Asif Atanın “Hüquqdan Haqqa” Bitiqi (Kitabı) çapdan çıxdı
Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
"Xeberinfo.com": Bu dəfə sizə Asif Atanın (İnam Atanın) yeni çapdan çıxardığımız “Hüquqdan Haqqa” Bitiqini (Kitabını) təqdim edirik. Asif Atanın bütün məsələlərə öz yaratdığı Dünyabaxışının ölçüsü ilə yanaşma, qiymətləndirmə üslubu Azərbaycan toplumuna bəllidir. Bu Bitiqdə “hüquq”, “haqq”, “siyasət”... anlayışlarının doğru qiyməti ilə və təyinatı ilə tanış olmaq mümkündür.
Bu günlərdə kitab Bakıda və Sumqayıtda (sonra isə ayrı-ayrı rayonlarda) kitab satışı məntəqələrinə və kitab evlərinə təqdim olunacaq.
Buyurun, bağlantı yaradın, oxuyun.
İndi sizə Ocağın Yükümlüsü Soylu Atalının “Bitiq”ə ön sözünü təqdim edirik.
Özgürlük – İnsan Haqqıdır
Bəşər övladı birgəyaşayışın zəruriliyini anladıqca bu birgəyaşayışı təmin edən məsələləri zaman-zaman düşünüb yoluna qoydu. Ancaq birgə yaşamağın maddi ölçüsünü yaradıb ortaya gətirdi. Halbuki burada birgə yaşamağın mənəvi özülü bərqərar olunmalı idi. Sivilizasiyada dəyişikliklər, deyək ki, Quruluş dəyişilmələri iqtisadi prinsiplər üzərində baş verdi. Bir-birini əvəz edən Quldarlıq, Feodalizm, Kapitalizm, Sosializm – iqtisadi inkişafın hər cür yollarını sınaqdan çıxardı. Ancaq heç vaxt insan xoşbəxt yaşamadı. Bu gün sonuncu minilliklərin sonuncu Quruluşu Kapitalizm mərhələsidir. Heç kim bunun adına kapitalizm demir, Demokratik Quruluş deyir. İnanmıram ki, pulçuluğu həyatın qarşılıqsız meyarı saymağı ayıb hesab eləyirlər deyə belə adlandırırlar. Sadəcə olaraq, humanizm görüntüsü yaradırlar ki, ayıblı əməllərin ağırlığı altından milyonların fəryadı aşkara çıxmasın. Kapitalizm həyatı bütünlüklə bazara çevirib. Gizlin alıb-aldatmaq yoxdur, açıq şəkildə dövlət strukturlarının verdiyi imkanlardan yararlanaraq insanlara qarşı zorakılıq həyata keçirilir.
Belə görünürdü ki, Quldarlıqdan üzü bu yana daim müsbət dəyişikliklər olmalı idi. Bu müsbət dəyişikliklər də insana münasibətdə özünü göstərməli idi. Ancaq təəssüf ki, tərəqqi təbəqələrin mənafe fərqinə yaradı, insani münasibətlərin sağalmasına yol açmadı. Heç bir inkişaf cəmiyyətin təbəqələşməsini aradan qaldırmır. Təbəqələşmə isə heç vaxt indiki qədər müxtəlifləşməyib. Yəni təbəqələşmə xarakterik olaraq ikiləşmir, başqa sözlə, pis münasibət təkcə varlı ilə yoxsul arasında deyil. Belə olsaydı, yoxsul varlını çoxdan devirərdi. Pis münasibət varlı ilə varlı, yoxsul ilə yoxsul arasında da eyni qaydadadır. Yəni pis münasibət insanlar arasında mövcuddur. Cəmiyyətdə İnsanlığın olmaması – pis münasibətlər “ahəngi” yaradır. Paxıllıq, xudbinlik, mənəmlik, rəqabətçilik kimi xarakterik cəhətlər təbəqəyə bölünmür ki. Təbəqəyə bölünənlər də bu keyfiyyətləri başqa təbəqəyə buraxmır, özüylə gəzdirir. Asif Ata deyir “cəmiyyət insanın adamlıq səviyyəsindən yaranıb”. Adam da özündə antiinsani keyfiyyətlər yaşadır. Yəni özünə qarşı yaşayır. İqtisadiyat da Adamlıq keyfiyyətləri əsasında tənzimlənir, inkişaf edir, – mahiyyətcə insana qarşı inkişaf edir. İnsana qarşı inkişaf isə təkcə insanın varlı və yoxsul olmasında özünü göstərmir, həm də təbiətə dəhşətli zərbə vurulur. Bu isə özlüyündə insanın fiziki sağlamlığını da təhdid edir. Deməli, Adamlıq niyyətlərinin gerçəkləşməsi əsasında iqtisadiyyatın inkişaf etməsi təbii fəlakətlər bolluğu deməkdir. Həyat getdikcə faciəviləşir. İnsanın insan üzərində ağalığı, eqoizmi ictimai, iqtisadi, siyasi problemlər adıyla yaşayır. Ancaq məsələ Adamın təbiətə qarşı tamahında, insana qarşı ağalığındadır. Təbiətin xilasının da bir yolu var – sənayeləşmə minimuma enməlidir. Sənayeləşmə təbiətsizləşmə deməkdir. Asif Ata da vurğulayır ki, bundan xilas olmaq üçün Adam İnsanlaşmalıdır. İctimai dəyişikliklər iqtisadi yürüş əsasında yox, İnsanilik əsasında olmalıdır. Onda hər kəs başqasından qazanc götürmək yox, başqasına xeyir vermək haqqında düşünər. Başqasına xeyir vermək istəyən təbiətə zərər vurmaz.
Əməl qarşılıqlıdır, – başqasını özün üçün qazanc vasitəsinə çevirsən, o da səni çevirəcək. Başqasına xeyir vermək istəsən, o da sənə xeyir verəcək...
Bütün bunları “İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” kitabından öyrənmək olar.
“X Bitiq”in ikinci kitabı “Həqiqət Azadlığı – Cəfəngiyyat Əsarəti” adlanır. Asif Ata bu kitabında insanı cəfəngiyyat əsarətindən qurtarmağın tələbini irəli sürür. Əslində cəmiyyət din vasitəsiylə ruhani əsarətə düşüb. Bu əsarət həm də iqtisadi təbəqələşməyə qulluq edir. Din deyir ki, Allah dünyanı idarə edir. Bu fikir Mənaya çatmır, gerçəklikdən gəlir və adilikdə qalır. Cəmiyyəti – ağalıq səviyyəsində yaşayan bir zümrə idarə edir. İnsanlaşma olmadığı üçün cəmiyyəti ağalığın idarə eləməsi əməlindən fərqli bir əməl ortalığa çıxmayıb. Deməli, ağanın, ağalığın cəmiyyəti idarə eləməsi “qaçılmazlığı” şüurlara işləyib.
İnsanın insan üzərində ağalığını Allahın insan üzərində ağalığı ilə əvəz edən din dünyada ortaqsız Allah hakimiyyəti bərqərar etmək istədi. Bu, Don Kixotluq idi. Olmayan bir hakimiyyət, olmayanın idarəçiliyi. Nəzəri bir boşluq.
Ümumiyyətlə isə, dünyada Allah hakimiyyətini bərqərar etmək niyyətində ikiüzlülük vardı. Axı dinə görə dünyanın hakimiyyəti bünövrədən İblisə tapşırılıb. Cəmiyyətin varlığında Allahın deyil, İblisin yaşaması qərarlaşdırılıb. Bütün yer əməlləri də Allah məzmununa deyil, İblis məzmununa uyğundur...
Bir sözlə, bəşəriyyətin şüuruna hakim kəsilən cəfəngiyyat dünyanı qaranlığa bürüdü. Qaranlıq Yalandan törəyir, Yalan xeyirxahlıq doğmur, zülm doğur, istibdad yaradır. Yalan dünyanın ölümünə qərar verir, xilasına yox. Dünyanı Həqiqət xilas edir. Çünki Həqiqət insana azadlıq gətirir. Dünya insani münasibətlərin saflığından müqəddəs nizam tapır.
Cəfəngiyyat azadlığı əvəz edəndə insanın idrakı qaranlığa düşür. İnsan öz növündən olanın ağalığını rədd eləmək üçün öz üzərində Göydəki Allahın ağalığını yaradır. Bəndənin ağalığındansa Allahın ağalığı yaxşıdır deyə düşünür. Özünə mənasız təsəlli verir ki, yerdəkinin ağalığı-filan boşdur, hamı Allahın quludur. Əslində ağalığı rədd eləmək üçün insandan öz İnsani mahiyyətinə bərabər yaşamaq tələb olunur. Bu olmayanda insan özü üçün ağanın yerini dəyişməklə qul psixologiyasından azad olmur.
İnsanlığın geniş, sonsuz Məna olduğunu bəşəriyyət dərk eləsəydi, uzaqlarda Allah-ağa axtarmazdı.
Dünyanın mənaca geniş, sonsuz olduğunu dərk eləsəydi, axirət dünyasına ümid bəsləməzdi...
“Siyasətdə Dünyanı Nizamlamaq onu Buxovlamaq deməkdir əslində” – (Asif Ata).
Bu fikir Asif Atanın “Siyasətdən Üstün” kitabındadır. Asif Atanın Dünyabaxışına görə siyasət adamın İnsanlaşmasının qarşısını alan əməldir. Dövlət xalqa qulluq eləmir, ona görə də siyasət yaranır. Yəni cəmiyyəti yalanlarla, zorakılıqla idarə etməyin adı siyasətdir.
İç siyasət – xalqı mənasından ayırır, cəmiyyətə (sürüyə) çevirir və idarə edir. Şəxsiyyəti olmayan, böyükləri olmayan cəmiyyəti idarə eləmək asandır. Ona görə də hakimiyyət xalqın içindən çıxan şəxsiyyətləri xalqdan ayırır, titullaşdırır, vəsiqələşdirir, məmurlaşdırır – cəmiyyətin bir ünsürünə çevirir. Şəxsiyyətsizləşdirilən xalq başsız qalır və cəmiyyətə çevrilir. Hakimiyyət xalqa qulluq göstərməkdən “azad” olur və cəmiyyəti özünə qulluq etdirərək idarə edir.
Dış siyasət – başqa ölkələri kiçildir və idarə edir. Öz xalqına ağalıq eləyən dünyaya da ağalıq eləmək istəyir. Bunun üçün başqa ölkələrin iç işinə, idarəçiliyinə nüfuz edir və onun milli prinsipləri əsasında yaşamasını aradan qaldırır. Ancaq balaca dövlətlərin dünya ağalığında qatqısı olmur. Ona görə də onlar öz içində ağalığını qorumaq üçün beynəlmiləlçilik prinsipi ilə yaşamağa üstünlük verir. Çünki milli prinsiplərlə yaşasa, xalqa ağalıq edə bilməz.
Beynəlmiləlçilik əsasında yaşamaq davamlı şəkildə xariciləşmək (özgələşmək) əməlidir, başqa sözlə, daim xarici təsirlərdən asılı olmaqdır. Xariciliyin təsirində yaşayan dövlət heç vaxt xalqına qulluq göstərməz, göstərə bilməz. Ona görə də dış siyasət iç siyasətin üzərində təşəkkül tapır.
Dövlətin xalqı qoruması və ona qulluq eləməsi üçün dövlətin başında şəxsiyyət durmalıdır. Bunun üçün dövlət idarəçiliyinin xarakteri dəyişməli, – siyasilikdən çıxmalı, ruhaniləşməlidir. Asif Atanın tələbi, Yolu budur.
Asif Ata “Haqq – Haqsızlıq”, yaxud “Haqq” kitablarında ardıcıl şəkildə hüququn haqq olmadığını və insana yaramadığını sübut edir. Hüquq qıraqdan (dövlətdən, siyasətdən) insana verilən imtiyazdır. Haqq – insanın daxili məziyyətidir – İnsanlığın tələbidir. Hüquq adamı içindəki naqisliklərlə bir yerdə qoruyur, yaxud adamı cəzalandıranda onun içi naqisliklərdən təmizlənmir.
Hüquq canini cəza evinə salır, ancaq cinayəti canidən ayırmır, – cani canilik dərdindən sağalmır. O, cəza evindən çıxanda içindəki cinayət imkanı ilə birlikdə azad olur. Cani qorxudulur, ancaq onun içindəki cinayət qorxmur, gizlənir. Fürsət düşəndə yenidən əmələ qayıdır. Beləliklə, cani-hüquq münasibəti əslində dərin mənada heç nəyi həll eləmir.
Hamı qanun qarşısında bərabərdir deyirlər. Axı qanun qarşısında bərabərliyin təminatı nə deməkdir? Varlı ilə yoxsul, ağa ilə qul, pullu ilə pulsuz nə vaxt qanun qarşısında bərabər olubdur? Hansı cəmiyyətdə, hansı dövrdə? Bütün bunlar ritorik yalanlardır. İnsanlaşma yoxdursa, bərabərlik də yoxdur. Adamın içindəki əyrini, canini öldürmək üçün onu İnsanlaşdırmaq gərəkdir. Adam İnsana yüksəldikcə Hüquq da Haqla əvəz olunur. Budur Asif Atanın çağırışı.
Beləliklə, Ata Yaşamın yeni ölçüsünü müəyyən edir – Mütləqilik ölçüsünü.
Yalana Dəyişməzlik statusu verəndə o, ehkama çevrilir. Həqiqətin Dəyişməzliyi isə ona verilən status deyil, özümlükdür...
Bununla da, biz, Asif Atanın “Hüquqdan Haqqa” Qutsal Bitiyi haqqında yığcam bir mənzərə yaratmağa çalışdıq. Lap doğrusu isə Asif Atanın kəlamlarını öz kitablarından oxumaqda və düşünməkdədir.
Atamız Var olsun!
Mütləqə İnam Ocağı