Sahibkarı həbs edib bahalı maşınını əlindən aldılar -"MTN İŞİ"
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin 1-ci idarəsi 3-cü şöbəsinin rəis müavini, polkovnik Azər Mehdiyev ibtidai istintaqa ifadə verib.
Yenixeber.org: Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, Azər Mehdiyev ifadəsində 1996-cı ildən keşmiş MTN-də müxtəlif vəzifələrdə işlədiyini göstərib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə 250 min dollar tələb edib, 120 min dollarını ələ keçirməsi epizodu üzrə dindirilərkən A. Mehdiyev ifadəsində Mark adlı tanışının ona Maqsudla aralarında olan torpaq mübahisəsinin həllində köməklik etməsini xahiş etdiyini göstərib.
İlqar Əliyevin tapşırığına əsasən, 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu MTN-ə dəvət edib, iş otağında onunla söhbət aparıb. Söhbət zamanı M. Mahmudov bu məsələni həll edəcəyinə söz verib.
A.Mehdiyev ifadəsində həmçinin Maqsud Mahmudovun Antiterror Mərkəzinə dəvət olunması barədə İlqar Əliyevin ona göstəriş verdiyini göstərib: “Məsələdən baş idarənin rəisi Elçin Quliyevin də məlumatı olub. Maqsudla bağlı Mərkəzin əməkdaşı Ayaz Gərayzadə mənə zəng vuraraq kömək etməyimi xahiş etdi, Maqsud “İAMAS”ın işçi yerindən “qadağandır” statusunun qeyri-aktiv edilməsi ilə bağlı ona müraciət etmişdi. Mən də bu barədə İlqar Əliyevlə danışdım, həmin statusun ləğv olunması ilə bağlı məktubun nömrəsini Maqsuda verdim”.
Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilmələri, ona məxsus 30 min dollar məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə dindirilən Azər Mehdiyev törətdiyi cinayət əməlini faktiki olaraq etiraf edib. İfadəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında İlqar Əliyevin onu xidməti otağına dəvət etdiyini, oraya gəldikdə adının sonradan Mahirə Süleymanova olduğunu bildiyi qadının orada olduğunu görüb. İ. Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz alınaraq qaytarılmadığını, ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməsini tapşırıb: “Mahirə Süleymanova ilə birlikdə otaqdan çıxdım, ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisənin həlli ilə bağlı Mahirə öz tanışının əvəzinə özünə məxsus olan “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib”.
A.Mehdiyevin ifadəsinə görə, qeyd edilən məsələ ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində mülki iddianın olması barədə məlumatı olub: “Mahirənin yazdığı ərizənin icrası Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Bundan sonra ərizə ilə əlaqədar 2015-ci ilin təxminən oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim. Onu MTN-ə dəvət etdim. Yalçın Abdullayev də bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm. Araşdırma zamanı qeyd edilən avtomobillə bağlı Binəqədi Rayon Məhkəməsində mülki işin olması bir daha təsdiq olundu. Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi və onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Sahib Əliyev də Yalçın Abdullayevin ona 30 min dollar məbləğində borcunun olduğunu, həmin pulu aldıqdan sonra avtomobili Mahirəyə qaytara biləcəyini söylədi. Yalçın da İlqar Əliyevin yanında həmin pulu Sahibə qaytaracağına söz verdi.
Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağı razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.
Təqsirləndirilən şəxs bildirib ki, eyni zamanda İlqar Əliyev ondan avtomobilin Binəqədi Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən təhvil alınaraq saxlanca yerləşdirilməsini təşkil etməsi ilə bağlı MTN-in Binəqədi Rayon İdarəsinin sabiq rəisi Rafiq Səfərova göstəriş verməsini istəyib: “Mən də bununla bağlı Rafiq Səfərovla danışdım və İlqar Əliyevin dediklərini ona çatdırdım. Növbəti gün Sahib Əliyevə zəng vuraraq avtomobilin təhvil verilib-verilməməsi ilə maraqlandım. Həmin gün avtomobil saxlanca təhvil verildi”.
Azər Mehdiyevin sözlərinə görə, hadisədən bir neçə gün sonra İlqar Əliyev onu yanına çağırıb və avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qoyulduğunu deyib: “İlqar Əliyev bu məsələnin həll edilərək avtomobilin Mahirəyə qaytarılmasını təmin edilməsi ilə əlaqədar Rafiq Səfərovla təkrar danışmağımı tələb etdi. Mən də Rafiq Səfərova zəng edərək İlqar Əliyevin dediklərini olduğu şəkildə ona çatdırdım”.
Təqsirləndirilən şəxs bildirib ki, proseslərin gedişatının mütəmadi olaraq Elçin Quliyevə məruzə edilməklə nəzarətdə saxlanıldığını bilib.
MTN əməkdaşı Malik Mustafayevin intihar etməsi faktı ilə bağlı ifadə verən Azər Mehdiyev deyib ki, bu barədə 2014-cü ilin noyabr ayında eşidib: “İtiharın səbəbi barədə maraqlanmamışam, bu barədə məlumatım olmayıb. Mətləb Mustafayevi Antoterror Mərkəzinin 1003 saylı otağında İlqar Əliyevin yanında görmüşəm. Amma Mətləb Mustafayevlə İlqar Əliyevin nə barədə söhbət etmələrini bilməmişəm. Mətləb Mustafayevlə İlqar Əliyevi görən zaman otaqda vəkil olmayıb”.
Məlumat üçün bildirək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.