Tikinti şirkəti bir mənzili 3 nəfərə satıb - FOTO
"Əvvəlcə bina tikilmirdi, gözlədik. İndi isə məlum olur ki, eyni mənzili 2-3 nəfərə satıblar".
Xeberinfo.com: Məlumata görə, bu sözləri musavat.com-a Cəfər Cəfərov adlı zərərçəkmiş deyib.
Məsələ burasındadır ki, Binəqədi rayonu, Atatürk prospekti 30/78 A ünvanında "Xudafərin" MMC tərəfindən tikilən yaşayış binasında 30-dan çox mənzil birdən artıq adama satılıb.
"Xudafərin" MMC-nin rəhbəri hazırda həbsdə olan iş adamı "Amay Abdulla" kimi tanınan Abdulla Abdullayevdir. A.Abdullayevin rəhbərlik etdiyi şirkətdən ziyan çəkən təkcə Cəfər Cəfərov deyil. Bu üsulla onlarla vətəndaşı aldadan şirkət, hazırda hər şeydən boyun qaçırır.
C.Cəfərov deyir ki, aldığı mənzil ondan başqa daha 2 nəfərə satılıb: “2013-cü ildə mənzil almaq üçün Azər Xəlilov adlı şəxsə 65 min dollar vəsait ödəmişəm. Bir müddət əvvəl evimi təmir etmək üçün getdim və gördüm ki, mənzilimdə başqa şəxs var. O da evi təmir etdirir. Mənə məxsus olan mənzili başqasına satıblar. Hətta bu da azmış kimi, məlum oldu ki, eyni mənzili 2004-cü ildə bir nəfərə, 2012-ci ildə başqa bir nəfərə, 2013-cü ildə isə mənə satıblar. Belə vəziyyətdə təkcə mən deyiləm. Məndən başqa digər adamlar da var. Onları da belə aldadıblar.
Şirkətin məsul şəxslərinə bununla bağlı müraciətlər etsəm də, onlar min cür bəhanə gətirərək problemdən yayınırlar. Biz evin alış-verişini Azər Xəlilov adlı şəxslə etmişik. Həmin adam hazırda azadlıqdadır.
Bina 2001-ci ildən tikilməyə başlayıb. Lakin hələ də tam təhvil verilməyib. Amma bir neçə ailə artıq binaya köçüb və yaşayır. Hazırda şirkət tərəfindən heç bir iş görülmür. Sakinlərin öz aralarında yığdığı pulla təmir işləri aparırlar.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etmişik. Şirkətin rəhbəri həbsdədir. Amma müsahib və təsisçisi həbs edilməyib. Onlar da bir mənzilin bir neçə adama satılmasına görə məsuliyyət daşıyırlar.
Mənim tələbim budur ki, ya verdiyim 65 min dolları geri qaytarsınlar, ya mənzilimi versinlər, ya da eyni binada satılmayan boş mənzillərdən birini versinlər. Mən 3 otaqlı mənzil almışam. Mənə ancaq eyni kvadratda veriləcək mənzil sərf edir. Aidiyyəti qurumlardan bu cür problemlə rastlaşan insanlara yardım etməsini, dələduzların isə cəzalandırılmasını xahiş edirik".
Hazırda "Xudafərin" MMC-nin direktoru İlham adlı şəxsdir. Direktorla əlaqə saxladıq. Saytımıza açıqlama verən şirkət rəsmisi bunları dedi: "Mən bu vəzifəyə yeni təyin olmuşam. Mənim bu hadisələrdən xəbərim yoxdur".
- Siz şirkətin direktorusunuz. Şirkətdə baş verənlərdən, bir mənzilin 3 nəfərə satılmasından məlumatınız yoxdur?
- Məlumatım yoxdur. Araşdırma gedir. İnşallah yaxşı olacaq.
- Zərərçəkmiş şəxslərin problemləri necə həll ediləcək? Onların pulları geri veriləcəkmi? Yoxsa, başqa mənzil təklif edəcəksiniz?
- Mən bilmədiyim şey barəsində danışa bilmərəm.