Azərbaycanın boru kəmərlərinə hücumda erməni izi
PKK-nın Azərbaycanın enerji layihələrini hədəf almasına Avropa niyə reaksiya vermir?; Arzu Nağıyev: “Ortada erməni-kürd iş birliyinin olması istisna deyil”
"Xeberinfo.com": PKK avqust ayında ikinci dəfə Azərbaycana məxsus qaz boru kəmərinə hücum etdi. İlk dəfə avqustun əvvəlində PKK terrorçuları Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərini partladaraq 3 gün qaz verilişini dayandırmışdılar. Avqustun 24-də Qars vilayəti ərazisində PKK terrorçuları növbəti dəfə sözügedən qaz boru kəmərini hədəfə alıblar.
PKK-nın Azərbaycana məxsus olan və Azərbaycan qazını nəql edən kəməri hədəfə alması birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, terror təşkilatı Türkiyəyə qarşı başlatdığı savaşda ordu və polis qüvvələri ilə yanaşı, məmurları, dinc sakinləri, eləcə də ölkənin mühüm əhəmiyyət daşıyan enerji xətlərini, boru kəmərlərini, magistral yolları hədəfə alır. Bununla da Türkiyəyə iqtisadi zərbə vurmaq, ölkəni sabotaj etməyə çalışır.
Ancaq PKK uzun illər Türkiyədə terror törətsə də, Azərbaycana məxsus əmlaka, boru xətlərinə zərər vurmayıb. Bunun bir səbəbi həmin layihələrin Qərbin himayəsində olması, PKK-nın isə Qərblə ciddi əlaqələri ilə izah edilirdi.
Ancaq indi görünən odur ki, bu sahədə durum dəyişib və PKK Azərbaycana məxsus layihələri də hədəfə almaqdan çəkinmir. Müşahidəçilər bunun bir səbəbinin PKK-nın beynəlxalq ictimai rəyi cəlb etmək cəhdi olduğunu düşünürlər. Ancaq Türkiyə analitiklərinə görə, son illərdə PKK həm də Ermənistanla yaxınlaşır, dolayısı ilə burda erməni faktoru da rol oynayır. Türkiyənin cənub-şərq vilayətlərindən kürdlərin şərq vilayətlərinə, xüsusən də Ermənistanla sərhəd bölgələrə - Qars, İğdır vilayətlərinə sistemli şəkildə köçürülməsi prosesi həyata keçirilib. Məhz bu cür sistemli fəaliyyətin nəticəsində Türkiyənin Qars, İğdır kimi Azərbaycandan köçmə əhalinin sıx yaşadığı bölgələrdə artıq kürdlər çoxluq təşkil etməyə başlayıb. Son seçkilərdə İğdırdan məhz HDP-nin deputat yeri qazanması buna əyani misal olaraq göstərilir.
Mütəxəssislərə görə, Ermənistanla sərhəd bölgələrin kürdləşdirilməsi PKK-nın İraqdan sonra daha bir qonşu ölkədə möhkəmlənməsi məqsədinə xidmət edir. Yəni Ermənistanda möhkəmlənən PKK Suriya və İraqdan sonra Ermənistanda da düşərgəsini quraraq daha bir mərkəzini yaradacaq. Bölgənin kürdləşdirilməsi PKK-nın bu planının gerçəkləşdirilməsi üçün mühüm rol oynayır. Digər tərəfdən, Ermənistanın özü də Türkiyəyə təzyiq rıçaqı əldə etmək üçün bu planda maraqlı ola bilər. Xüsusən də Rusiya amilinin də bu məsələdə rol oynadığı türkiyəli ekspertlərə görə, önəmli rol oynayır.
Siyasi şərhçi, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, PKK-nın qaz kəmərinə hücumları ilk növbədə Türkiyəni provokasiya etmək məqsədi güdür: “Burada söhbət Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərindən, daha doğrusu, onun Türkiyə ərazisindən keçən hissəsindən gedir. Bu hissə Qars ərazisidir və Sarıqamış qəsəbəsindən keçən sahədir. Ümumiyyətlə, burada PKK-nın tərəfdarları çoxluq təşkil edir və son vaxtlar həmin ərazidə partlayış olub, bunun da PKK terrorçuları tərəfindən törədildiyi artıq məlumdur. Türkiyənin bu əraziləri son seçkilərdə də HDP-nin qələbə qazandığı ərazilərdir və təəssüf ki, bu ərazilərdə kürdləşdirmə və erməniləşdirmə də gedir və bunun da təsiri artıq görünməkdədir. Boru kəmərinin qorunmasına baxmayaraq, eyni ərazidə bir neçə partlayışın olması buna bariz sübutdur”.
A.Nağıyevə görə, kəmərdə birinci partlayış və dəfələrlə baş verən təxribat hadisələri iqtisadi cəhətdən əlbəttə ki, bizə də sərf etmir: “Hər dəfə təmir başa çatana qədər qaz nəqli də dayandırılır və BOTAŞ şirkəti də digərləri ilə müqayisədə daha çox iqtisadi ziyan çəkir. Əgər hiss edirsinizsə, nə Avropa, nə də digərləri buna ciddi reaksiya vermir və cavabdehliyi BOTAŞ şirkətinə yönəldir, arqument də ondan ibarət olur ki, qaz kəmərinin həmin hissəsinin mühafizə işini Türkiyə tərəfi, BOTAŞ şirkəti həyata keçirir və onlar birbaşa cavabdehdir”.
Ancaq ekspertin fikrincə, bu partlayışlar ilk növbədə Azərbaycanın iqtisadi maraqlarına zərbə vurur: “Belə yanaşma əlbəttə ki, bizi razı sala bilməz, çünki Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən, əsasən kürdlərin nəzarətində olan və o qədər də böyük olmayan bir qəsəbədir və böyük şirkətlərə meydan oxumaları müəmma doğurur. Məhz buna görə də baş verənləri nəzərə almaqla, siyasi məsələlərdən nəticə çıxarmaqla, həmin ərazidə təhlükəsizlik tədbirləri daha da gücləndirilməli, hətta lazım gəlsə, ordu və ya digər hərbi birləşmələrdən istifadə edilməlidir. Bu partlayışlar həm ermənilərə, həm də kürdlərə sərf edir”.
Musavat.com