Aldadılan sakinlər etiraza qalxdılar
“HAYAN MMC” 360 ailəni evsiz qoyub; “bir mənzil 2, hətta 3-4 nəfərə satılıb”; şirkət rəhbərliyi bəhanələrlə problemdən yayınır...
"xeberinfo.com":Xırdalanda “HAYAN MMC” tikinti şirkəti ilə payçılar arasında ciddi narazılıq yaranıb. Belə ki, 2006-cı ildə şirkət şəhərin mərkəzi küçəsində bina inşa etməyə başlayıb və mənzil almaq istəyən yüzlərlə insan ona üz tutub, pul ödəyib. Amma binanın tikintisi naməlum səbəblərdən getmir. 8 ildir gözlənti içərisində olan və kirayələrdə yaşayan, şikayət etmədikləri qurum qalmayan sakinlər yanvarın 26-da binanın önündə toplaşaraq aksiya keçiriblər.
Şikayətçi Elmira Əhmədova bildirdi ki, onlar “HAYAN MMC” şirkətindən ev aldıqları gündən etibarən zülm çəkirlər. “2006-cı ildə Elman Tağıyev adlı şəxsin rəhbərlik etdiyi “HAYAN MMC” şirkətinə mənzil almaq üçün müraciət etmişik. Buna baxmayaraq həmən gündən indiki günə kimi tikinti başa çatmayıb. Binada 360 payçı var. Payçıların böyük əksəriyyəti mənzilin pulunu tam olaraq ödəyib, digər payçılar arasında 20 min, 40 min, hətta 60 min manat ödəyənlər də var. Buna baxmayaraq mənzillər tikilib təhvil verilməyib və nə vaxt bitəcəyi də deyilmir. Biz bununla bağlı Elman Tağıyevin qəbulunda olmuşuq, ona şikayətimizi bildirmişik. Bizə hər dəfə söz verib ki, narahat olmayaq, hər şey yaxşı olacaq, tikinti davam edəcək. Amma bu vədlərin heç biri yerinə yetirilməyib. Elə bir qurum qalmayıb ki, ora müraciət etməyək. Heç bir qurum bizim şikayətimizə baxmır. Vəziyyətimiz çox pisdir. 360 ailənin 70-80 faizi kirayələrdə qalır. Bəzən bir neçə fəhlə yalandan gəlib burda gəzişir ki, guya iş gedir. Amma heç bir iş getmir, baş aldatmaq üçün edilən hərəkətlərdir. Elman Tağıyev deyir pul yoxdu, tikə bilmirik”.
Sakinin sözlərinə görə, Elman Tağıyevin başqa adlarda da bir neçə tikinti şirkəti var: “Bizdən öncə başqa insanlardan, onlara mənzil vədi ilə pullarını alıb ancaq binanın tikintisinə başlamayıb. Həmən iş üzrə hazırda məhkəmə prosesi gedir. Hər dəfə yeni şirkət yaradaraq insanları aldadır. Aldatdığı insanların bəzilərini razı salmaq üçün bu binaya yollayıb ki, oradan mənzilinizi verəcəyəm. Bu binada söz verdiyi mənzil isə artıq başqasına satılmış olur. Yəni bir mənzili iki nəfərə, bəzən isə 3-4 nəfərə satır”.
Digər şikayətçi Hüseyn İsmayılov Elman Tağıyevə açılmış məhkəmə prosesinin Həzi Aslanov metrostansiyası yaxınlığındakı tikinti ilə bağlı olduğunu söylədi: “Orada tikdiyi binandakı mənzilləri bir neçə nəfərə satdığı üçün onu 2011-ci ildə məhkəməyə vermişdilər. Elman Tağıyev həbs edilmişdi. Amma 2012-ci ildə həbsdən buraxdılar, bir şərtlə ki, altdatdığı insanları evlərlə təmin etsin. Mən də o binadan ev alanlardan biriyəm. Oradan bu binaya göndərdilər ki, sənin mənzilini bu binadan verəcəyik. Maraqlısı burasındadır ki, mənə bu binanın 13-cü mərtəbəsindən ev veriblər, amma bina 12 mərtəbəlidir. Məni iki dəfə aldadıblar”.
Binanın digər payçılarından olan Tahir Bəxtiyarov isə ona satılmış evin iki sahibi olduğunu dedi: “Hər ikimizin də bu mənzilə müqaviləmiz var. Elman Tağıyevə deyəndə ki, bəs bu nə məsələdir, cavabında deyir ki, mənzil sənindi, digər ev sahibinə də deyir ki, mənzil sənindi. Mənim heç vaxt ağlıma gəlməzdi ki, məni aldadarlar. Biz milyoner deyilik, hamımız adi insanlarıq, güclə pul toplayıb ev almışıq. Yenə də kirayələrdəyik. Kimə müraciət etsək heç bir fayda vermir”.
Başqa bir şikayətçi Mehman Mustafayevun sözlərinə görə, şikayətçilərdən binanın üstünə çıxıb özünü atmaq istəyən olub: “2006-cı ildə “HAYAN MMC” şirkətindən mənzil almışam. Ümid edirdim ki, artıq mənim də evim olacaq. Amma dəyişən heç bir şey yoxdur hələ də kirayədəyəm. Bina göz qabağındadır, şikayətimizə baxan yoxdur. Artıq boğaza yığılmışıq”.