Məhkum növbəti dəfə ölüm aclığına başladı
Rauf Sultanov onun həbsinə yol açan saxtakarlığın araşdırılmasını tələb edir
Xeberinfo.com: Məhkum Rauf Sultanov növbəti dəfə ölüm aclığına başlayıb. Anadangəlmə 1-ci qrup əlil olan R.Sultanov onun həbsinə yol açan cinayət işində olan saxtakarlıqların icraçısının müəyyən edilməsini və barəsində cinayət işi başlanmasını tələb edir. R.Sultanovun digər tələbi barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsidir.
Bu haqda “Yeni Müsavat”a R.Sultanovun qohumu Mehmet Gülişık məlumat verib. M.Gülişık deyib ki, R.Sultanov artıq 5 gündür ki, aclıq edir: “Bu tələblərlə saxlanıldığı 3 saylı Süvəlan İstintaq Təcridxanasında mayın 29-da aclığa başlayıb. Təcridxana rəhbərliyi onun aclığa başlamasını qeydə alıb. Lakin bu günə qədər Ombudsman Aaparatından, Ədliyyə Nazirliyindən nümayəndə, müvafiq prokuror gedib Rauf Sultanovun aclıq etməsinin səbəbi ilə maraqlanmayıblar. Rauf dəfələrlə dövlət orqanlarına, məhkəmələrə yazıb ki, müstəntiq Vüqar Məcidov cinayət işində onun imzasını saxtalaşdırıb. Bu saxtalaşdırmaya göz yuman məhkəmələr saxta ittiham aktına əsaslanıb Rauf Sultanovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediblər. Üstəlik Rauf Sultanovun ev dustaqlığına buraxılması haqda 4 vəsatəti də təmin etmirlər”.
M.Gülişık deyir ki, cinayət işində R.Sultanovun imzasınınm saxtalaşdırıldığını təsdiq edən ekspert rəyi var:“Həmin rəydə cinayət işindəki imzanın Rauf Sultanova aid olmadığını yazırlar. Amma bu saxtakarlığı etmiş şəxsin müəyyən olunması üçün addım atmırlar. Rauf Sultanov məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. O tələb edirdi ki, imzasını saxtalaşdıran şəxsin müəyyən olunması üçün müvafiq addımlar atılsın. Müstəntiq Vüqar Məcidov həmin cinayət işini başlayıb. Cinayət işinin materialları onun sərəncamında olub. Belə bir halda saxtakarlığın onun tərəfindən törədilməsini söyləmək üçün bizim əlimizdə kifayət qədər əsas var. İstənilən halda müstəntiq istintaqa cəlb edilməlidir. Cavab verməlidir ki, həmin cinayət işi özündən başqa kimdə olub? Onun seyfinə müdaxilə olubmu? Cinayət işinin materiallarını kafedə, restoranda unutmayıb ki? Yəni bilinməlidir ki, həmin saxtakarlığı kim edib. Bu gün günahı olmayan Rauf Sultanov imzasının saxtalaşdırılmasına görə həbsdədir. O, qanunsuz həbsi ilə razılaşmır və Xəzər Rayon Məhkəməsinin barəsindəki hökmdən apelyasiya şikayəti verib”.
M.Gülişık deyib ki, R.Sultanovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır: “Rauf Sultanovun aclıq etməsi haqda müəssisə rəhbərliyi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov məlumatlandırıb. İş üzrə adı zərərçəkən kimi keçən Naida Manafova hakim Faiq Qasımova teleqram vurub. Yazıb ki, mənim Rauf Sultanova qarşı heç bir tələbim yoxdur, o, mənə verdiyi vədə vaxtında əməl edib. Yəni burada cinayət yoxdur. N.Manafova hakimin diqqətinə çatdırıb ki, bu xüsusatı istintaq dövründə müstəntiqə də bildirib. Amma nəticədə imzası saxtalaşdırılmaqla məhkum edilib”.