Polislə islamçı ekstremistlər arasında atışma: 2 polis qətlə yetirildi–VİDEO- YENİLƏNİR!
Xəbər yenilənir, son yazılar əvvəldədir.
Bu gün Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda Hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib.
Xeberinfo.com: Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir.
Məlumata görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.
Atışma zamanı daha bir neçə nəfər yaralanıb.
Onların arasında polis əməkdaşları da var.
* * *
“Baş Prokurorluq DİN-lə bir yerdə Nardarandakı silahlı insidenti araşdırır”.
Bu barədə virtualaz.org saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanovun sözlərinə görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə yaxın saatlarda məlumat veriləcək.
* * *
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirən polislərə dəstək verib.
“Report”un əldə etdiyi məlumata görə, BMCQMİ-nin əməkdaşları Nardarana polislərə atəş açıldıqdan sonra yollanıb.
BMCQMİ orada əməliyyata dəstək verib, bir neçə nəfər saxlanılıb.
***
Günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.
T.Bağırzadənin vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır. Onlardan 2-si polisdir.
Məlumata görə, ekstremistlər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Bəzi islamçılar asayiş keşikçilərinə atəş açıblar. T.Bağırzadə və ekstremistlərin digər liderləri xüsusi əməliyyat nəticəsində həbs edilib.
Xəbərdə deyilir ki, ekstremistlər DİN əməkdaşlarına “Kalaşnikov” avtomatlarından atəş açıb, həmçinin döyüş qumbaraları atıblar.
Hüquq-mühafizə orqanları yaxın saatlarda bu hadisələrə dair rəsmi bəyanatla çıxış edəcək.
***
Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.
Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.
Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.
Bu gün Tale Bağırzadədən sonra ilahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub
Məlumata görə, polis onu yaşadığı ünvandan naməlum istiqamətə aparıb. Həbs olunanların hazırda harada olduğu məlum deyil.
***
Məlumata görə, 3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya daxil olan yaralıların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir. (virtualaz.org)
***
Hadisə şahidlərinin verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Sabunçu rayonunda baş vermmiş silahlı insident nəticəsində Sabunçu Rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sadiq Həsənov yaralanıb. (Femida.az)
***
Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda Rəhimə xanım ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə 2 nəfər ölüb, bir neçə nəfər də yaralanıb. (İslamazeri.az)
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı virtualaz.org-a təsdiq ediblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilməyib.
Şahidlərdən birinin azadliq.info-ya bildirdiyinə görə isə Sabuncu rayon polis idarəsinin qarşısına bir avtobus polis, bir hərbi maşın, bir suvuran maşın, 5-6 post-patrul xidməti maşını gətirilib.
Hadisəni diqqətdə saxlayacağıq.