Beynəlxalq Bankla bağlı iş adamlarının kütləvi həbsi davam edəcək
«Beynəlxalq Bank işi» böyüyür; hökumət daxilində ciddi qarşıdurma yarana bilər
"Xeberinfo.com": Redaksiyamıza daxil olan məlumata görə, həbslər əsasən bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın iş adamlarını əhatə edəcək. Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi artıq 70-ə yaxın iş adamını saxlayıb. Onlardan bir neçəsi barədə həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında “Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev, “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və 2000-ci illərdə məşhur olan biznesmen Əli Ansuxskinin oğlu Abdul Ansuxski də var.
Mayın 11-də iqtidaryönlü mediada bu adamların həbsi barədə məlumatlar dərc edilsə də, sonradan yığışdırıldı. Dünən isə eyni məlumatlar yenidən tirajlanıb. Bu da xəbərlərin əsassız olmadığını göstərir.
Qeyd edək ki, həbs edilənlərin əksəriyyəti Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdir. Bildirilir ki, onlar Beynəlxalq Bankdan kredit yolu götürdükləri milyardlarla manatı mənimsəməkdə ittiham olunur. Məlumata görə, Cahangir Hacıyevin bankın rəhbərliyindən uzaqlaşdırılması da yaxın ətrafına milyardlarla manat kredit verməsi və həmin pulların isə qaytarılmaması ilə bağlıdır. Məlumat üçün deyək ki, Beynəlxalq Bank ən çox kredit verən bank kimi tanınır. Ölkə üzrə kredit portfelinin 60 faizi bu bankın payına düşür.
Bildirilir ki, Cahangir Hacıyevə yaxın şəxslərə kredit bəzi “güzəştlərlə” verilib. Məsələn, onlar banka kreditin məbləğinə adekvat olmayan girovlar qoyub və bu baxımdan kreditləri qaytarmaqda maraqlı olmayıblar.
Bütün bunlar barədə ölkə başçısı Ilham Əliyevə məlumat verildikdən sonra Cahangir Hacıyevin istefaya göndərilməsi, ona yaxın iş adamlarından isə götürdükləri kreditləri geri almaq qərarı verilib. Ölkə başçısı bu işi DIN-ə həvalə edib.
Bildirilir ki, pulları geri qaytaran iş adamlarının həbs olunması məqsədəuyğun sayılmır.
Məlumatda o da bildirilir ki, baş verənlər hakimiyyət daxilində ciddi qarşıdurmaya səbəb ola bilər. Məsələ burasındadır ki, Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. “Beynəlxalq Bank işi” isə yuxarıda qeyd etdiyimiz kimi DIN-ə tapşırılıb. Daxili işlər naziri Ramil Usubovla Eldar Mahmudov arasında münasibətlər onsuz da gərgindir. Indi Ramil Usubovun əlinə düşən fürsətdən yararlanacağı, Eldar Mahmudovun isə buna qarşılıq verəcəyi gözləniləndir.
Baş verənlərdə Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibarhimovun qardaşı, “Xəzər adaları” layihəsini reallaşdıran Hacı Ibrahim Nehrəmlinin adı çəklir.
Beynəlxalq Bankın “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyini yazıb.
Marja.az yazır ki, bir müddət əvvəl Hacı Ibrahim Nehrəmli redaktorlar ilə görüşündə bildirib ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb. “Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə, ”Xəzər adaları" layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir", - deyə o bildirib.
Ibrahim Nehrəmli əlavə edib ki, faizləri ilə birlikdə Beynəlxalq Banka borcu 70 milyon dollardır.
Hacı Ibrahim Nehrəmli qeyd etmişdi ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb: “Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: ”Binaları başqa banklara girov qoya bilərəm?", deyir “yox”. Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir “Bəli”. Deyirəm, “cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür”. Beynəlxalq Bank isə deyir ki, yox daha mənim pulum yoxdur. Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, “onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan”. Iş adamı sözlərinə belə davam edib: “Hacı Ibrahim pul alıb ödəməyib. Belə bir şey ola bilməz. Cəmi 57 milyon dollar kredit almışam. Bütün yerdə danışırlar və yuxarılara yazırlar ki, ”Hacı Ibrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır". Bir dayanın və bu şəhərin qapısından içəri girin, görün mən pulları dağıtmışam, yoxsa bura yatırmışam?!".
Hacı Ibrahim Nehrəmli bildirib ki, Beynəlxalq Bank 8 faizlə ayırdığı krediti devalvasiyadan sonra 12 faizlə geri istəyib: “Mən Beynəlxalq Bankdan 8 faizlə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12 faizlə ödəyim. Əgər gecikdirsəm 18 faizlə ödəyəcəm. 18 faizlə də kredit olar? 18 faizlə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə, faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım”.
Azadlıq.info