.Məmmədovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verib və azadlığa buraxıb.
Bu qərardan isə dövlət ittihamçısı narazı qalıb. Prokuror kassasiya protesti verərək, M.Məmmədov barəsində hökmün dəyişdirilməsini istəyib. Prokruorun kassasiya protestinə əsasən Ali Məhkəmə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, yenidən apellyasiya baxışına göndərib.
Növbəti dəfə işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb. İş yenidən məhkəmədə araşdırılarkən M.Məmmədov deyib ki, "Sokol" markalı ov barıtının gətirilməsinin qanunsuz olduğunu bilməyib.
Amma M.Məmmədov birinci instansiya məhkəməsində deyib ki, gömrük əməkdaşları ondan nə apardığını soruşanda yağ və ərzaq apardığını deyib. Yəni, gömrük işçilərinə yalan məlumat verib. Gömrük işçiləri baxış keçirən zaman isə qutularda barıt olduğunu aşkar ediblər. Məmmədov daha sonrakı ifadəsində isə gömrük işçilərinə qutularda barıt olduğunu özünün dediyini söyləyib.
Şahid qismində dindirilən Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun baş inspektoru Elmin Həsənov təqsirləndirilən şəxsin çantasına baxış zamanı barıtın aşkar edildiyini deyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi bildirib ki, "Sokol" markalı ov barıtı yivsiz odlu ov silahı üçün döyüş sursatının komponentlərindən biridir. Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd olunur ki, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatının əldə edilməsi cinayət tərkibi yaratmır.
Məhkəmə-kriminalistik ekspertizasının rəyinə əsasən aşkar edilən barıt zavod üsulu ilə hazırlanıb, tullayıcı partlayıcı maddələr qrupuna aiddir. Yalnız hamarluləli (yivsiz) odlu ov silahlarının patronlarında atəş komponenti kimi istifadə edilən piroksilinli, lövhəvari "Sokol" markalı tustusuz təyinatı uzrə istifadəyə yararlı olan barıtdır.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ziddiyyətli ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirib.
İşi araşdıran məhkəmə M.Məmmədovun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli və üç uşaq atası olmasını nəzərə alaraq onun barəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi qərarına gəlib.
Məhkəmənin qərarına əsasən M.Məmmədov barəsində Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilib. M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə, 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 1 ilə endirilib. Cəzaları qismən toplamaq yolu ilə M.Məmmədovun üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
M.Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.