“Reket” qəzetlər Nəşriyyatın binasından çıxarılır
"xeberinfo.com": Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Mizan Tərəzi" qəzetinin baş redaktor Sadiq Sultanovun katibəsini zorlaması və daha sonra evində yanaraq ölməsi məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, bu məsələ Mətbuat Şurasını çox ciddi narahat edir. Ə.Amaşov deyib ki, jurnalistikaya heç bir bağlılığı olmayan bu cür insanlar jurnalistikada müəyyən mövqe tuturlar, qəzetlər açıb reketçiliklə məşğul olurlar, müəyyən cinayət işlərində iştirak edirlər: “Sonra isə bu cür adamlar ictimaiyyətə jurnalist kimi təqdim olunurlar. Bu isə bizi çox ciddi narahat edir. Artıq biz məcburuq ki, hüquq-mühafizə orqanları ilə bu barədə söhbətlər aparaq və bu cür adamlar ölkə ictimaiyyətinə təqdim olunanda onlar jurnalist kimi təqdim olunmasın. Bu istiqamətdə müəyyən razılaşmaların aparılması gözlənilir. Eyni zaman jurnalistlərdən də xahiş edirik ki, bu sahədə yazı yazanda bir qədər ehtiyatlı olsunlar. Bu sahədə yaramazlıqlar mətbuatın nüfuzuna xələl gətirə bilər”.
Ə.Amaşov qeyd edib ki, hər bir hadisə hüquqi baxımdan araşdırılmalıdır: “Əgər doğrudan da bu adamlar qanun pozuntusuna yol veriblərsə və cinayət törədiblərsə, o zaman mütləq cəzalarını almalıdırlar. Heç kim cəzasız qalmalı deyil. Bu məsələ ilə bağlı mətbuatın adının hallandırılması isə doğru deyil. Biz bu məsələ ilə əlaqədar Azərbaycan Nəşriyyatı ilə də fikir mübadiləsi aparacağıq. Çünki jurnalistikanın adından sui-istifadə edən bu cür adamlara Nəşriyyatın binasında yer verilməsi düz deyil. Yəqin ki, bu istiqamətdə ciddi qərar veriləcək”.
Xatırladaq ki, aprelin 26-da Bakı şəhərinin Suraxanı rayonunda “Mizan Tərəzi” qəzetinin baş redaktorunun yanaraq öldüyü hadisə ilə bağlı cinayət işi açılıb. Belə ki, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları araşdırılması üçün Suraxanı rayon Prokurorluğundan Bakı şəhər Prokurorluğuna göndərilib.
Ağdam rayon Üçoğlan kənd sakini, “Mizan Tərəzi” qəzetinin baş redaktoru, 1989-cu il təvəllüdlü Sultanov Sadiq Arazxan oğlunun yanaraq öldüyü hadisənin baş verdiyi ev həmin qəzetin əməkdaşına məxsus olub. Bülbülə qəsəbəsindəki ev “Mizan Tərəzi” qəzetində redaktor müavini vəzifəsində çalışan 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus olub. S.Sultanov həmin evdə müvəqqəti yaşayırmış. Yanğın zamanı S.Sultanovun tüstüdən boğulduğu və evi tərk edə bilmədiyi bildirilir.
Onu da bildirək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi.