Çovdarovun bütün əmlakına həbs qoyulub
“Həbsdəki generalın bütün varidatına həbs qoyulub; vəkilin iddiasına görə, hətta Çovdarovun nəvələrinin planşetləri və oyun diskləri belə müstəntiqlər tərəfindən müsadirə edilib”
Xeberinfo.com: “Təkcə Akif Çovdarovun yox, onun qohum-əqrabasının da əmlakına həbs qoyulub. Ancaq belə bir sübut yoxdur ki, onlara məxsus olan əmlakı Akif Çovdarov və ya ailə üzvləri deyildiyi kimi hədə-qorxu yolu ilə əldə etdiyi pulla qazanıb və ya evini bununla tikib”.
Bunu ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.
Vəkil qeyd edib ki, Çovdarovun ailə üzvlərinə – qızlarının, oğlunun, kürəkənlərinin və həyat yoldaşının adın olan əmlaklara həbs qoyulub. Həbs qoyulan əmlaklar arasında Nizami rayonunda yerləşən “Vosmoy” bazarı da var.
“İki qızının, oğlunun və digər qohumlarının əmlakına həbs qoyulub. Onlar da istintaqa ifadələrində deyiblər ki, həbs qoyulan əmlaklar onlara məxsusdur. Və onlar həmin əmlakları hansı yollarla qazandıqlarını da izah edirlər.
“Vosmoy” bazarının 50 faizi Akif Çovdarovun kürəkəninə məxsusdur. Şirkətdə 50 faiz pay sahibi Çovdrovun qızıdır. Həmin bazara da həbs qoyulub”- deyə vəkil bildirib.
Vəkilin açıqlaması zamanı məlum olub ki, Çovdarova dövlət tərəfindən verilmiş mənzilə də həbs qoyulub. General həmin mənzili oğluna bağışlayıbmış.
“Akif Çovdarova dövlət tərəfindən verilən mənzilə də həbs qoyulub. Həmin mənzil MTN əməkdaşlarına ayrılmış mənzillərdən biri olub. Mənzilin yerləşdiyi binada digər yüksək vəzifəli məmurlara da evlər verilib və onlar qonşu idilər. Bu mənzil də ona əvəzzsiz olaraq dövlət tərəfindən verilib. Akif Çovdarov isə həmin mənzili oğluna vermişdi”- deyə vəkil açılamasına əlavə edib.
Çovdarovun Bamdamdarda yerləşən yan-yana olan üç villasına da həbs qoyulub. Xatırladaq ki, bir müddət əvvəl Musavat.com-da həmin villaların fotoları dərc edilmişdi.
Vəkil Kamandar Nəsibov deyib ki, həmin villalarda Çovdarovun qızları və oğlu yaşayır.
“Badamdarda olan 3 villadan birində Akif Çovdarov oğlu ilə, digərlərində isə qızları ailəsi ilə yaşayır. Ayrı-ayrı evlərdir. Ancaq aralarında hasar yoxdur. Həmin villaların hər birinin özünün çıxarışı var və ailə üzvlərinə məxsusdur. Bir ailə kimi orada yaşayıblar. İndi həmin evin üçünə də həbs qoyulub. Hətta nəvələrinin planşetləri, uşaqların cizgi filmləri olan diskləri də istintaq orqanları tərəfindən əllərindən alınıb. Ailə üzvləri də bununla bağlı müvafiq qurumlara müracitət ediblər. Ancaq nəticə yoxdur”.
Vəkil əlavə edib ki, Akif Çovdarova məxsus olduğu deyilərək həbs qoyulan əmlaklardan biri də “Bəhrə 2010” MMC-dir.
MMC-nin parniklərində pomidor yetişdirilərək Rusiyaya göndərilir.
Kamandar Nəsibov deyir ki, MMC Akif Çovdarovun xanımın adına olsa da faktiki rəhbərləri Rusiyada yaşayan biznesmenlərdir: “Ramal Səfərov adlı şəxs istintaqa şikayət etmişdi. MMC-nin onun əlindən alınması ilə bağlı. Onun şikayəti üzrə “Bəhrə 2010”la bağlı araşdırmalar aparıldı. Verilən ifadələrlə məlum oldu ki, MMC Akif Çovdarovun xanımın adına olsa da faktiki sahibləri Rusiyada yaşayan iş adamlarıdır. İstintaq zamanı araşdırma aparılaraq tamşəkildə aydınlaşdırıldı ki, həmin parniklərin salınmasında qoyulan vəsait Rusiyada yaşayan əslən azərbaycanlı olan iki biznesmenə məxsusdur. Lakin həmin şəxslərdən biri Akif Çovdarovun xanımı ilə qohum olduğundan Bakıda MMC onun adına təsis edilib.
Həmin adamların bu şəkildə Bakıda çoxlu sayda parnikləri var. O, biznesmenlərin Baş Prokuroluqda yüksək vəzifə tutan şəxslərdən birinin qardaşı ilə də şərikliyi var”.
Qeyd edək ki, Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. (musavat.com)