Bakıda ər-arvad özünü yandırdı
Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında özünü yandıran şəxslər 5 saylı şəhər xəstəxanasının yanıq mərkəzinə aparılıblar.
"Xeberinfo.com": Virtualaz.org saytı dəqiqləşdirib ki, özlərini yandıranlar ər-arvaddır. Qadının vəziyyəti ağır olduğundan o, reanimasiyadır. Kişiyə isə ilkin tibbi yardım göstərilib: “Kişi dedi ki, məhkəmə onların xeyrinə qərar çıxardığı halda evlərini söküblər. Buna görə də etiraz olaraq özlərini yandıraraq intihar etmək istəyiblər”.
Özünü həyat yoldaşı ilə birlikdə Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlunun bacısı Yeganə Mahmudova hadisənin səbəblərini virtualaz.org saytının hazırda xəstəxanada olan müxbirinə danışıb.
Y.Mahmudova bildirdi ki, qardaşının və onun həyat yoldaşının özlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdən çıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir.
“Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləri olan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı Zeynalabdın Tağıyev (daha çox “Nasosnı” adı ilə tanınır-red.) qəsəbəsində olan həmin evə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunları aldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı. Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindən etibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgilə zərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi.
Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər. Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələb edir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onların əleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə bir addım atacaqlarını gözləmirdik” - deyə Y.Mahmudova qeyd etdi.
Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.
Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu söylədi.
Ailənin 3 yaşlı qız övladından isə xəbər yoxdur. Özünü yandıran Jalə Salahova qızını bacısıgilə qoysa da digər qohumları bundan xəbərsizdir.