Mahir Abdullayevin oğurlanmasında sirli məqamlar
Akif Çovdraovun etibar etdiyi Qulu Cəfərov kimdir?
Xeberinfo.com: MTN qalmaqalı artıq iki aya yaxındır davam edir və demək olar ki, hər gün sabiq MTN generallarının formalaşdırdığı mütəşəkkil cinayətkar dəstənin əməlləri ilə bağlı yeni faktlar üzə çıxır. Misal üçün 16.12.2015-ci il tarixdə Kütləvi Informasiya Vasitələrində “Çovdarov dedi ki, nazir 500 minə razı deyil; ”Vosmoy bazarı” necə ələ keçirilib?” başlıqlı yazıdan belə anlaşılır ki, əmlakı qəsb edilmiş sahibkarlardan biri də Bakının “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış mərkəzinin sahibi olan Səfərov qardaşlarıdır. Zərərçəkmiş bildirir ki, onların bazarı hələ 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə qəsb edilib. Akif Çovdarov həbs edildikdən sonra isə bazarın sahibləri əmlaklarının geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Salman Qürbət oğlu Səfərov bildirir ki, 2005-ci il dekabrın 20-də özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər onun qardaşları Qəhrəman Səfərovu, Cəfər Səfərovu və Akif adlı mühasibini MTN-nə aparıblar. Hər iki qardaşı gecə saat 12-dək Akif Çovdarovun xidməti otağında işgəncələrə məruz qoyublar. Nəticədə bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad ediblər. Bir gün sonra – dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb və nazirin 500 min manatla razılaşmadığını bildirir və bazarın onlara verilməsini tələb edir. Qardaşlar başqa çıxış yolu tapmayıb Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qalırlar.
Zərərçəkmiş Səfərov daha sonra bildirir: “Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxlayır, həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov onun qardaşını özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə alır. Qulu Cəfərov? Xatırlayırsınızmı onu? Mən gözəl xatırlayıram.
Cəfərov Qulu Əli oğlu 12 iyun 1964-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Ali təhsillidir. V.I.Lenin adına Azərbaycan Pedoqoji Institutunun Tarix, əlavə Sovet Hüququ fakultəsini bitirib.
Cəfərov Qulu Əli oğlu Azərbaycan oxucusuna daha çox 2003-cü ildən sonra tanınıb. Belə ki, 1982-1989 cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin kiçik qardaşı Mahir Abdullayevlə API-da tələbə yoldaşı olmuş Qulu Cəfərov kiçik qardaşla əlaqələrindən yararlanaraq ABU-də kafedra müəllimi kimi dərs demək şansı əldə edir. Ilk baxışdan tələbə yoldaşları arasında isti münasibətlər, bir birilərinə etibar etmələri kənar şəxslərin diqqətini cəlb etməyə bilməzdi. Ümumiyyətlə Mahir Abdullayevin gözə çarpan ən vacib xüsusiyyətlərindən biri tələbə yoldaşı olmuş insanlarla təmasda qalmaq, imkanı daxilində onlara yardımçı olmaq olub.
Lakin Mahir Abdullayev təsəvvürünə belə gətirməzdi ki, nə vaxtsa əl tutduğu, yardımçı olduğu bu dostlar arasında elələri tapılacaq ki, ona nifrət bəsləyəcəklər, onun dalınca olmazın şayiələr yayacaqlar. Amma nə etmək olar “dost” deyirik. Deyirlər kimin bu həyatda heç olmasa bir dostu varsa o, xöşbəxtdir. Mahirin isə bir deyil, onlarla, hətta deyərdim daha çox can deyib, “can” eşitdiyi dostları olub. Bax, insan xoşbəxtlik dəryasında üzüb. Təssüflər olsun ki, bu xoşbəxtlik 13 oktyabr 2003-cü il tarixə kimi davam edir.
Çünki, 13 oktyabr 2003-cü ildə Mahir Abdullayev evindən çıxır və bir daha geri qayıtmır. Sözsüz ki, günün günorta çağı sıradan olmayan birisinin, MTN zabitinin yoxa çıxması və onu gördüm deyənin olmaması yaxınlarının, qardaş və bacılarının bütün gücü onu axtarmalarına, aqibətinə dair hər hansı bir mümkün məlumatın əldə olunmasına yönəlməli idi. Elə hər şey də bundan sonra başlayır. Mahir Abdullayevin axtarılması prosesində onunla dostluq edənlərlə, ümumi biznesi olanlarla və yaxud da onun yoxa çıxmasına dair məlumatlara malik ola biləcək hər kəslə yaxınları tərəfindən söhbətlər aparılır, mümkün ehtimallar irəli sürülür. Yeri gəlmişkən, bu görüşlərin, söhbətlərin bəzi hallarda təşəbbüskarları Mahir Abdullayevin yaxınları olduğu kimi, kənardan, heç vaxt Mahirin ətrafında olmayan, ən azından Mahirin yaxınlarının tanımadıqları şəxslər tərəfindən də bu görüşlərə, söhbətlərə təşəbbüs göstərənlər olmuşdu. Bu azmış kimi həmin şəxslər Mahir Abdullayevin yaxınlarına son dərəcə ciddi məlumatların verilməsində bulunmuşdu. Misal üçün Mahir Abdullayevin yaxınları ilə görüşən bəzi insanlar çəkinmədən sonuncunun yoxa çıxmasında birbaşa yuxarıda sahibkar Salman Qürbət oğlu Səfərovun adını hallandırdığı, Mahirin tələbə yoldaşı olmuş, əslən gürcüstanlı olan Cəfərov Qulu Əli oğlunu təqsirkar saymışdılar. Artıq belə məlumatların daxil olması onu göstərirdi ki, Mahir Abdullayev itkin düşməyib, oğurlanıb. Qeyd etmək lazımdır ki, Mahir Abdullayevlə bağlı məlumat verən bütün şəxslərin videoçəkilişi aparılıb. Hesab edirəm ki, belə görüşlərin bəzilərinin üzərində dayanmaq mənzərəyə aydınlıq gətirə bilərdi. Misal üçün Mahir Abdullayevin aqibətinə dair məlumat verən və həmin məlumatlarda Cəfərov Qulu Əli oğlunun adını dəfələrlə hallandıran şəxslərin arasında 24.11.1968-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan vətandaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 91, mənzil 83-də pasport qeydiyyatda oladuran, faktiki Bakı şəhəri, Bakıxanov qəsəbəsi Mehdi Hüseyn küçəsi, ev 1, mənzil 2-də yaşayan
Babaşov Natiq Cabbar oğlu və 23 aprel 1957-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, evli, məhkum olunmuş, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bunyadov küçəsi. Ev 42v-də yaşayan Məcidov Mirsaib Hadi oğlu da var. Belə ki, M.H.Məcidov və N.C.Babaşov 2004-ci ilin yay aylarında ABU rektorunun yanına gələrək, sonuncunun oğurlanmış kiçik qardaşı Abdullayev Mahir Islam oğlunun ilk öncə Azərbaycan daxilində, daha sonralar respublika hüdudlarından kənarda ayrı-ayrı yerlərdə saxlanılmasını, oğurlayan şəxslərin Mahir Abdullayevin buraxılması müqabilində 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini tələb etmələrini, onların həmin şəxslərlə olan əlaqələrindən yararlanmaqla bu işdə köməklik edə biləcəklərini və tələb olunan pulu Mahir Abdullayevi saxlayan şəxslərə çatdırılmasını vəd etmişdirlər. Videoları nəzərdən keçirən zaman aydın olunur ki, M.H.Məcidov və N.C.Babaşovla Mahir Abdullayevi oğurlayanların adından danışıq aparan Cəfərov Qulu Əli oğlu olub. Fikirlərimi oxucuya aydın çatdırmaq məqsədilə ətraflı olmağa çalışacam, lakin məsələnin əsl mahiyyətini qavramaq üçün təqdim olunan video görüntülərin diqqətlə izlənilməsini vacib sayıram. Dörd hissədən ibarət video-görüntü 27 may 2004-cü il tarixində ABU rektoru Elşad Abdullayevin iş otağında qeydə alınıb.
Dörd hissədən ibarət video görüntüdə iştirak edən və adları hallanan şəxslər:
1.Babaşov Natiq Cabbar oğlu – Azərbaycan Respublikası Xüsusi Dövlət Baş Mühafizə Idarəsinin sabiq əməkdaşı.
2.Məcidov Mirsaib Hadi oğlu.
3.Kələntərov Səfər Rəşid oğlu – Azərbaycan Respublikası Xüsusi Dövlət Baş Mühafizə Idarəsinin sabiq giziri.
4.Həsənov Şahin Əliqulu oğlu – idmançı, Cəlilabad rayon sakini.
5.Babayev Yasin Bəxtiyar oğlu.
6.Abdullayev Elşad Islam oğlu – ABU-nun rektoru.
7.Abdullayev Elsəvər Islam oğlu – Baş Prokurorluğun sabiq əməkdaşı:
8.Cəfərov Qulu Əli oğlu – Mahir Abdullayevin tələbə yoldaşı, ABU-nun sabiq kafedra müəllimi:
Videoların linkləri:
1.M.H.Məcidovun və N.C.Babaşovun video görüntüləri – 1 ci hissə(https://www.youtube.com/watch?v=nKohdFqAg4s&feature=share:)
2.M.H.Məcidovun və N.C.Babaşovun video görüntüləri – 2-ci hissə -(https://www.youtube.com/watch?v=vAlCt_BwG9I&feature=share:)
3.M.H.Məcidovun və N.C.Babaşovun video görüntüləri – 3 cü hissə -(https://www.youtube.com/watch?v=WnVi4m_ePA0&feature=share:)
3-cü videonun stenoqramını təqdim edirəm:
– Sahib: Elşad müəllim, ağzınızı möhkəm tutun, ağzınızdan artıq söz çıxmasın, yoxsa hamınızın başına sıxarlar.
– Elşad: Sahib müəllim, bizim ağzımız möhkəmdir.
– Sahib: Elşad müəllim Mahir tapılıb, sağdır, öz səhvi ucbatından zibilə düşüb. Dostları baqaja qoyublar. Mahir sağdır qapalı şəraitdə saxlanılır, plov yeyir. Mahirin evi ilə bir qadın danışacaq, sonra da Mahir danışacaq. Axır ki, Mahir öz səsi ilə evinə daxil olacaq. Güman ki, qadınla şəxsi-qərəzliyi var.
– Elşad: Sahib, biz heç bir şey bilmək istəmirik, məni başqa məsələ maraqlandırmır, bizi yalnız Mahir maraqlandırır, gələcəkdə söz verirəm hec bir məsələ bizi maraqlandırmayacaq. Bizə Mahirin işarətini verin, videosunu verin.
– Sahib: Elşad müəllim Mahir sağdır, yanında qadın var, videosunu verərik.
– Elşad: Biz onların qarşısında şərt qoymuşuq.
– Sahib: Elşad müəllim narahat olma? Mahir sağ-salamatdır.
– Elşad: Şamil müəllimin vəziyyəti ağırdır, bu hadisədən ağır xəstəlik keçirib, Mahiri tez buraxın gəlsin.
– Sahib: Elşad müəllim, qardaşıq, mən Sizin yanınıza dost kimi gəlirəm, xəyanət olsa, başıma bir güllə çaxaram. Kim Sizə nə deyirsə yalandır. Oğrularda hər şey düz olur, hamısı bir yerdə bir adamdır. Qardaş evinə zəng edəcək, elə Sizinlə danışacaq. Şahin cox təhlükəli adamdır, bunların özünün müxtəlif dövlət orqanlarında 10 nəfər adamı var, amma, hamısı bir adamdır, yüksək vəzifələrdə. Sözünə düz olmayan adama yubka geydirirlər.
– Elşad: Sahib bizə söz vermişdiniz köməklik etməyə, biz qardaşıq.
– Sahib: Elşad müəllim, Şahin bilsə burada kənar adam var, heç vaxt sizinlə görüşə gəlməz.
– Elşad: Qardaş, biz sizi bir həftə, 10 gündü gözləyirik.
– Sahib: Qardaş, Şahin çox bacarıqlı adamdır, Mahirin bütün işlərini bilir, xəyanət olmamalıdır.
– Elşad: Bizə Mahir lazımdır, heç bir şey lazım deyil, nə banditizm, nə bilim başqa şey, pulumuzu verib Mahiri alacağıq, bizə artıq şey lazım deyil. Biz Sahib müəllimə minnətdarlığımızı bildiririk, bizdən söhbət çıxmayacaq, şikayətimiz də yoxdur. Şahin və Natiq qalsınlar Mahirin yerinə orada (Mirbaba və gürcüstanlı Qulu Cəfərovun yanında) girov qalsınlar Mahiri mənə təhvil verən kimi pulu da verək sənə, başqa söhbət lazım deyil, yaxud pulu kimə deyirsən ona verək. Bir az problemi tez qurtarmaq lazımdır. Yaxud, Natiqlə böyük qardaşım gedib girov qalsın, Mahiri qaytaran kimi həmən dokumentləri (pulu) verək sənə. Mahirin ailəsi əziyyət çəkir, getsin balalarının üstünə. Sahib müəllim, DIN-in müavini Əsgərdən böyük adam deyillik ki, məlumdur ki, bu işlər şikayətlə keçmir, Əsgərin qardaşı oğlu polis mayorunu oğurlamışdılar, mən də pul yığılanda 2 min dollar köməklik etdim, qapı-qapı yığıb pul verdilər. Bir az Mahir geciksə Şamil kişi öləcək, ölüm-itim olmasın. Sahib müəllim, ən sadə yolu Natiq və böyük qardaşım gedib Mahirin yerində girov otursun, Mahir də gəlib çıxıb getsin ailəsinin üstünə. Yaxud da Mahiri saxlayanlar bizə iki telefon vesinlər , o , telefonlardan biri olsun Mahirin əlində, biri də bizim əlimizdə, danışdıqdan sonra telefonu dərhal bizdən götürsünlər.