Qaz, sayğac, limit, zəhərlənmə.. - “Azəriqaz”ın keçmiş əməkdaşı faktları açıqladı
Bu ilin ilk yarısında Azərbaycan xaricdən 183,2 min ədəd qaz sayğacı alıb, bu da 2018-ci ilin eyni dövründən iki dəfə çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Azərbaycana Çin (94 min) və Fransa (87,1 min) istehsalı məişət və s. qaz sayğacları gətirilir.
Yenixeber.org: Çin müəssisələri sayğacları 23,92 dollardan, Fransa müəssisələri 88,91 dollardan satır. Bu il həmçinin Almaniyadan ümumi dəyəri 84,6 min dollar olan 121 ədəd, Slovakiyadan 130 ədəd (104,5 min dollar) və Türkiyədən 1,7 ədəd (18,9 min) müxtəlif təyinatlı qaz sayğacları alınıb.
Sayğacların istifadə müddəti və yeni sayğacların gətirilməsi ilə bağlı Cebhe.info-nun suallarına cavab verən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımlı Çindən gətirilən sayğacların istifadə müddətinin 5 il nəzərdə tutulduğunu və yeni sayğacların gətirilməsinin modernizasiya (təkmilləşdirmə) ilə bağlı olduğunu deyib:
“Hazırda istifadə olunan sayğaclar Çin istehsalıdır. Çin də keyfiyyətsiz malları ilə dünya bazarını xarabaya döndərib. Çinin istehsalı orijinaldan çox fərqlənir. Çünki Çində işçi qüvvəsi ucuzdur və buna görə də xarici şirkətlər orada zavodlar açır, keyfiyyətsiz məhsul istehsal edir. Mən “Azəriqaz”da işləyəndə ölkəyə Çin sayğacları gətirildi. Bu sayğaclar da keyfiyyətsiz idi. Sonra da Fransa ilə müqavilə bağladılar. Onların da şirkətləri Türkiyədə olduğu üçün orada istehsal edirdilər. Sayğacların dəyişdirilməsi isə eyni zamanda madernizasiya prosesi ilə bağlıdır. Yəni təkmilləşdirilmiş formalı sayğaclar gətirilir. Sayğaclar şaquli quraşdırılmalıdır. Əvvəlkilər 5% üfiqi vəziyyətdə quraşdıranda sayğac yazmırdı. Camaat da bunu bilir və nəzarət olmayan kimi qazı oğurlayır, müxtəlif müdaxilələr edirdilər. Ona görə də sayğaclar modernləşdirilir və sayğaclar da elə quraşdırılır ki, oğurluq halları olmasın”.
Ekspert bildirib ki, elektron sayğaclar mexaniki sayğaclardan daha üstündür:
“Çünki ödəniş kartla aparılacaq və sayğaca heç bir müdaxilə olunmayacaq. Elektron sayğaclar quraşdırılanda 50-60 tikinti təşkilatı ilə müqavilə bağlamışdılar ki, onların da içindən dələduzlar çıxdı. Lakin indi “Azəriqaz”ın öz tikinti təşkilatları var ki, onlarla müqavilə bağlayır. Onlar da yanlış iş görməzlər. Çünki bilinir ki, hansı təşkilatdır və orada kimlər işləyir. Qeyri-qanuni bir hal aşkarlanarsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”.
Nüsrət Qasımlı bildirib ki, problem qazda limit məsələsidir:
“Mən bir ekspert kimi deyirəm ki, dünyada belə qayda heç yerdə yoxdur. Satılan məhsulun satış miqdarı artdıqca, qiyməti aşağı düşməlidir ki, çox satılsın. Ancaq bizdə kim nə qədər yandırırsa, o qədər ödəyir. Bu, qənaət deyil. Limit ancaq zənginlərə sərf edir. Çünki evlərini qızdırıcı cihazlarla isidir və qidalanmaq üçün dördgözlü qaz sobasından istifadə edirlər. Bütün dördgözlü sobaların bütün gözləri işləyəndə də 1 saatda 0.57 kubmetr qaz sərf edir. Bu da ayda cəmi 200 kubmetr etmir. Rayon yerində isə belə deyil. Evlərdə hər otaqda qaz batareyası, divar sobası və ya kamen qurulursa, sərfiyyat 1 saatda 3 kubmetrdən az deyil. Bu da gün ərzində 10 saat yanarsa, ayda 900 kub metr eləyir. Zaman da təxminən 75 gün çəkir. Digər 9 ay yarım insanlar ikiqat qazpulu ödəyir. 200 manat pensiya ilə 10 aya yaxın qazpulunu limiti keçmiş şəkildə necə ödəsin? Mən hər zaman iqtidarda işləmişəm. Amma bu münasibəti başa düşmürəm. Limit ləğv olunmalıdır. 1 kubmetr qazın təmiz yanması üçün 9.5 kubmetr hava lazımdır. Bu proses də müasir ekonomlu isitmə cihazlarında mümkündür. Əhalinin istifadəsində hazırda 800 mindən çox qeyri-ekonomik cihazlar var. Əgər iş görmək istəyirlərsə, bunları ləğv edib ekonomik ocaq qurğuları quraşdırsınlar, bu da olsun qənaət. Bunu etməkdənsə, limit qoyublar”.
Ekspert qazın keyfiyyəti ilə bağlı mübahisəli fikirlərə də münasibət bildirib:
“Mətbuat yazır ki, qaz zəhərlidir. Qaz zəhərli deyil. Qazın yanma məhsulu zəhərlidir. Çünki hava çatışmayanda və ya artıq olanda CO2 (Karbon IV oksid) əvəzinə CO (karbon monoksid) yaranır ki, bu da zəhərlidir. Məlumat üçün deyim ki, 2016-cı ildə 450, 2017-ci ildə 270, 2018-ci ildə 170, bu il də 30-40 qazdan zəhərlənmə halı baş verib. Azalma mətbuatın maarifləndirməsinin nəticəsidir”.