Azadlıq radiosunun ofisi möhürləndi
“Azadlıq” radiosunun Bakı bürosunun Yasamal rayonunda, “Kaspian Plaza”da yerləşən ofisində axtarış başa çatıb və sonda ofisin qapısı möhürlənib.
"Xeberinfo.com": Məlumata görə, prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıblar. Onlar ofisi möhürləyərək polisə təhvil veriblər.
“Azadlıq” radiosu saat 15:39-da Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yeni xəbər yayıb.
Xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Bundan başqa, ofisdən radioya məxsus yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparatlar və videokameralar götürülüb.
Azadliq Radiosu Bakı ofisi radionun möhürünü müsadirə edilməsilə bağlı bildiriş yayıb. Bildirib ki, bunu həyata keçirən şəxslərin radionun adından istənilən saxta sənəd hazırlamaq imkanı yaranıb. Azadliq Radiosu xəbərdarlıq edir ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.
Axtarış-götürmə əməliyyatı bu gün saat 10:30 radələrində başlayıb.
Əməliyyat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
* * *
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin mərkəzi ofisi Çexiya paytaxtı Praqada yerləşir.
Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı:“Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar.
Biz bu hadisəni məhz “Azadlıq” radiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün bu günün seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, “Azadlıq” radiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.
Kənan Kazımoğlu deyib ki, “Azad Avropa/Azadlıq” radiosunun rəhbərliyi Bakı bürosunda aparılan axtarış barədə məlumatlıdır: “Həm Vaşinqton, həm də Praqada oturan rəhbərlik axtarışla bağlı məlumatlandırılıb. Baş Prokurorluğun bu addımına müvafiq reaksiya veriləcək”.
“Baş Prokurorluq bəyan edib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Bu cinayət işinin mahiyyəti haqda məlumatınız varmı” sualına Kənan Kazımoğlu belə cavab verib: “Ola bilər ki, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan hansısa cinayət işi var. Prokurorluğun işi cinayət işi qaldırıb onun istintaqını aparmaqdır. Bunun “Azadlıq” radiosuna nə aidiyyəti olduğunu öyrənmək istəyirik. Bütün addımlara hüquqi qiymət verilməlidir”.
“Azadlıq” radiosu ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır.
* * *
Baş Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarışla bağlı “Media forum” saytının sorğusunu cavablandırıb.
Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
Bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisində axtarışa başlayıb. Saat 10:30 radələrindən başlayan axtarış hələ davam edir.
* * *
Bu dəqiqələrdə “Azadlıq” radiosu məsələ ilə bağlı qısa məlumat yayıb. Həmin məlumatda deyilir: “Bu gün təxminən saat 10:30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar.
Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iştiraka iki radio əməkdaşı da qoşulub”.
* * *
“Media forum” saytı xəbər verir ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib.
Prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir.
“Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.