“Oazis”dəki kütləvi davanın tam təfərrüatı
Bakının məşhur restoranlarından sayılan “Oazis”də baş verən kütləvi davada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Xeberinfo.com": Binəqədi rayon polis idarəsindən əldə etdiyimiz məlumata görə, xəsarət alanlardan 4 nəfər restoranın ofisiantlarıdır.
APA TV kütləvi davanın eksklüziv görüntülərini də əldə edib.
Kütləvi davada iştirak edən iki nəfər şübhəli şəxs qismində saxlanıb. Xatırladaq ki, dava əvvəlcə restoranda ad günü qeyd edən bir ailənin üzvləri arasında başlayıb. Daha sonra dava salanlar ofisiantı çağıraraq mağazadan onlara spirtli içki almağı tələb ediblər. Bura ailəvi restoran olduğuna görə spirtli içki verilmədiyini deyən ofisiant təhqir olunub. Ofisiantı təhqir edənlərin söyüş söyməsi həmin vaxt restoranda olan digər müştərilərin də ciddi narazılığına səbəb olub.
“Oazis” restoranının baş inzibatçısı Azad Əliyev hadisənin təfərrüatlarını açıqlayıb: “Digər müştərilər bizim administrator otağına yaxınlaşıb şikayət etdilər. Dedilər ki, rəqs meydançasında olan bir nəfər özünü apara bilmir, axı bura ailəvi restorandır. Biz də inzibatçını təlimatlandırdıq ki, həmin müştəriyə yaxınlaşıb, desin ki, belə olmaz”.
Bundan sonra münaqişə daha da qızışıb.
Bir xeyli sonra mühafizəçilər mübahisə edənləri sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çevirməyə başlayıblar.
Ofisiant Rəhman Adıgözəlov APA Tv-yə açıqlamasında hadisəni belə danışıb: “Qədəhi atdılar, üzümə dəydi. Üzümü tutdum, başladılar döyməyə”.
“Oazis” restoranının baş inzibatçısı Azad Əliyev dava salanların söyüş söyməyə başladığını deyib: “Digər masalarda əyləşən qadınlara, qızlara məhəl qoymadan söyüş söyməyə başladılar. Biz həmin adamı çölə çıxaranda digər yoldaşları da ona qoşularaq başqa stollardan çəngəl, bıçaq, əllərinə keçən hər şeyi atdılar. Ofisiantı götürüb hovuza tulladılar. Bu restoranın on illik tarixində belə şey baş verməmişdi”.
Bundan sonra dava salanlar restoran xidmətçiləri və mühafizəçiləri yenidən döyməyə başlayıblar. Restoran rəhbərliyi polisə zəng etmək məcburiyyətində qalıb. Restoranda elə bir vəziyyət yaranıb ki , digər qonaqlar məclislərini yarımçıq qoyaraq restoranı tərk ediblər.
Kütləvi dava nəticəsində restorana ümumilikdə 5000 manatdan yuxarı maddi ziyan dəydiyi bildirilir. Fakt üzrə Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.