Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Akif Çovdarovun kürəkəni dindirildi -"MTN İŞİ"

covdarovLəğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general Akif Çovdarovun məhkəməsində kürəkəni Rövşən Qasımov da dindirilib. O, Biləcəri bələdiyyəsindən aldığı 6 sot torpaq haqqında danışıb.

Xeberinfo.com:   Həmin bələdiyyənin keçmiş sədri İlham Xəlilov Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınıb. İttihama görə, Akif Çovdarov ondan 100 min, Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Elman Salmanovdansa 150 min manat alıb.

“Çovdarovun bağının birinci mərtəbəsini sən tikdirməlisən”

Akif Çovdarov bunu təkzib edir. Elə Elman Salmanov da onunla nə danışdığını, nə ona pul verdiyini deyir. Elman Salmanovun sözlərinə görə, İlham Xəlilov gəlib ona generalın pul tələb etdiyini deyib və Çovdarova vermək adıyla 150 min manatı alıb aparıb.

Elman Salmanov yanvarın 16-dakı məhkəmə iclasında deyib bu sözləri və İ. Xəlilovun ondan 150 mindən əlavə 16 min manat götürdüyünü də bildirib: “16 min məsələsini istintaqda da dedim, amma yazmayıblar. İlham Xəlilov dedi ki, Novxanıda Akif Çovdarovun bağ evinin birinci mərtəbəsini mən tikdirməliyəm, qalan mərtəbələri də İlham Xəlilovun özü. Məndən də material almağa 16 min istədi, verdim”.

Elman Salmanov bağ evinə görə pulu 2008-ci ildə verdiyini desə də, Akif Çovdarov Novxanıdakı bağının 2005-də tikilib qurtardığını söyləyib.

Elman Salmanov dəymiş ziyanı, ilk növbədə, İlham Xəlilovdan istədiyini də vurğulayıb.

Akif Çovdarovun yaxın adamı indi onun əleyhinə danışır

Akif Çovdarovun kürəkəninə gəlincə, İlham Xəlilov deyib ki, generalın təzyiqi ilə Rövşən Qasımova torpaq verib.

Rövşən Qasımov onun yalan danışdığını bildirir: “Düzdür, İlham Xəlilova müraciət edib, torpaq sahəsi almaq istədiyimi demişəm. Amma bu məsələnin Akif Çovdarova aidiyyəti olmayıb. Torpaq alınan ərəfədə sənədlərdə problem vardı, həm də ərazini bəyənmədim. Mən atamgilə bağ evi tikdirmək istəyirdim. Amma ora yaşıllıq idi, ona görə tikinti mümkünsüz idi. Ona görə bu işi görmədik. Akif Çovdarov həbs olunanda İlham zəng elədi ki, bu məsələyə görə Biləcəri bələdiyyəsində yoxlamalar başlanıb”.

Akif Çovdarovun kürəkəni deyir ki, torpağın onun adına olmasına dair heç bir sənəd olmayıb: “Torpaq mənim adıma olsaydı, niyə qaytarırdım?”.

İlham Xəlilov isə iddia edir ki, torpaq sahəsinin çıxarışı var və Rövşən Qasımovun adınadır, üstəlik, gələn məhkəmədə təqdim edə bilər.

Akif Çovdarovun kürəkəni ilə yanaşı, vəkilləri də belə bir çıxarışın olduğunu təkzib ediblər.

Məhkəmədə dindirmələr zamanı o da məlum olub ki, Akif Çovdarovla İlham Xəlilov sonradan yaxın olublar, əks halda generalın təşkil elədiyi məclislərə qatılmazmış.

İndi isə əleyhinə ifadə verdiyindən, Akif Çovdarovu hiddətləndirib: “Təəssüf ki, generalları belələri ilə üz-üzə qoyublar”.

Akif Çovdarov, eləcə də MTN-də onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun məhkəməsi yanvarın 18-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam