Yenixeber.org: A.İsmayılzadə Azərbaycan xəstəxanalarında yeni doğulan körpələrin doğulduğu gündən süni qidalarla qidalandırılması ilə bağlı problemi qabardaraq həm həkimlərin, həm də sıravi vətəndaşların bu kampaniyaya dəstək verməsini istəyib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti
Mehriban xanım Əliyevaya Müraciət
Hörmətli Mehriban xanım!
Doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Sizə bir pediatr olaraq müraciət edirəm. Dəhşətli faktlar ondan ibarətdir ki, istər dövlət, istər özəl doğum evlərində demək olar ki, əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilir. Analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Əmizdirmə üzrə məsləhətçilər şöbəyə buraxılmır,onların analarla görüşü təmin edilmir. Neonotoloqlar başda şöbə müdirləri olmaqla maddiyyat qarşılığında uşağın həyatınn ilk günündən valideynlərə süni yemək aldırırlar.
Hər kəsə məlumdur ki, əsasən də həkimlər çox gözəl bilir ki,yeni doğulmuş körpənin ilk olaraq ana südü alması, ilk saatlarda əmizdirilməsi onun sağlamlığı üçün nə dərəcədə vacibdir. Bu, danılmaz faktdır. İstər özəl, istər dövlət xəstəxanalarının doğum şöbələrində isə bunun tam əksi baş verir. Ana südü olduğu halda körpəyə ən azı 3 gün süni qida verilir. Bunun sonrakı fəsadlarını isə biz pediatrlar görürük.
Uşaqlar ana südündən imtina edir, həzm problemləri yaşayır, allergik vəziyyətlərlə tez-tez rastlaşırlar. Ana tərəfdən də bir sıra həm psixoloji, həm fiziki narahatlıqlar baş verir. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlıqları ilə ilk gündən bu cür oynanılmasına icazə veməyəcəyinizə inanıram. Bu məsələ ilə şəxsən özünüzün maraqlanmanızı çox istərdik, əks halda bu vəziyyət hələ çox davam edəcək .
Doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılması, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsi daha məqsədə uyğun olardı.
Doğum evində həkimlərin səhvindən ana südündən məhrum qalmış körpələr, Azərbaycan anaları və gələcəyimiz adından məktubumuza tezliklə müsbət cavab alacağımıza ümid edirəm.