Nəriman Əliyevin “Ştutqart” bəlası:iflas, dələduzluq və … + FOTOLAR
Yenixeber.org: Azərbaycanda qanunla biznes fəaliyyəti qadağan edilən şəxslərin bu qaydanı pozması adi hala çevrilib. Nazirlərin, deputatların biznesi artıq açıq hal alıb. Belə şəxslərdən biri də 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevdir. Parlamentin passiv deputatlarından olan N.Əliyev bir çox biznes sahələrində özünü göstərmiş oliqarxlardan sayılır.
Nəriman Əliyevin “Ştutqart”ı və biznes dünyası
Deputatın biznesi ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda diqqət çəkən məlumat “Ştutqart” mağazalar şəbəkəsidir. Bildirilir ki, Masallının deputatı Nəriman Əliyev 2004-cü ildən “Ştutqart” mağazalar şəbəkəsini yaradıb. Mağazalar şəbəkəsinə rəsmi rəhbərliyi Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev həyata keçirir. Qeyd edək ki, “Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır. İddialara görə İranla biznes əlaqələrində “ilişən” iş adamı MTN-nin təcridxanasına gətizdirilib və bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilib. Bununla da N.Əliyevin deputatlığa yolu açılıb.
“Ştutqart”ın MTN problemi
Məlum MTN olaylarından sonra hədəfə gələn deputat Nəriman Əliyev hazırda çox çətin günlərini yaşayır. Bununla bağlı mediada yayılan məlumatlardan aydın olur ki, deputata məxsus “Ştutqart” mağazalar şəbəkəsi iflas həddindədirlər. Amma səbəb yalnız infilyasiya deyil. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan belə aydın olur ki, İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan “Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədyi üçün böyük ziyana düşdüyü deyilir.
Alman markası adı altında “kitayski” mallar
Mediada sözügedən biznes şəbəkəsinin adı müxtəlif qalmaqallı olaylarda hallanır. Məlumat üçün bildiriək ki, ehtiyat hissələri 3 qismdə istehsal olunur: orijinal, zavodun lisenziyası əsasında fəaliyyət göstərən müəssisələr və qeyri-qanuni yolla istehsal edilən ehtiyat hissələri. Lakin son dövrlər 3-cü qism ehtiyat hissələri bazarı ələ alıb ki, bunlar da, əsasən, Çin istehsalıdır. Malların ucuzluğu alıcı cəlb etsə də, keyfiyyətin aşağı olması sonradan ağır fəsadlara, bədbəxt hadisələrə gətirib çıxarır. Deyilənlərə görə, “Ştutqart” mağazalar şəbəkəsində müştərilərə əsasən bu cür məhsullar, yəni Çin istehsalı olan avto ehtiyat hissələri təqdim olunur. Adıçəkilən mağazanın mərkəzi ofisində və filiallarında belə hallar da olur ki, keyfiyyətsiz ehtiyat hissələri orijinal bağlamalarda satılır. Həmin ehtiyat hissələri isə Çində ən keyfiyyətsiz materiallardan hazırlanır, avtomobilə qoyulan zaman isə müəyyən fəsadlara səbəb olur. Məsələnin maraqlı tərəfi ondadır ki, bu cür ehtiyat hissələrinə baxış zamanı bu işdə peşəkar olmayan insan heç bir fərq görməyəcək. Bu isə ağır nəticələrə gətirib çıxarda bilər. İnsanların idarə etdiyi maşının ehtiyat hissələrinin keyfiyyətsizliyi birbaşa onları ölümə sürükləmək deməkdir. Dövlət məmuru olan bir sahibkarın bu cür əməllərlə insanların həyatları ilə oynayaraq, onları dövlətdən narazı salacaq addım atması Cənab Prezidentin sahibkarlığın inkişafı üçün sahibkarlara diqqət, qayğı siyasətinə kölgə sala bilər. Bu isə bir dövlət məmuru üçün yolverilməz olmalıdır .
Deputatın bacısı oğlunun müəmmalı soyğunçuluğu
Xeyli vaxtdır “Ştutqart” mağazalar şəbəkəsində baş verən neqativ hallarla bağlı mətbuatda ciddi iradlar səslənir. “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayevin imzası ilə təsdiqlənən həmin sənəddə işıqların yandırılmasına görə cərimə kəsilib. Bu zaman 3 nəfər işçi 100, 1 nəfər işçi isə 50 manat məbləğində cərimə olunub. Şirkət iddia edə bilər ki, cərimələr daxili qərarla verilir və burada hansısa qanun pozuntusu yoxdur. Amma müxtəlif bəhanələrlə kütləvi şəkildə işçiləri cərimələmək, yolverilməzdir. Bu, sadəcə işçilər arasında sosial narazılıq yaratmaqdan başqa bir şey deyil.
“Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayevin Masallı rayon sakini hazırda Bakı şəhərində yaşayan Rəfiyev Fərhad Rasim oğlunun evini və avtomobillərini əlindən alması barədə mediada geniş yazılıb. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, bu məsələ ilə bağlı ciddi sənədlər də üzə çıxmışdı.
Qeyd edək ki, həmin sənəddə deputat Nəriman Əliyevin bacısı oğlu “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayev öz imzası ilə təsdiqləyir ki, vətəndaş Fərhad Rəfiyevdən 300 000 (üç yüz min) manat məbləğdə pul alıb. Adını da qoyub şirkətə vurduğu zərərin əvəzi. Fərhad Rəfiyev bildirir ki, “Ştutqart”da işlədiyi müddət ərzində heç bir səlahiyyəti olmayıb. Yalnız satışla məşğul olub. Amma qarşı tərəf olan Əfqan Abdullayev iddia edib ki, guya Fərhad Rəfiyev işlədiyi müddətdə şirkətə 300 000 manat dəyərində ziyan vurub. Ona görə də, bu ziyanı Fərhad Rəfiyevin evini və maşınlarını əlinə keçirməklə ödətdirib. Amma əmlakı əlindən alınandan sonra Fərhad Rəfiyevin müxtəlif dövlət qurumlarına etdiyi şikayətlərdən sonra Əfqan Abdullayev polisə verdiyi izahatında 300 000 (üç yüz min) manatı danaraq Fərhad Rəfiyevin şirkətə 3000 (üç min) manat ziyan vurduğunu qeyd etmişdir. Digər tərəfdən isə, Fərhad Rəfiyevin adına olan ev və maşınların Əfqan Abdullayevin adına keçməsi ASAN xidmət mərkəzində eyni gündə rəsmiləşdirilib.
Bütün bunları isə, hüquq-mühafizə orqanı əməkdaşları araşdırmaqda maraqlı görünmür. Əksinə olsaydı, çoxdan mətbuatın da qarışdığı problem həllini tapar və vətəndaşın evi, maşınları özünə qaytarılardı.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.