EKS-DEPUTAT DÖVLƏTİN 2 MİLYARDINI “YEYİB”
Dünyamin Xəlilovla Qorxmaz Paşayev fantastik məbləğdə kredit alıb qaytarmırlar
"Xeberinfo.com": Aktivlərinin böyük hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb geri qaytarmayan iş adamlarının bir çoxu istintaqa cəlb olunsa da, istintaqdan yayına bilənlər də az deyil. Belə şəxslər sırasında Beynəlxalq Bank prezidenti olmuş Cahangir Hacıyevə yaxın kadrlar da var. Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovdur. O, istintaqdan yayına bilib. Deyilənə görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat (!) kredit alıb, həmin krediti geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib.
Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. Eks-deputatın hələ ki nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.
Beynəlxalq Bank işinin istintaqı başlanan gündən ölkədən gedənlərdən biri də Cahangir Hacıyevin “sağ əli”Qorxmaz Paşayevdir.
“T.T.Ş” MMC-nin prezidenti olan Q.Paşayevin rəhbəri olduğu MMC uzun illər C.Hacıyevin sayəsində dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub. Q.Paşayev ölkədən gedəndən sonra onun şirkətinin Şamaxıda həyata keçirdiyi su və kanalizasiya çəkilişi layihəsi də yarımçıq dayandırılıb. Qaynağımız bildirib ki, uzun illər Rusiyada yaşamış Q.Paşayevin orada yaşayan azərbaycanlı sahibkarlarla münasibətləri korlanıb, külli miqdarda borca görə Azərbaycana gəlib. Bundan sonra C.Hacıyevlə münasibətləri yaranıb. Beynəlxalq Bankdan götürdüyü pullar və bilavasitə bank rəhbərinin şəxsi pullarının dövriyyəsində fəal iştirakçı olub. Q.Paşayevin C.Haciyevin dostluğu onun şirkətinin iştirakçısı olduğu bütün tenderlərin udmasına səbəb olub. Məsələn, “Qaçqınkom” tərəfindən keçirilən, Qusar-Baki su kəmərinin çəkilməsi üçün keçirilən, həbsxana tikintiləri üçün keçirilən, Şamaxı su və kanalizasiya çəkilişi üçün keçirilən tenderlərin bir qayda olaraq Q.Paşayevin şirkətinin qalib olması buna sübutdur. Qaynağımız deyib ki, C.Hacıyevlə Q.Paşayev əldə etdikləri milyonlar hesabına Bakıda və Ukraynada böyük restoranlar şəbəkəsi alıblar və saysız-hesabsız obyektlərə yiyələniblər.
Qaynağımız Q.Paşayevin vergidən yayınmaq üçün əl atdığı maxinasiyanı da açıqlayıb. Deyib ki, ona məxsus şirkətin baş ofisi Babək prospektində yerləşir. 1-ci mərtəbəsi “Embavood” şirkətinə icarəyə verilib. Q.Paşayev “Embavood”dan müqavilədə göstəriləndən qat-qat çox vəsait alır, bununla da vergidən yayınmağa müvəffəq olur. Onun vergidən yayınmaq üçün tətbiq etdiyi bu üsuldan digər obyektlərində də istifadə etdiyi bildirilir. Qeyd olunur ki, Q.Paşayevin bu üsuldan istifadə etməsini Vergilər Nazirliyində bilənlər var. Həmin yüksək vəzifəli vergi məmuru C.Hacıyevə yaxınlığı olduğundan, Q.Paşayevin əməlinə göz yumulur.
Qorxmaz Paşayev soyadından sui-istifadə edərək hakimiyyətlə bağlarının olduğu haqda ətrafında yalançı rəy yaradıb. Halbuki, onun Paşayevlərlə yaxından-uzaqdan heç bir qohumluğu yoxdur.
Yada salaq ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıb.(musavat.com)