MTN-nin müsadirə etdiyi məhsullar gizlicə satışa çıxarılıb?- ŞOK İDDİA
Möhürlənən və sənəd üzərində “məhv edilən” məhsullar gizlicə satışa çıxarılıb
Xeberinfo.com: “MTN işi” ilə bağlı moderator.az-a olduqca ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, Eldar Mahmudov, Akif Çovdarov və Mövlam Şıxəliyev triosu MTN tərəfindən müsadirə edilən bəzi məhsulları sənəd üzərində məhv etsələr də, əslində onları paytax və Sədərək Ticarət Mərkəzindəki bəzi işbazlaırn vasitəsi ilə satışa çıxararaq bundan milyonlarla manat gəlir əldə ediblər:
“Sabiq MTN rəhbərliyi müsadirə etdiyi bəzi məhsulları – xüsusilə də priotexniki vasitələr, fişənglər, tezalşan maddələr, partlayıcılar, aşağı keyfiyyətli və ya qaçaqmal yolu ilə gətirilən məhsulları müsadirə edərək möhürləyib və onları aktlaşdıraraq məhv edildiyi ilə bağlı saxta sənədlər hazırlayıb. Sənəddə bu məhsulların konkret şəxslərin iştirakı ilə müəyyən edilmiş yerlərdə məhv edildiyi göstərilib. Əslində isə ölkədə satışına qadağa qoyulan və ya satışı məhdudlaşdırılan bu məhsullar sabiq MTN rəhbərliyinin biznes aləmindəki əlaltıları vasitəsi ilə satılıb ki, nəticədə “qanun keşikçiləri” milyonlarla manat qanunsuz vəsait əldə ediblər”.
Mənbənin sözlərinə görə, bu məhsulların satışı zamanı maraqlı üsullardan istifadə edilib:
“Müsadirə edilən və MTN tərəfindən möhürlənən məhsullar məhv edilmək adı ilə idarənin bazasından çıxarılandan sonra onu sabiq MTN rəhbərliyinə məxsus obyektlərə aparır, həmin obyektlərdə tırlarla məhsul tamam başqa rəng və ölçülü qutulara boşaldılır, bunun ardınca bazar qiymətindən bir qədər aşağı qiymətə “münasib iş adamlarına” təklif olunurdu. Bu təklif iş adamları üçün də maddi baxımdan sərfedici olduğundan həvəslə qəbul edilirdi. İş adamlarını MTN rəhbərliyinə bağlı biznesmenlərlə əməkdaşlığa sövq edən digər bir amil isə onlardan alınan məhsulun satışı zamanı kimsənin iş adamlarına əngəl yaratmaması, bu məhsulları rahat, qorxusuz-hürküsüz şəkildə sata bilmələri idi”.
Mənbə hesab edir ki, yeni ilin yaxınlaşdığı indiki ərəfədə sabiq MTN rəhbərliyi və onlara bağlı iş adamlarının anbarlarında müsadirə edilən və satışa hazırlanan müxtəlif partladıcı və fişənglərin olması ehtimalı böyükdür. Hansı ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə aparacağı araşdırmalar konkret nəticələrin ortaya çıxmasına yardım edə bilər.
Mənbənin məlumatına görə, bəzi hallarda hansısa məhsula müsadirə adı ilə əl qoylsa da, həmin məhsullar ümumiyətlə sənədləşdirilməyib və birbaşa şəxsi obyektlərə, ticarət mərkəzlərinə göndərilib.