“Oliqarxqeyt həbsləri” barədə yeni ilginc bilgilər
Bir neçə məmur və deputat övladı kredit borcunu qaytardıqdan sonra azad olunublar; Cahangir Hacıyevin yeri bilindi
"Xeberinfo.com": Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. Onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar.
Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub. Adıçəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.
Beynəlxalq Banka külli miqdarda kredit borcu olan vəzifə sahibləri sırasında hətta nazirlər və komitə sədrlərinin də olduğu vurğulanır. O da qeyd olunur ki, “Beynəlxalq Bank işi” ilə bağlı məsələ gündəmə gətirildikdən sonra həmin məmurlar bərk qorxuya düşüb, çıxış yolu axtarmaqdadırlar. Modern.az etibarlı mənbədən əldə etdiyi xəbərdə bildirilir ki, hətta bir neçə məmur və deputat övladı kredit borcunu qaytarmadığına görə həbs edilib, yalnız borcu ödədikdən sonra azad olunublar.
Kredit alıb qaytarmayanlar 1 ay ərzində hər şeyi qanun çərçivəsində həll edəcəklərinə dair iltizam veriblər.
Bu arada mətbuatı günlərdir aradığı Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev haqda da məlumat yayılıb. “Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. Onu heç kim həbs etməyib, hazırda Azərbaycandadır”. Bunu azvision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ölkədən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən E.Behbudov bunun cəfəngiyyat olduğunu bildirib.
Adı “Cahangir Hacıyev işi”ndə hallanaraq saxlanılmış sabiq deputat Dünyamin Xəlilova məxsus “Globus Plaza” isə satışa çıxarılıb.
D.Xəlilovun saxlanılmasından sonra (bəzi məlumatlara görə, o, ölkədən qaçıb) plazada axtarış işləri həyata keçirilib və kassalar möhürlənib. Plazanın mühasibləri isə dindirilmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Daha sonra isə şirkətin satışa çıxarılması məsələsi müzakirə olunub.
Plaza işçilərinin verdiyi məlumata görə, şirkətin artıq ilk müştərisi var. Müştərinin adı çəkilməsə də, onun türkiyəli iş adamı olduğu deyilir.
Məlumat üçün deyək ki, Cahangir Hacıyevə məxsus brend mağaza “Harvey Nichols” da “Globus Plaza”da yerləşir. Onu da bildirək ki, “Harvey Nichols” brendi adına xələl gətirdiyi üçün C.Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb.
Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” Ticarət Mərkəzi də satışa çıxarılıb. Axar.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır. Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir.
“İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada 200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.
Ticarət mərkəzinin son dönəmlərdə həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.(musavat.com)