Generalın adam bıçaqlayan oğlunu azadlığa buraxdılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin işi üzrə məhkəmə prosesi keçirilib
"Xeberinfo.com": Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, CM-in 126.3-cü maddəsi ilə ittiham olunan Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, T.Əsədullayev Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda ittiham olunurdu.
Həmin qanlı dava aprelin 10-da bir neçə nəfərin iştirakı ilə baş vermiş, bu zaman bir nəfər bıçaqlanmışdı. Davanın iştirakçılarından biri general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev idi. O, hadisə yerindən qaçıb gizlənmiş, dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanmışdı.
Həmin vaxt yayılan xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənmiş, oğlunu taparaq əvvəlcə özü tənbeh etmiş, daha sonra onu polisə təhvil vermiş və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr etmişdi. Növbətçi məhkəmənin qərarı ilə generalın oğlu barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər.
Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi.
Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmış və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.
Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəmiş və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlamışdı.
Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.
Belə görünür ki, generalın oğlunun növbəti dəfə bir nəfərin bıçaqlanması ilə müşayiət olunan davaya qarışması onun atasını boğaza yığıb və Əsədullayev oğlunu həbs etdirməkdən başqa yol görməyib.
Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.