“Azadlığ“ın Çexiyadakı Bakı ofisində maliyyə fırıldağı
Radionun rəhbəri işdən çıxarılıb
Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib.
“Yeni Müsavat” qəzetinin yaydığı xəbərə görə, səbəb radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalardır. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb.
Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Hazırda Çexiya hökumətindən sığınacaq istəyən həmin əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb.
Radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi yasaqdır.
Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.
Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.
Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa “Azadlıq” qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq, Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.
Azadlıq Radiosunun baş ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil, bir sıra işçilərinin Azərbaycandan getməsidir.
Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində çalışır.
Azadlıq Radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən getməsidir. Qaynaq iddia edir O, Azərbaycan xidmətinin hazırladığı satirik buraxılışların müəllifi olub və radioda Kənan Kazımoğluna ən yaxın şəxslərdən biri kimi tanınırdı.
Azadlıq Radiosu kimi nüfuzlu bir qurumun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi diqqətindədir. Vaşinqton Azərbaycan-Qərb münasibətlərinin kəskinləşdiyi vaxtda Azadlıq Radiosunun işgüzar nüfuzuna ziyan vuran əməllərə görə narahatlıq keçirir.
Yada salaq ki, Xədicə İsmayıl həmişə guya qrant almadıqlarını iddia edirdi. Amma indi tam əks mənzərə ortaya çıxır: bəlli olur ki, `Azadlığ`ın Bakı ofisində əməlli-başlı korrupsiya var imiş. O dərəcədə ki, həttta məsələyə radionun baş ofisi də qarışmalı olub. Və bunu guya ölkədə korrupsiyaya qarşı mübarizə apardıqlarını deyən adamlar ediblər!