Ucar xəstəxanasındakı ana ölümünün şok təfərrüatları
"xeberinfo.com": Aprelin 21-də Zərdab rayon sakini Sayad Əbdulrəhmanova Ucar rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra dünyasını dəyişməsi barədə məlumat vermişdik. Ölən gənc ananın qaynanası Zərdab rayon sakini Nəsirova Zemfira Ağasəlim qızı gəlinin həkim səhlənkarlığının qurbanı olduğunu deyib. Z.Nəsirovanın sözlərinə görə, hadisə aprelin 20-də saat 22-də baş verib: “Gəlin özünü pis hiss etdi, həkim gəlib baxdı. Vəziyyəti kritik olduğundan xəstəxanaya aparmağı məsləhət bildi. Biz də daha etibarlı olsun deyə, Zərdab Rayon xəstəxanasına deyil, Ucar Rayon Mərkəzi Xəstəxanasına apardıq. Ucar xəstəxanasında Diləzbər adlı həkim uşağın qeysəriyyə yolu ilə götürülməsinin lazımlığını bildirdi və biz də razılaşdıq. Əməliyyat saat 5-də aparıldı. Əməliyyatdan sonra ana və uşaq özünü yaxşı hiss edirdi. Dedim ki, xəstənin yanında qalmaq lazımdır? Dedilər ki, xəstəyə tibb bacısı və xadimə baxacaq. Xəstənin yanında kiminsə qalmasına icazə verilmir. Xəstənin qaldığı palata da əlavə olaraq 3 xəstə vardı”.
O, bildirib ki, xəstə narkozdan ayılıb, vəziyyəti də yaxşı olub. Qaynana gəlini ilə görüşüb danışandan sonra iynə-dərman alıb Zərdab rayonuna qayıdıb: “Səhəri saat 10-da bir baxdım gəlinim evə zəng edib. Dedi ki, “Yaxşıyam, bir azdan məni yeridəcəklər”. Onu deyən kimi, evdən çıxıb Ucara getdik. Çatanda gördüm ki, bütün yerlər bağlanıb. İçəri adam buraxmırlar, dəhşətli çaxnaşma baş verir. Soruşdum ki, nə olub burada? Orada yatan xəstənin birinin valideyini dedi ki, dünən Zərdab rayonundan bura gətirilib əməliyyat olunan xəstə komadadır. Nə isə, qapını çırpıb içəri girdik, baxdıq ki, ananı öldürüblər. Dedik ki, ay həkimlər buna nə oldu? Həkim dedi ki, yeriməyə duranda yıxılıb. Başı yerə dəyib, qulağından qan açılıb. Əgər həkimin dediyi kimi o, yıxılıbsa niyə başında çat, sınıq, yaxud da hər hansı iz yox idi? Heç nə yox idi başında, amma qulağından qan açılmışdı. Yalandan da ürəyinə aparat qoşublar, guya işləyir. Ürək işləmirdi. Həkimlər isə iddia edirdilər ki, xəstə ölməyib, ürəyi guya döyünür. Yaxınlaşanda gördük ki, gəlin çoxdan ölüb. Özü də gömgöy göyərib”.
Z.Nəsirova iddia edir ki, S.Əbdurrəhmanovanı palatada ayağa qaldırıb yeridəndə qolundan tutan olmayıb: “Onu ayağa durğuzanda qolundan tutan olmayıb. Bir addım atan kimi deyilənə görə, başı fırlanıb yıxılıb. Yanında nə həkim olub, nə də tibb bacısı. Onu yerindən kim durğuzub bilinmir. Biz bunun səbəbini bilmək istəyirik. Bu, araşdırılmalıdır. Qoy cavab versinlər ki, mənim 19 yaşlı gəlinimi nə səbəbdən öldürüblər? Bəlkə əməliyyatı səhv aparıblar? Bəlkə beyninə qan sızıb ölüb? Bu gəlin nədən ölüb”?
Qaynana deyir ki, gəlininə iynə vurublar, mərhum da onun təsirindən şoka düşüb: “Bəlkə iynə vurublar, o şok verib. Dünən Ucar rayon müstəntiqi bizi çağırmışdı. Getdik, şikayət verdik, rayonun baş həkimi, cərrahı, səhlənkardır, onlar həkim deyil. Ora xəstəxana deyil, rüşvətxanadır, ölüxanadır. Rüşvəti alıb, xəstəni ölü verirlər. Mənim saat 1-də ölən gəlinimin meyitini gecə saat ikidə aldıq. Bu nə səhlənkarlıqdır. Həkim də xəstəni nəzarətsiz buraxar?”
Mövzu diqqətimizdədir