"Tələbə yoldaşıma 60 milyon kredit vermişəm"
Xeberinfo.com: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Cavadov prokurorun suallarını cavablandırıb.
O, C.Hacıyevlə tələbə yoldaşı olduğunu bildirib: "Cahangir müəllimin dəvəti ilə Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildə isə direktor kimi çalışmışam. Beynəlxalq Bankdan 5 milyon manat kredit götürülüb, girov olaraq müəssisə qoyulub. Bankdan götürülən kredit isə məndən əvvəl olub. Bununla bağlı məhkəməyə sənəd təqdim edə bilərəm".
A.Cavadov qeyd edib ki, daha əvvəl onun barəsində cinayət işi açılıb: "Həmin cinayət işi zavodda Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub".
Prokuror A.Cavadova onun qayınının adına 816 min manat kredit olması barədə sual verib. A.Cavadov isə cavabında qeyd edib ki, həmin kredit vəkil Akif Məlikovun adına olub: "Daha sonra həmin krediti qayınanamın adına keçirdik".
A.Cavadov ittiham aktında onun barəsində qeyd edilən soyuq silahla bağlı suallara da cavab verib. O vurğulayıb ki, soyuq silah olan xəncər 10 il onun evində olub: "Həmin xəncəri mənə qaynım hədiyyə edib. Evimdə ikinci dəfə axtarış olanda həmin xəncəri götürdülər və ekspertin rəyinə əsasən, soyuq silah kimi ittiham aktında göstərildi".
Daha sonra A.Cavadov bildirib ki, Bakı Fındıq Emalı Zavoduna götürülən 60 milyon kredit müəssisənin genişləndirilməsinə xərlcənib: "Beynəlxalq Bank da pulların xərclənməsinə nəzarət edib. İttiham aktında göstərilib ki, həmin pullardan 6 milyon mənimsənilib. Burada heç bir mənimsəmədən söz belə gedə bilməz. Müəssisə sonradan "Aqrarkredit" QSC-nin nəzarətinə keçib".
C.Hacıyev A.Cavadovun dediklərini təsdiqləyib: "Azad mənim tələbə yoldaşım olub. Ona güvənirdim. Azadın fəaliyyəti dövründə müəssisənin banka olan kredit borclarının çox hissəsi ödənilib".
Bundan başqa, məhkəmə prosesində 14 şahid ifadə verib. Onlar "İnter Security" mühafizə şirkətinin işçiləri olduqlarını söyləyiblər. Həmin şəxslər bankdan götürülən kreditlərdən xəbərsiz olduğunu bildiriblər. Həmin şəxslər qeyd ediblər ki, rəhbərliyin göstərişi ilə banka gediblər, sənədlərə qol çəkiblər.
Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.