ANAR:“Rastına çıxan tanımadığın adamla şəkil çəkdirmək dəb olub…”
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Avrasiya Yazarlar Birliyinin başqanı, əziz dostum Yaqub Öməroğludan Türk Dünyası Gənc Yazarlar Görüşünə qatılmaq təklifi alanda məmnuniyyətlə razılaşdım.
Yenixeber.org:Doğrusu, əvvəlcə bu cavan yazıçılar arasında nə edəcəyimi, bu görüşə nə şəkildə qatılacağımı bilmirdim. Sonradan öyrəndim ki, bir neçə yaşlı, təcrübəli yazıçı da cavan qələm sahibləri ilə söhbətlər etmək, düşüncələrimizi paylaşmaq üçün dəvət olunub. Beləliklə, bu tədbir həm çağdaş türk dünyası ədəbiyyatının gənc nümayəndələri ilə tanışlıq, həm də köhnə dostlarım Əli Ağbaş, Yaqub Öməroğlu, İsmayıl Bozqurd, Firat Qızıltuğ ilə yenidən görüşüb söhbətləşmək fürsəti verirdi. Hələ üstəlik həsrətini həmişə çəkdiyimiz gözəlim İstanbulu bir daha görmək, gəzmək, əsrarəngiz görkəminə yenidən aşiq olmaq da öz yerində.
Dəfələrlə Türkiyədə də, Azərbaycanda da Yaqub Öməroğlu ilə söhbətlərimizdə Türk dünyası gənc yazıçı, şairlərinin toplantısının keçirilməsi ideyasını müzakirə etmişik. Hələ gənclik illərimdən bu cür yazıçı seminarlarına qatıldığım, sonrakı illərdə də bunun faydasını müşahidə etdiyim üçün bu ideyanın gerçəkləşdirilməsinə çox sevindim. Moskvada kino təhsili aldığım illərdə o vaxtkı SSRİ respublikalarından gələn müdavimlərlə ünsiyyətimiz, bir çox hallarda səmimi dostluğumuz müxtəlif xalqların həyat tərziylə, problemləriylə, milli arzularıyla tanış olmaq imkanı verirdi bizə, qarşılıqlı yaradıcılıq mübadilələrimiz bizi gənc yazarlar kimi yetişdirir, zənginləşdirir, dünyagörüşümüzün üfüqlərini genişləndirirdi. Moskvanın özündən, Leninqraddan, Kiyevdən, Minskdən, Tbilisidən, Daşkənddən, Moldova və Qırğızıstandan kurslara daxil olmuş cavanlar bizə ədəbiyyatlarını, ölkələrini, xalqlarını tanıdırdılar. Hər gənc öz millətinin düşüncəsini, sənət anlayışlarını özüylə “gətirirdi”. Belə bir faydalı ünsiyyəti – bu səfər müxtəlif sənət sahələrində çalışan gənclərin təmasını və bu görüşlərdən aldığım xoş təəssüratı bir vaxtlar iştirak etdiyim yaradıcı seminarlarda – Bakurianidə, bizim Zuğulbada da almışdım.
Bütün bunlar mənim uzaq gənclik illərimə aiddir. İndi “Türk dünyasının gənc yazarlar buluşmasına” dəvət alanda nostalji hisslər keçirirdim. Gənclərlə təmas elə bir növ öz gəncliyinə qayıtmaq kimidir. Həm də bu görüş, bu buluşma həsrətimin şəhəri İstanbulda baş tutursa… Həm də budəfəki tədbir eyni kökə, eyni ruha, eyni dil sisteminə malik olan türk xalqlarının – daha dəqiq desək, onların Gələcəyinin bir araya gəlməsidirsə… Bu faydalı olduğu qədər də çətin təşkil olunan görüşün təşəbbüskarlarını – Türkiyənin Kultur və Turizm bakanlığının, Avrasiya Yazarlar Birliyinin və özəlliklə bu Birliyin sədri Yaqub Öməroğlunun müstəsna xidmətini xüsusi qeyd etməliyəm. Yalnız bağımsızlığını, müstəqilliyini qazanmış Türk cümhuriyyətlərindən deyil, başqa dövlətlərin ərkibində özərk, muxtar qurumları olan, ya heç bir qurumu belə olmayan sayca ən kiçik xalqların da – gənclərinin timsalında bu görüşdə iştirakı əlvan bir aləm yaradırdı. Türkiyə türkləri və azərbaycanlılar, qazaxlar və qırğızlar, özbəklər və tatarlar, başqurdlar və krım tatarları, kumuklar və qaraçaylılar, Cənubi azərbaycanlılar və Şimali kiprislilər, Kərkük türkmənləri, qaqauzlar, xakaslar, tuvalılar, Altaylardan Balkanlara qədər böyük bir dünyanın ədəbi gələcəyi bu günlər İstanbuldaydı.
Bu qədər müxtəlif ölkələrdən gəlmiş gəncləri İstanbulda toplamaq, sayca ən kiçik xalqı belə unutmamaq təşkilatçıların və ilk növbədə Yaqub Öməroğlunun hünəridir. Yeri gəlmişkən, uzun illər səmimi dostluq əlaqələriylə bağlı olduğum Yaqub bəyin də, şair Əli Akbaşın da türk dünyasının ədəbiyyatda bütövləşməsi yolunda çabaları böyük bir amalın sözdə yox, əməldə həyata keçməsidir. Bu səfərimizdə Yaqub bəyin ailəsiylə, sifətləri nur saçan iki övladlıyla – oğlu və qızıyla görüşmək mənə xüsusi zövq verirdi.
Türk xalqlarının, türk dillərinin danılmaz yaxınlığıyla bərabər, bir-birlərindən müəyyən fərqlilklərini də inkar etmək olmaz. Bu mənada sənət adamlarının görüşmələri, yaradıcılıq mübadilələri, türkdilli xalqlar arasında ədəbi əlaqələrin möhkəmlənməsi çox vacibdir. Məsələn, bizim nəsildən olan unudulmaz Çingiz Aytmatovla, Oljas Süleymenovla, Türkiyənin özündən bir çox yazar dostlarımla görüşlərimiz, yaradıcılıq söhbətlərimiz, bir-birimiz haqqında çıxışlarımız, yazılarımız ədəbiyyatlarımızın təbliğatına kömək edib. Ona görə yeni dövrdə, bizim günlərdə və gələcəkdə müxtəlif türkdilli ölkələrdən çağdaş gənclərin, cavan şair-yazıçıların bu işləri davam etdirəcəklərinə inanıram. Və bu yolda belə görüşlərin önəmi aşkardır.
İstanbula çatdığımız axşam, tanışlıq ziyafətində də çeşidli türk dillərində çıxışlar, şeirlər səslənirdi. Desəm ki tutalım, xakasca, ya qırğızca səslənən şeirləri tam anlayırdım, yalan olar. Amma şeirlərin ümumi ruhu, ritmi, ahəngi bizlərə-azərilərə, türklərə də aydın və doğma idi. Bu şeirlərdə səslənən vətən, torpaq sevgisi, milli ruh, patriotik coşqu bizim Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun poetik çıxışlarını xatırladırdı.
Adətən belə hisslər buxovların içərisində daha da şiddətli olur. Amma hürr dünyanın uşaqlarının bu cür içdən gələn azadlıq sevdası, doğma dilə sayğısı, Türkiyədə olmaq sevinci o gecədə də, sonrakı günlərdə də aşıb-daşırdı. Çoxusu Türkiyəyə ilk dəfə gələn gənclər idi və sanki xəyallarının, arzularının diyarında hiss edirdilər özlərini. Türkiyəyə ilk gəlişlərimdə keçirdiyim hissləri yada saldıqca onları yaxşı başa düşürdüm.
Dəfələrlə çıxışlarımda, yazılarımda söylədiyim kimi hər bir xalqın, o cümlədən, türk xalqlarının öz dilində danışması, yazması vacibdir və gözəldir. Amma türkdilli xalqların ortaq ünsiyyət dili Türkiyə türkcəsi olmalıdır. Bu barədə mən hələ keçən əsrin doxsanıncı illərində fikrimi söyləmişdim. Elə açılış mərasimindəki çıxışımda da gənc yazarlara öz dillərini mükəməl bilib inkişaf etdirməklə birlikdə Türkiyə türkcəsini də yaxşı öyrənməyi, səlis danışmağı məsləhət gördüm.
Görüş çərçivəsində gənclərlə hekayə seminarında dərsim nəzərdə tutulmuşdu. Doğrusu, mənə görə, yazmağı öyrətmək mümkün deyil. Yazıçılığın, yazmağın resepti yoxdur. Təcrübəni bölüşməyin də bəzən effekt verməyə bilər. Çünki yazıçılıq həyat tərzidir. Hər bir qələm adamı özündən əvvəlki nəslin təcrübəsini öyrənib, əsərlərini oxuyub öz yolunu müəyyənləşdirməli, öz üsullarını seçməlidir. Amma bununla belə nəsillər arasında körpü də mühümdür, ona görə düşünürəm ki, gənc qələm sahibləriylə görüşüm mənim üçün də, onlar üçün də gərəkli oldu. Gənclərin xeyli suallarını cavablandırdım, bəzi suallara özüm də cavab tapdım.
İstanbulda bir neçə ay yaşasam da, bu şəhərə tez-tez gəlsəm də, Boğazın içindəki məşhur Qız Qülləsində olmamışdım. Ona görə bu səfərimin unudulmaz məqamlarından biri də sahilə, iskələyə gəlib bütün heyətlə bərabər kiçik qayıqla Qız qalasının olduğu balaca adacığa üzmək, bu nadir memarlıq abidəsinə yaxından baxmaq, ətrafında süzən martı quşlarına, sahillərini döyəcləyən dalğalara tamaşa etmək oldu. Əfsanəyə görə padşaha qızının öldürüləcəyini söyləyirlər, padşah da bu kiçik adada qızı üçün qala tikdirib orda saxlayır övladını. Qıza meyvə hədiyyə göndərilir, sən demə, meyvənin içərisində ilan gizlədilibmiş, ilan qızı çalıb öldürür. Bu cür əfsanələr qədərdən, qismətdən qaçılmazlığı ifadə edir.
… Qalanın yanındakı skamyada oturub sulara baxdıqca, gənclərin fasiləsiz olaraq fotolar, selfilər çəkdirdiyini müşahidə etdikcə zəmanənin, insanların necə dəyişildiyini düşünürdüm. Çağdaş dünyanın uşaqları ətrafı, hər şeyi telefonun ekranından qəbul edir, fotoaparatın obyektivindən qavrayırlar. Bizim nəsil üçün bu, qəribədir… Dörd dövrəndəki gözəlliyi indi, burada təbii, doğal olaraq seyr etmək əvəzinə, gördüklərini sadəcə fotolara fiks etmək mənə çöçün gəlir. Sanki görmək istədikləri real, canlı dünya yox, onun telefon vasitəsiylə əks olunmuş fotolarıdır. Elə boğaz gəzintisində də belə qəribə hisslər keçirirdim. Amma neyləməli, yeni dövrün, yeni nəslin virtual yaşam tərzini, dünyaya baxışlarını qəbul etməli, başa düşməli, çətin olsa da, bununla barışmalıyıq. Rastına çıxan tanıdığın tanımadığın adamla şəkil çəkdirmək isə indi yalnız Azərbaycanda, Türkiyədə deyil, demə türk dünyasında da bir dəb olub. Mən bu dəbi “şəkiləmaniya” adlandırardım.
Bir axşam da Boğaz içində gəzinti təşkil olunmuşdu. Vapurumuz – gəmimiz Boğaz içində o yan-bu yan üzdükcə gənclər şeir deyir, mahnılar oxuyur, rəqs edirdilər. Düşünürdüm ki, xoşbəxt nəsildirlər. Ən azı ona görə ki, bizim gəncliyimizdə əl çatmaz xülya kimi görünən İstanbul həsrətinə özlərinin cavan yaşlarında İstanbul buluşmasıyla son qoyurlar.
İstanbul – Şeir Şəhərdir…Təsadüfi deyil ki, Nədimdən, “lalə dövründən” Tofiq Fikrətin “Aşiyandan” seyr etdiyi mənzərəyəcən, “İstanbulu dinləyən” Orxan Vəlidən “Qaldırımları” vəsf edən Nəcib Faziləcən, “Sislər bulvarına” ad verən Atilla İlhandan, İstanbul binalarının memarı və şairi Çingiz Bektaşacan, Ataol Bəhramoğlunacan bu əbədi şəhərə poetik söz deməmiş şair az tapılar. Gəmimiz boğazın bir-birindən füsunkar mənzərələrini kino kadrları kimi gözlərimiz önündən keçirir, körpülərin altından keçirik və qulaqlarımda qəhqəhələrlə birgə Yəhya Kamalın misralara səslənir:
Dün qəhqəhələr yüksəliyorkən
evinizdən
Məndim keçən ey sevgili
sandalla dənizdən.
İstanbul – Sevgi şəhəridir. Nazım Hikmət də ən gözəl şeirlərini İstanbulda yaşadığı sevgilərinə həsr edib.
İstanbul Həsrət şəhəridir. “Gəncliymi, ulduzlarmı, məmləkətmi daha uzaq” deyən Nazım onu şəhərinə yetirə bilməyəcək kapitana müraciətlə “məni o limana çıxaramazsan” deyirdi.
Qəribədir, Bakıda İstanbul həsrəti duyduğum kimi, 93-cü ildə yeddi ay ərzində Memar Sinan universitetində Azərbaycan ədəbiyyatından dərs deyəndə də Bakı həsrəti duyurdum.
Gəl qoşulaq durnalara
Vətən sarı uçaq, uçaq…
Dərs dediyim məktəb yaxın,
Oxuduğum məktəb uzaq.
Emin Sabitoğlu bu sözlərimə mahnı yazmışdı. Özü də ifa etmişdi. Məndən neçə il sonra Emin də bu şəhərdə dərs deyir və eyni qəribsəmə hisslərini keçirirdi. Şair doğru deyir ki, “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə”.
Memar Sinan Universiteti Avropa tərəfdədir, mən qarşıda – Asiya tərəfdə yaşayırdım. Hər gün vapura minib Asiya tərəfdən Avropa tərəfə keçir, dərs deyib yenə vapurla qayıdırdım. Bəzən soyuq havalarda gəminin göyərtəsində oturub dalğaqıranın üstünə düzülmüş martı quşlarını seyr edirdim. “Gündə neçə dəfə Avropadan Asiyaya, Asiyadan Avropaya üzən bu gəminin göyərtəsində təkdim. Avropada da təkdim, Asiyayda da təkdim”.
Xatirəmdə Yasəmin Qumralın oxuduğu bir mahnı da qalır:
İki qitə İstanbulda körpülərlə bir-birinə
qovuşdu amma biz qovuşamadıq.
O, bir neçə ay yaddaşımda da, yazılarımda da həmişəlik həkk olunub.
Görəsən, İstanbulu ilk dəfə görən bu gənclərin yaddaşında, Boğaz içinin bu füsunkar axşam mənzərəsinin xatirələri necə qalacaq, şeirlərində, hekayələrində, romanlarında əks olunacaqmı? Ya elə telefon fotolarında qalacaq?
Gənclərə güvənirəm. Gələcəyə inanıram. Gənclik elə Gələcək deməkdir də…
Çox-çox uzaq gələcəkdə, o vaxt artıq qocalacaq indiki cavanların anılarında İstanbulla bərabər, bəlkə mən də qaldım.