Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimlər başlayıb.
APA-nın xəbərinə görə, bu gün səhər Çanaqqala şəhərinin Cümhuriyyət Meydanında keçirilən ilk mərasimdə müdafiə naziri İsmət Yılmaz Çanaqqala savaşlarının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyub.
Daha sonra 21 dəfə top atəşi açılıb, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Mərasimlər silsiləsi 19 mart stadionunda davam edəcək.
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyənin tanınmış televiziya jurnalisti, TRT kanalının Bakıdakı keçmiş təmsilçisi, Marmara Universitetinin müəllimi Əbdülhəmid Avşar 1912-ci ildəki Balkan savaşlarından başlayaraq Çanaqqala savaşı və İstiqlal savaşına qədər Azərbaycandan göndərilən yardımlar və savaşda iştirak edən azərbaycanlı əsgərlər və həmçinin Azərbaycanın müstəqilliyinə Osmanlı tərəfindən verilən dəstək barədə üç hissəli sənədli film hazırlayıb.
Çanaqqalada yatan Azərbaycan şəhidlərinin məzarları son 10 ildə Azərbaycan dövlətinin də dəstəyi ilə bərpa edilib.
* * * 09:52
Bu döyüşlərdə 3 mindən çox Azərbaycan əsgəri də şəhid olub
Martın 18-i Çanaqqala şəhidlərini anım günüdür.
ANS PRESS- xatırladır ki, Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya Türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itiriblər.
Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.
Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi tarixə 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.