Putinin tənqidçisi, Aleksey Navalnı müalicə üçün Berlinə aparılıb-FOTO
Yenixeber.org: Cümə axşamı günü komaya düşən müxalif siyasətçi Aleksey Navalnı müalicə üçün təyyarə ilə Omskdan Berlinə çatdırılıb. Rusiyalı həkimlər onun Almaniyaya aparılmasına qarşı çıxsalar da, ötən gün fikirlərini dəyişiblər və uçuşa icazə verilib.
Bundan əvvəl Rusiyanın Omsk şəhərindəki təcili yardım xəstəxanasının baş həkimi Aleksey Navalnının vəziyyətinə görə Almaniya klinikasına göndərilməsinə icazə vermirdi.
Avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya qayıdan Aleksey Navalnının halı pisləşib və o, komaya düşüb. Siyasətçinin uçduğu təyyarə Omsk şəhərində təcili eniş edəndən sonra, Aleksey Navalnı yerli xəstəxanaya çatdırılıb.
İddia olunur ki, siyasətçinin Moskvaya yollanmaqdan əvvəl, aeroportda içdiyi çayda zəhərli maddə olub. Aleksey Navalnının tərəfdarları hesab edirlər ki, uçuşa icazə verməklə bağlı yubandırmalar, həmin maddənin izlərini gizlətmək cəhdi ilə əlaqəli ola bilər.
Omsk həkimləri zəhərlənmə barədə iddiaları tamamilə istisna edirlər.
Rusiyalı siyasətçi Berlinə xüsusi Bombardier Challenger 604 təyyarəsi ilə aparılıb. O, komada olan xəstələri daşımaq üçün mühüm avadanlıqla təchiz olunub.
Cümə günü Navalnının sözçüsü Kira Yarmış bildirib ki, "ola bilsin ki, Navalnını indi aparmaq mümkün olacaq. Təəssüf ki, qərar qəbul edilməsi üçün bu qədər zaman tələb olundu. Təyyarə səhərdən gözləyir, sənədlər də qaydasında idi".
"Baş həkim Navalnının daşınmasının mümkün olmadığını bildirib. Vəziyyəti qeyri-sabitdir. Qohumlarının verdiyi qərarlar onun daşınması üçün yetərli deyil,"- siyasətçinin mətbuat katibi Kira Yarmış Twitter-də bildirib.
Təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski də öz növbəsində jurnalistlərə Navalnının vəziyyətinin yaxşılaşdığını, lakin hələ daşınması üçün kifayət qədər sabit olmadığını bildirib.
"Vəziyyət gecə bir qədər yaxşılaşdı, amma hələ də dayanıqlı sabitliyə nail ola bilməmişik. Həkimlərin konsultasiyasına görə, onun daşınması hələ mümkün deyil. Xəstənin tam sabitləşməsinə nail olmaq lazımdır,"- baş həkim deyib.
Onun fikrincə, daşınma zamanı "hər şey ola bilər, ən kədərlisi belə".
Aleksey Navalnını aparmaq üçün Almaniyadan göndərilən xüsusi təyyarənin Omska enməsindən əvvəl siyasətçinin vəziyyəti ağır kimi dəyərləndirilirdi. "Alekseyi təxliyə etmək üçün təşkil etdiyimiz təyyarə bir saata enməlidir. Navalnının daşınmasına qoyulan qadağa onun həyatına edilən bir sui-qəsd cəhdidir," - deyə Twitter-də yazan Kira Yarmış əlavə edib ki, bunu həkimlər və hakimiyyət edir.
Onun sözlərinə görə, bundan əvvəl həkimlər Navalnının daşınmasına icazə verməyə hazır olduqlarını söyləsələr də, son anda fikirlərini dəyişdiriblər.
Navalnının dəqiq diaqnozu hələ məlum deyil. Bir gün əvvəl o, Tomskdan Moskvaya uçan təyyarənin göyərtəsində özünü pis hiss edib, bundan sonra təyyarə Omskdə təcili eniş edib.
Navalnını Rusiyadan Almaniyaya aparmaq üçün təyyarə yola çıxıb
Tibbi yardım təyyarəsi rusiyalı müxalifətçi Aleksey Navalnını zəhərlənmə ehtimalından sonra Sibirdən Berlinə aparmaq üçün yola çıxıb.
Tibb avadanlıqları və mütəxəssislər də təyyarədədirlər, "Sülh üçün Film" alman sülh fondunun direktoru bildirib.
Aleksey Navalnı cümə axşamı təyyarədə halsızlaşandan sonra komadadır.
Onun komandası hava limanında Navalnının çayına nə isə qatıldığından şübhələnir.
Berlinin Charite xəstəxanası Rusiya Prezidenti Vladimir Putinin tənqidçisini müalicə etməyə hazırdır, "Sülh üçün Film" fondunun direktoru Jaka Bizilj deyib.
Təşkilat Navalnıya cümə günü Rusiyanı tərk etməyə icazə veriləcəyinə ümid edir. Yerli rəsmilər bildirib ki, Moskvadan gələn tibbi mütəxəssislər Omskda toplaşaraq Navalnının Almaniyaya aparılıb-aparıla bilməyəcəyini müəyyən etməyə çalışırlar.
Həm Almaniya, həm də Fransa müalicəyə kömək etməkdən məmnunluğunu bildirib.
Almaniya kansleri Angela Merkel "o, bizdən bütün köməyi və lazım olan tibbi dəstəyi ala bilər" deyib.
Vladimir Putinin sözçüsü söyləyib ki, Kreml ehtiyac olarsa, Navalnının xaricə getməsinə kömək edə bilər və onun "tez sağalmasını" arzulayır.(BBC)