Banklarından pul oğurlayan hakerlərə 28 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompüterlərlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başa çatıb.
"Xeberinfo.com": Məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmü ilə Fərid Hadıyev 10 il, Yaşar Ələkbərov və Rinat Aqarunov 9 il 6 ay, Nasir İbrahimov 6 il 6 ay, Fərrux Bayramov və Nair İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib.
Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç və İfraimov Nair İlişayeviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaxın tanışı Yaşar Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir bankda etibar etdikləri Azərbaycan Respublikası vətəndaşlarının adına bank hesabları açmağı tapşırıblar. Nasir İbrahimov Fərrux Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların adına bank hesablarını açmağı təklif edib, Fərrux Bayramov və Rinat Aqarunov da bununla razılaşıblar. Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq, hər ikisi üçün “MasterCard Standard” plastik kartı sifariş etmiş və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər.
Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini öyrənərək, həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərib. Yaşar Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun “MasterCard Standard” plastik kartına, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat Aqarunovun “MasterCard Standard” plastik kartına köçürüb və hər iki halda Fərid Hadiyevi məlumatlandırıb.
Pulların köçürülməsindən sonra Fərid Hadiyevin tapşırığına əsasən, Nasir İbrahimovla Fərrux Bayramov birlikdə sonuncunun adına olan plastik kartdan istifadə etməklə Bakı şəhərində müxtəlif yerlərdə yerləşən bankomatlar və bank filialı vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıblar. Nair İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıb. Beləliklə, Fərid Hadıyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və Nair İfraimov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb nağdlaşdırdıqları 254 min ABŞ dolları məbləğində pulu öz aralarında bölüblər.
Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam etdirməyə cəhd göstərərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.