Sabiq bankirin məhkəməsi: "O, dedi ki, ov tüfənginin sənədləri var"
"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Xeberinfo.com: Musavat.com xəbər verir ki, məhkəmə prosesində hakim Əfqan Hacıyev bildirib ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların ölkə xaricində olması və sair səbəblərlə prosesdə iştirak edə bilməməsi barədə məhkəməyə sənəd daxil olub. Hakim buna görə də tərəflərin də məsələyə münasibətini soruşub.
Yalnız Cahangir Hacıyevin vəkili Aqil Lahıcov şahidlərin ifadəsinin vacib olduğunu deyib. Digər vəkillər və prokuror isə şahidlərin ifadəsinin elan olunması təklifini dəstəkləyiblər.
Prosesin davamında şahidlərin ifadələri elan edilib. İlk olaraq şahid Vüqar Sadıqovun ifadəsi elan olunub.
“İnter Security”nin əməkdaşı olan V.Sadıqov ifadəsində onun adına 550 min manat kredit götürüldüyünü və yalnız sənədlərə qol çəkdiyini deyib.
Şahid Tərlan İsmayılov isə ibtidai istintaqa ifadəsində bildirib ki, təqsirləndirilənlərdən bankın filial müdiri olmuş Məmməd Cahangirovu əvvəldən tanıyıb.
O, deyib ki, başqa bir iş üçün bankda olarkən M.Cahangirov ondan şəxsiyyət vəsiqəsini istəyib. Onun adına 300 min manat kredit götürülüb. T.İsmayılov deyib ki, 2014-cü ilə qədər bu kreditə görə onu narahat edən olmayıb. Həmin ilin sonunda isə ona bankdan bildirilib ki, 300 min manat pul və faiz borcu var. Bu zaman C.Məmmədov ona deyib ki, götürülən kredit ödəniləcək.
Daha sonra hal şahidi Ədalət Muradovun ifadəsi ela olunub. O, ifadəsində deyib ki, təqsirləndirilən Azad Cavadovun bağ evinə baxış keçirilərlkən hal şahidi olub. Oradakı yarımtikilidə olan yatağın altından patron və tapança götürülüb. Həmçinin onun ifadəsində qeyd edilir ki, evdə qılınc dəsti və of tüfəngi də olub.
“Azad Cavadov da ifadəsində demişdi ki, evdən çıxan tapança ona məxsus deyil. Ov tüfənginin isə səndləri var. Qılınc dəstinin isə hədiyyə olduğunu demişdi. Həmin vaxt protokola qol çəkmədi” - deyə hal şahidinin elan edilən ifadəsində qeyd edilir.
Məhkəmədə Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyevin ifadəsi elan olunub.
O, ibtidai istintaqa ifadəsində bildirib ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və yaxınlarının adına olan külli miqdarda kredit kartları vasitəsi ilə ayırılan pulların verilməsi, xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparılıb.
İfadədə qeyd edilir ki, yoxlama zamanı kreditlərin ayrılması ilə bağlı qanunvericliyin tələbləri və qaydalarına riayət edilməyib. Bununla bağlı banka külli miqdarda ziyan vurulub.
Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir. Təqsirləndirilən İbrahim Hüseynov da deyib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbəri olduğu "İnter Security" şirkətinin əməkdaşı olması ilə bağlı ifadə verib. Ancaq onlar şirkət əməkdaşı olmayıb. Buna görə də İ.Hüseynov onların məhkəməyə çağırılmasını tələb edib.
Vəkil Aqil Lahıcov MBNP-ın baş inspektorunun dəvət edilməsini istəyib. Vəkil bildirib ki, ekspert hüquqi rəy verə bilməz, ona görə də prosesdə dindirilməlidir.
Hakim isə deyib ki, şahidlər gələ bilmədiyi üçün onların ifadələrinin elan olunması ilə bağlı qərar qəbul edilib.
Prosesdə sənədlərin tədqiqinə başlanılıb.
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.