Çovdarov bələdiyyə sədrlərini necə soyub?
Xeberinfo.com: Ləğv edilmiş MTN-in alt-üst edilməsindən, bu sistemin ən qəddar siması kimi ad çıxarmış Akif Çovdarovun həbsindən az sonra virtualaz.org bir vaxtlar adı gələndə nazirlərdən tutmuş xırda sahibkara qədər hər kəsin qorxduğu generalın obyektinə girə bilmişdi. Bu, həmin vaxtlar idi ki, mətbuatda Çovdarovun gizli həbsxanaları haqda məlumatlar baş alıb gedirdi və belə gizli həbsxalarından birinin generalın Masazırdakı nəhəng istixana kompleksinin ərazisində ola biləcəyi haqda söz-söhbətlər var idi.
Virtualaz.org saytının əməkdaşları 10 hektarlıq ərazidə yerləşən həmin istixananı tapıb ələk-vələk eləsə də gizli həbsxanaya rast gəlməmişdilər. Ancaq əvəzində generalın pomidor biznesi haqda xeyli maraqlı nüansları öyrənə bilmişdik.
İndi məlum olur ki, Çovdarovun Masazırda, “Zəli gölü”nün yaxınlığında yerləşən hektarlarla əraziyə malik nəhəng istixana kompleksi ilə yanaşı daha 10 hektar torpağı da ələ keçirməyə çalışıb. Habelə Biləcəri və Binəqədi bələdiyyəsinin sədrlərini də əməlli-başlı “yolub”, onlardan yüz minlərlə manat alıb.
Beləliklə, MTN işi üzrə aparılmış istintaqda ifadə verən Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov Çovdarovun onları necə soyduğunu, üstəlik bələdiyyə torpaqlarını hədə-qorxu ilə ələ keçirdiyini danışıblar.
Çovdarov bələdiyyə sədrinə keçmiş polis Adil Yaqubovla xəbər göndərir
İlham Xəlilovun bildirdiyinə görə 2008-ci ilin martında tanışı Adil Yaqubov xəbər çatdırdı ki, Akif Çovdarov onunla görüşmək istəyir. Bu, həmin Adil Yaqubovdur ki, Akif Çovdarovla polisdə bir yerdə işləyib, sonradan pensiyaya çıxıb və Çovdarovun Masazırdakı istixanasını idarə etməyə başlayıb. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovayaməxsus “Bəhrə-2010” MMC-nin direktorudur, hansı ki, həmin MMC Masazırdakı istixanada tərəvəz yetişdirməklə məşğuldur.
Bələdiyyə sədri təbii ki, o dövrün mətbuatında ən qorxunc MTN-çilərdən biri kimi tanınan Çovdarovun mesajını qulaqardına vura bilməzdi və xəbəri alan günü ertəsi MTN-in inzibati binasına yollanır. Çovdarov bələdiyyə sədri ilə görüşür və az sonra mətləbə keçir: “Sən 100 min verəcəksən, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov isə 150 min verməlidir”.
İlham Xəlilov
Əcaba, Çovdarovda bu nə humanistlik? Nəyə görə Biləcəri bələdiyyəsinin sədrinə Binəqədi bələdiyyəsinin sədrinə nisbətən 50 min manat az haqq kəsir?
Heç demə Biləcəri bələdiyyəsinin sədri bir il əvvəl Çovdarovun qohumuna 5-6 sot torpaq sahəsini hədiyyə edib və general bu yaxşılığı unutmayıb, ona nisbətən az məbləğ deyib
“Səni də Məcnunun gününə salarıq…”
Bələdiyyə sədri etiraz etmir, pulu düzəltməyə çalışacağını deyib vaxt istyəyir və MTN-dən ayrılır. Aradan bir neçə gün keçmiş Adil Yaqubov ona zəng vurub deyir ki, Rəsulzadə qəsəbəsinə gedən yolun kənarında görüşmək lazımdır. Görüşə gedən İ.Xəlilov görür ki, A.Yaqubov tək deyil, Çovdarov özü də gəlib. Qısa söhbətdən sonra Çovdarov xəbərdarlıq edir ki, bələdiyyə sədrləri təyin olunmuş məbləği ödəməlidir, başqa yolları yoxdur. “Rəsulzadə bələdiyyəsinin sədri Məcnunun aqibətini bilirsən, bu aqibət sizi də gözləyir”-deyə Çovdarov lap “Qarlı aşırım” filminin Kərbəlayı İsmayılı kimi onu hədələyir.
Məcnunun aqibətinə gəldikdə onu Çəmənkəndli Abdulla kimi doğrayıb quyuya atmamışdılar, sadəcə olaraq rüşvət və qanunsuz torpaq satmaq ittihamı ilə həbs etmişdilər. Və istənilən bələdiyyə sədrini bu kimi ittihamlarla tutmaqda heç bir problem yox idi-fakt nə qədər desən tapılar.
Üç hərfli nazirlik…
Həmin görüşdən bir neçə gün sonra Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov Biləcəridən olan həmkarına zəng vurur. Telefonlarının dinlənildiyini təxmin etdiyindən qorxub MTN-in və Çovdarovun adını telefonda çəkmir. “Sənə üç hərfli nazirlikdən zəng olub?”-Salmanov həmkarından soruşub. “Hə, olub”-Biləcəri bələdiyyəsinin sədri acizanə səslə cavab verir.
Ertəsi gün iki bələdiyyə sədri görüşür. E.Salmanov deyir ki, cəmi 90 min manat düzəldə bilib. “Götür, Çovdarova çatdır, bizdən əl çəksin” deyir. İ.Xəlilovun bildirdiyinə görə o da təyin olunmuş məbləğin yarısını-cəmi 50 min manat düzəldə bildi. Bu pulu da qaynatasından borc almışdı.
Beləliklə, iki bələdiyyə sədri Çovdarovun təyin etdiyi məbləğdən xeyli az-cəmi 140 min cəmləyə bilir. İ.Xəlilov həmin pulu götürüb gedir Rəsulzadə-Biləcəri yolunun kənarına, Çovdarovun biznesini fırladan keçmiş polis işçisi Adil Yaqubova çatdırmağa. Ancaq Yaqubov pulu götürməyə özü gəlmir, Çovdarovun sürücüsü Nurxanı və başqa bir şəxsi göndərir. Təyin olunmuş yerə çatan bələdiyyə sədri yarım saat gözləyir, ona qara “JEEP” yaxınlaşır. Sürücünün yanında oturmuş 40-45 yaşlarında şəxs düşür, bələdiyyə sədrinin maşınına oturur. Çovdarova zəng vurub dəstəyi danışmaq üçün sədrə verir. Çovdarov tapşırır ki, pulu həmin adama versin. Bələdiyyə sədri deyildiyi kimi edir, 140 min manatı adını bilmədiyi həmin adamla Çovdarova göndərir.
Bəs qalan 110 min?
Aradan bir az keçmiş A.Yaqubov ona zəng edib soruşur: “Bəs qalan pulu nə vaxt verəcəksiniz?”. Xəlilov deyir ki, payına düşən məbləğdən qalan 50 min manatı 1 aya düzəldib verəcək. Təxminən 1 ay sonra Yaqubov ona zəng vurur, verilmiş vaxtın başa çatdığı haqda xəbərdarlıq edir. Bələdiyyə sədrləri bundan bir neçə gün sonra qalan 50 mini və 60 mini də tapıb cəmləşdirirlər. 110 min manat bu dəfə Yaqubovun vasitəsiylə Çovdarova ötürülür.
“Zəli gölü”nün sahilində 10 hektar
Lakin iki bələdiyyə sədri Çovdarova cəmi 250 min manat verib canlarını qurtardığını düşünürdülərsə 2014-cü ildə məlum olub ki, bərk yanılıblar. 2014-cü ilin sonlarında Çovdarov İ.Xəlilova zəng vurur. Əmr edir ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bu torpaq məsələsi ilə bağlı sonradan Çovdarov və Yaqubovla İ.Xəlilov arasında dəfələrlə telefon danışıqları olub. Çovdarovun dediyi torpaq sahəsi bundan əvvəl Binəqədi bələdiyyəsi tərəfindən 3 nəfər ayrı-ayrı şəxsin adına verilmişdi. İndi həmin şəxslərlə razılıq əldə edib torpağı geri almaq və Çovdarovun adamının adına rəsmiləşdirmək lazım idi.
Bələdiyyə sədri generala “atır?”
Əhvalatın bu yerində deyilir ki, Yaqubov həmin torpaq sahəsinin sahibi olan 3 nəfər çatdırmaq, onların razılığını almaq üçün 10 min manatı Xəlilova verir. Lakin sənədləşmə 5-6 ay uzanır. Çünki həmin torpaq sahəsini bələdiyyə 2000-ci ildə verdiyi qərarla ayırmışdı və yenidən sənədləşmə çətin idi.
Nəticədə Çovdarovun adamı hökm verir ki, bələdiyyə sədri 10 min manatın üstünə də 10 min qoyub ona (onun qismində Çovdarova) verməlidir. Bələdiyyə sədri 20 mini bir neçə gün sonra düzəldir. 2014-cü ilin yayında, bazar günlərinin birində Çovdarov Adil Yaqubovun vasitəsilə bələdiyyə sədrini gözdən uzaq məkana-Masazırdakı istixanaya çağırır. Xəlilov cibində 20 min manat yollanır Çovdarovun istixanasına. Həmin 20 min manatı Çovdarovun stoluna qoyur, lakin general pula heç baxmır, başlayır bələdiyyə sədrini söyməyə, təhqir etməyə.
20 min oldu 120 min
General bağıraraq ona deyir: “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram”. Və təbii ki, bu xəbərdarlıq bələdiyyə sədrinin ünvanına burada yazılması mümkün olmayan ağır söyüşlərlə müşaiyət olunur. Çovdarov əlavə edir: “İndi sən işi gecikdirdiyin üçün mənə 20 min yox, 120 min verməlisən!”
Çovdarov bələdiyyə sədrini xeyli söyüb-təhqir etdikdən sonra o, Adil Yaqubovla çölə çıxır. Yaqubov ona xəbərdarlıq edir ki, Çovdarovla zarafat etmək olmaz, dedisə deməli 120 min manat çatdırılmalıdır. Bələdiyyə sədri yenə də ondan vaxt istəyib gedir. Dediyinə görə, sonradan Yaqubov ona tez-tez zəng vurub 120 min manatı çatdırmağı tələb edirmiş. Nəhayət bələdiyyə sədri razılaşır ki, Çovdarova 80 min manat versin, məbləğin qalan hissəsini torpaqla ödəsin.
Çovdarovun arvadına və kürəkəninə torpaq sahələri
İstixanadakı görüşdən təxminən 10 gün sonra bələdiyyə sədri “borc-xərc” 40 min manat düzəldir, gətirib Çovdarovun istixanasında ona zəng vurur, pulu gətirdiyini deyir. Çovdarov kimisə göndərir və pulu qəbul edir. Bir müddət sonra dha 20 min manat düzəldir və eyni qayda ilə çatdırır. Habelə Biləcəri qəsəbəsi ərazisində Çovdarovun arvadı İbadət Çovdarovanın adına 560 kvadratmetrlik torpaq sahəsi, kürəkəni Rövşən Qasımovun adına 2014-cü ilin sentyabrında 6 sot torpaq sahəsi verir.
İstintaq Bilcəri bələdiyyəsinin sədrini Çovdarovla üzləşdirib. Üzləşdirmədə bələdiyyə sədri bu danışdıqlarını bir daha Çovdarovun üzünə danışıb. Binəqədi bələdiyyəsinin sədri isə deyib ki, 2008-ci ilin aprelində həmkarı İ.Xəlilov ona zəng vurub, təcili yanına gəlməyi xahiş edib. Həmin gün axşam saatlarında bələdiyyə sədrləri görüşüblər. Xəlilov həmkarına əhvalatı danışıb, Çovdarovun ondan 100 min, Salmanovdan 150 min istıdiyini bildirib. Xəbərdarlıq edib ki, pulu verməsələr qara maskalılar gəlib onları MTN-ə aparacaq.
Binəqədi bələdiyyəsinin sədri qorxuya düşüb, qardaşı oğlu Zakirə zəng edərək kömək istəyib. Zakir cəmi bir il əvvəl aldığı “Rang Rover”i 90 min manata sataraq əmisinə verib. Salmanov həmin pulları Çovdarova çatdırmaq üçün İ.Xəlilova verib. Qalan 60 min manatı isə evdəki qızıl-zinət əşyalarını sataraq və üstünü “evdə olan pulla” düzəldərək generala göndərib.
İstintaq Çovdarovun adamını-Adil Yaqubovu da bu epizod üzrə dindirib, o, deyilənləri rədd edib, bələdiyyə sədrlərinin Çovdarovun həbsindən istifadə edib onun üzünə durduqlarını deyib. Lakin İ.Xəlilovla Yaqubov arasında üzləşdirmə zamanı sonuncu yuxarıda deyilənləri təkzib edə bilməyib.