Sabiq MTN-çilər kütləvi şəkildə ölkədən qaçır
Xeberinfo.com: 2005-ci ilin martında jurnalist Elmar Hüseynovun qətlindən və Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasından sonra həyata keçirilən “Qara kəmər” əməliyyatı ilə az qala 10 il ərzində mətbuatda ölkənin bir nömrəli “başkəsən”i kimi Hacı Məmmədovun adı hallanırdı. Amma Eldar Mahmudovun işdən qovulmasından keçən 11 ay ərzində onun rəhbərlik etdiyi qurumda baş verənlərin az bir qisminin ictimailəşməsindən sonra Hacı Məmmədovun adı yalnız epizodik çəkilir və yalnız MTN “cəllad”ı general Akif Çovdarovun əməlləri ilə müqayisə edilərkən onun adı keçir…
Amma təbii ki, jurnalistlər son 11 ayda Akif Çovdarovu “media ulduzu” etsələr də şübhəsiz ki, əməlləri heç də ondan geri qalmayan xeyli sayda keçmiş MTN görəvlisi var ki, onlar sadəcə işdən kənarlaşmaqla canlarını, çırpışdırdıqları intəhasız sərvətləri xilas edə bildilər. İndi isə aranın nisbətən sakitləşdiyini görən keçmiş başkəsənlər və onların əlaltıları sivişib aradan çıxmağa başlayıblar…
Mötəbər mənbədən daxil olan məlumatda belə deyilir. İddialara görə, adı “MTN işi”ndə hallanan və ya hallanmaq ehtimalı olan xeyli sayda sabiq MTN əməkdaşı müalicə adı ilə ölkəni tərk etməyə başlayıb.
Onların həkimlərdən ağır xəstə olduqları və müalicələrinin yalnız xaricdə mümkün olması ilə bağlı saxta tibbi arayışlar aldıqlarını bildirən mənbənin sözlərinə görə, MTN-də çalışdıqları dönəmdə qanunsuz yolla kifayət qədər sərvətə malik olan bu şəxslər istintaq və məhkəmə prosesi zamanı məsuliyyətə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün müalicə bəhanəsi ilə ölkə hüdudlarını tərk etməkdədir. Onların məqsədi getdikləri dövlətlərdən oturum almaq, daha sonra əllərindəki kapital hesabına bu ölkələrdə bizneslə məşğul olmaqdır.
Mənbənin məlumatına görə, sabiq MTN-çilərin ölkədən qaçmasının digər bir səbəbi isə artıq Azərbaycanda qalmağı özləri üçün nəinki perpektivli, həm də təhlükəli hesab etmələridir. Belə ki, MTN-də çalışdıqlar müddətdə əsassız yerə yüzlərlə insanı incidən, onların pulunu əlindən alan, həmin insanları fiziki zorakılığa məruz qoyan bu şəxslər işgəncə verdikləri insanların intiqamından məhz MTN qalxanı vasitəsi ilə sığortalanırdı. Bu gün həmin qalxandan da məhrum olan sabiq MTN-çilər Azərbaycanı tərk etməklə qazandıqları saysız-hesabsız insanların intiqamından da xilas olmağa çalışır.
Mənbənin bildirdiyinə görə, qaçan MTN-çilər arasında bəzi yüksək çinlilərlə yanaşı, müstəntiq və əməliyyatçılar da var… (Moderator.az)