Şahin Sultanova qarşı sərt ittihamlar
Bəxtiyar Məmmədov: “Şahin Sultanovun ağ mundirindəki qara ləkələri veriləcək cəza yuya bilər”
"Xeberinfo.com": Məlumata görə, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov ötən ilin sonunda ev dustaqlığına buraxılan Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı Şahin Sultanovla bağlı araşdırmaları davam etdirir. Vaxtilə Ş.Sultanovun şikayəti əsasında həbs olunan hüquq müdafiəçisi deyir ki, vitse-admiral məhkəmə qarşısında cavab verməlidir:
“Son 7 ayda apardığım araşdırmaların nəticəsi olaraq tam məsuliyyətimlə bildirirəm ki, HDQ-nin sabiq komandanı, hazırda ev dustağı olan Ş.Sultanov oğrudur. Dövlət əmlakını külli miqdarda dəfələrlə mənimsəyib, öz şəxsi marağı zəminində özünə cah-cəlallı yaşayış tərzi quran bağışlanmaz bir şəxsdir. Onu ev dustaqlığına buraxdılar və müsahibə verib dedi ki, ”ağ kostyum ləkə götürməz, rütbəm çiynimdə, formam da əynimdədir".
SSRİ dönəmində ekoloji cəhətdən ən çirkli şəhər Sumqayıt şəhəri idi. Lakin son illər ölkədə həyata keçirilən ekoloji siyasət nəticəsində çiçəklənən şəhərə çevrilib. Şahin Sultanovun ağ mundirindəki qara ləkələri veriləcək cəza yuya bilər. Ağ rəngli kostyumda qara ləkəli əməllərə qol qoyanlar uzun illər zindanlarda məhkumluq həyatı yaşayıb. Sultanov məhkəmənin qüvvəyə minmiş qərarı olmadan özünü elə göstərir ki, guya barəsində bəraət hökmü çıxıb. Sultanova törətdiyi və təqsirli bilinərək ittiham olunduğu maddələri sadalayıram:
- CM-in 178.3.2-ci maddəsi - dələduzluq, yəni etibardan sui - istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-
- 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- CM-in 179-cu maddəsi - Mənimsəmə və ya israf etmə;
- 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- 179.2.2. təkrar törədildikdə;
- 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
- 179.3.2. külli miqdarda törədildikdə;
- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
- CM-in 311.3-cü maddəsi- rüşvət alma (passiv rüşvətxorluq)
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:
- 311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi;
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma- əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
- CM-in 312-ci maddəsi- Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
- CM-in 313-cü maddəsi - vəzifə saxtakarlığı;
- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
- CM-in 341-ci maddəsi - Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə
- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddələrlə başlanmış işlərin araşdırma müddəti bitir və yəqin ki, yaxınlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Bu ərəfədə Sultanov atalar məsəlində deyildiyi kimi “oğru elə çığırdı ki, doğrunun bağrı çatladı” prinsipinə uyğun hərəkət edir. O, telekameralar qarşısında ictimaiyyəti çaşdırmaq xülyasına düşüb. Hələ 3 il öncə ictimaiyyəti məlumatlandırmışdım ki, Ş.Sultanov korrupsionerdir, qrup şəklində sayı hesabı bilinməyən cinayət əməllərini törətməklə məşğuldur və Rusiyaya gizlin tellərlə bağlı bir şəxsdir. Lakin sabiq müdafiə naziri Səfər Əbiyevin dirijorluğu, Ş.Sultanovun hazırda həbsdə olan “kod 555" ləqəbli dostu Elxan Hacıyevin, doğma əmisi oğlu Elçin Sultanovun, HDQ -nin sabiq hüquqşünası - əvvəllər CM-in 126.1-ci maddəsinin təsiri altına düşən cinayət əməli törətmiş Rauf Zeynalovun, HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərovdan ibarət yalançı, qondarma şahid bazası təşkil edərək həbs şərti adı altında məni şərlədilər. S.Əbiyev vəzifədən gedən dövrə qədər, yəni 2 il 5 ay məni faktiki girovluqda saxlatdırdılar.
Ş.Sultanovun törətdiyi cinayət əməllərinə təşkilatçılıq etmiş, göz yummuş, gizlətmiş, onunla əlbir olmuş Səfər Əbiyev, Məmməd Beydullayev və digər yüksək çinli məmurlar barəsində apardığım araşdırmaları Respublika Hərbi Prokurorluğuna yollayacağam. Səfər Əbiyevin hansı səbəbdən Çexiyada saysız-hesabsız mülklər alması və ora üz tuma səbəblərini ictimaiyyətə açıqlayacağam.
Son günlər Ş.Sultanov illər ərzində topladığı və dövlətdən oğurladığı çirkli pullar müqabilində mətbuatda ictimaiyyəti çaşdırmaq kampaniyasına start vermişdir. Artıq bir neçə sayta, qəzetə belə tipli məlumatlar ötürülərək Ş.Sultanovun guya günahsız olması və qərəzli şəkildə keçmiş dostu və oğru şəriki Elxan Hacıyev tərəfindən güdaza verilməsi barədə yanlış fikri formalaşdırır. Lakin bu çirkin kampaniya Ş.Sultanov barəsində aparılmış və sübuta yetirilmiş yuxarıda qeyd etdiyim çoxsaylı cinayət maddələri ilə təqsirli bilinərək sonda məhkəmə tərəfindən onun barəsində çıxarılacaq ittiham hökmünə heç bir təsir göstərə bilməz". (musavat.com)