7 aprel – Ümumdünya Sağlamlıq Günüdür
Yenixeber.org: Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır. 2016-cı il Ümumdünya Sağlamlıq Gününün mövzusu fiziki aktiv olmaqla, sağlam qidalanmaqla, tibbi məsləhətlərə riayət etməklə, şəkərli diabetlə mübarizəyə həsr olunub: “Diabetə qalib gələk!”.
Bu gündə bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimaiyyətin diqqətini problemin əhəmiyyətinə yönəltmək və problemin həllinə yardım göstərmək üçün maraqlı tərəflərin bir araya gətirilməsi məqsədilə silsilə görüşlər, tədbirlər keçirilir.
2016-cı il aprelin 7-də Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Günü qeyd olundu.
“2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən tədbirdə ictimai səhiyyənin qarşısında dayanan əsas vəzifələrdən biri kimi, şəkərli diabetin profilaktikası barədə məlumatlar diqqətə çatdırıldı.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Ş. Mirzəzadə tərəfdaş təşkilatlarla birgə İSİM tərəfindən həyata keçirilən məlumatlandırma tədbirlərindən söhbət açdı. Qeyri-infeksion xəstəliklər, o cümlədən şəkərli diabetlə bağlı əhalinin maarifləndirilməsi məqsədilə çap materiallarının hazırlandığı barədə məlumat verdi.
Digər məruzələrdə də respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə görülən mütəmadi işlərə nəzər salındı: “Düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemi aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.”
Çıxış edənlər ÜST-nin 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabetlə mübarizədə hər kəsi həmrəy olmağa çağırdılar.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı