Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

DÜNYA QARAPAPAQLARI İSTANBULDA BİR ARAYA GƏLDİLƏR- FOTOLAR


 

Xeberinfo.com:   Dünya Qarapapaq Türklərinin I Qurultayından qayıtmışıq. Və bu neçə gün ərzində görüb yaddaşımıza yazdığımız elə gözəl xatirələr var ki...

 

Yeri gəlmişkən, bir haşiyə çıxım: Şair Dərviş Osmanın dilindən təkrar-təkrar eşitdiyim və çox xoşladığım bir lətifə var. Əslində bu, olmuş əhvalatdır və artıq lətifəyə çevrilmiş həmin əhvalatın qəhrəmanı da elə şairin doğmaca ata nənəsi Fatmadır. Şair danışır ki, günlərin bir günü kəndin qoca arvadları bir yerə yığışıb hər zamankı kimi yenə “gap” edirlərmiş. Fatma qarı deyir ki, ay arvadlar, gəlin, yaşadığımız bu dünyanın kəndlərini bir-bir sayaq, görək dünyanın neçə kəndi var. Arvadlar başlayırlar tanıyıb-bildikləri kəndləri sayıb-sanamağa. Ha o yan-ha bu yan, sayırlar, sayırlar, kəndlərin sayı doqquzdan o tərəfə keçmir ki, keçmir. Arvadların həşirini görən Fatma qarı da qayıdır ki: “Ay arvadlar, bu yaşadığımız verana dünya görün nə qədər böyükmüş, hıyyy!?” Heyrətlənən arvadlarsa: “Ay Fatma, Allah sənnən razı olsun, sən olmasaydın, dünyadan bixavar köçüb gedeceydik. Dünyanın bu qədər böyük olmağınnan, onun doqquz kəndinin olmasınnan xəbərsiz köçüb gedeceydik...” – deyə təəccüblərini gizlətmirlər.

İstanbulda keçirilən Qarapapaq Türklərinin qurultayında çoxlarına gülməli görünən bu əhvalat nədənsə tez-tez xatirimdə canlanırdı. Çünki nənələrimizin ağıllarına belə gəlməyən uzaq-uzaq diyarlara səpələnən, yurd-yuva qurduqları, özlərinə məskən seçdikləri hər yerdə abadanlıq yaradan, oraya hürr, ruzi-bərəkət, xeyirxahlıq toxumu səpən dədə-babalarımızın bugünkü varislərinin toplandığı bu möhtəşəm tədbir əsil bayram təntənəsinə çevrilmişdi. Əsrlərlə bir-birindən ayrı salınmış, soy-kökündən qoparılaraq yadlaşdırılmağa hesablanmış qadağaları yenib gələn, tarixi haqsızlıqları dizə çokdürən Türk millətinin ayrı-ayrı qollarının sayğıdəyər nümayəndələri bir araya gəlməklə birlik, bərabərlik, həmrəylik, qardaşlıq nümunəsi nümyaiş etdirdilər. Dünyanın əksər türkdilli dövlətlərinin təmsil olunduğu bu qurultayın ortaq Türk dili, mədəniyyəti və tarixi yönündə ortaya qoyduğu missiya təqdirəlayiq idi. Türkün Türkdən başqa arxasının olmadığı bir zamanda bu cür tədbirlərin əvəzsiz olduğu bir daha özünü təsdiqlədi.

İstanbuldakı “Silence” otelde baş tutan qurultayda iştirak edən Gürcüstan və Azərbaycan nümayəndə heyətinə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli rəhbərlik edirdi.

... Tədbirin aparıcısı Selattin Turan iştirakçıları salamlayaraq, Türk Dünyasını ləyaqətlə təmsil edən ziyalıların birlik qurultayının işinə uğurlar dilədi.

Açılış mərasimində Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Dərviş Osman  böyük mərasim zalını titrədən odlu-alovlu çıxışıyla tədbir iştirakçılarını Türk Birliyinin bərqərar olması yolunda səylərini birləşdirməyə səslədi. Dünya Karapapak Türkleri Birliyinin genel başkanı Seyfullah Türksoy və “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin yüksək dəyərlərə söykənən məntiqli çıxışları Türk sevdalılarını böyük ideallar uğrunda mübarizə ruhuna köklədi. Digər nümayəndələr də tədbirin xoş məramını dünya qarapapaqlarını bir araya gətirən təşkilatçıların Türklüyün tərəqqisinə verdikləri böyük töhfə kimi yüksək dəyərləndirdilər.

İncəsənət ustalarının və rəqs kollektivlərinin çıxışları qanları coşdurdu. Borçalı kökənli aşıqlardan Aşıq Nargilə, Telli Borçalı,Aşıq Solmaz Kosayeva,  Aşıq Məsim, Aşıq  Tərmeyxan,Aida Gülzar, müğənnilərdən İlham Əsgəroğlu, Ariz Hüseynov, Marat Darvazlı və başqaları bənzərsiz ifaları ilə dinləyənlərin ruhunu oxşadılar. Borçalının sevilən şairləri Dərviş Osmanın və Səadət Butanın söylədiyi şeirlər alqışlarla qarşılandı. Qurultay iştirakçılarına Qarapapaqların rəmzi olan qara papaq hədiyyə edildi.

Sonda qurultayın məramnaməsi və fəaliyyət proqramı səsləndirilərək, yekdilliklə qəbul edildi. Gələcəkdə təşkilatın fəaliyyət istiqamətinin daha geniş aspektdə planlanması üçün yaxın bir ay ərzində təşkilat komitəsinin və icra strukturu nümayəndələrinin bir araya gələcəkləri diqqətə çatdırıldı.

Səhəri gün İstanbul şəhərinin gəzintisi ilə yadda qaldı. “Kanal-13” TV-nin “Soydaş” proqramının rəhbəri Rüfət Muradlının və “İstanbul-Azerbaycan Kültür Evi” başkanı Hikmət Elpin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin üzvləri Turan Məfkurəsinin banisi Əli Bəy Hüseynzadənin uyuduğu Karaca Ahmet məzarlığına gedərək, onun qəbrini ziyarət etdilər. Ziyalıların dəyərli çıxışlarından sonra doğulduğu Salyandan gətirilmiş torpaq böyük Türk aydınının qəbri üstünə səpildi.

Böyük Türk sərkərdəsi Kazım Qarabəkir Paşanın ev-muzeyinin ziyarəti də nümayəndə heyətimizin üzvləri üçün əsil sürpriz oldu. Kazım Qarabəkir Paşanın yadigarı Timsal xanımla tanışlıq və onun dilindən atasının nəsillərə örnək olan həyatı ilə bağlı eşitdiyimiz nadir məlumatlar hər birimizi duyğulandırdı. Türkiyəyə daha bir yaddaqalan səfərimiz arxada qaldı. Türkiyənin və ümumilikdə Türk Dünyamızın başı üstünü almış qara buludların tezliklə çəkilib gedəcəyinə sonsuz ümidlərlə Azərbaycanımıza döndük. Səfərimizin ünvanlandığı bu mühüm tədbirin belə yüksək səviyyədə baş tutması – dünyanın hər bir yerindən gələrək birlik nümayiş etdirən əsil Türklərin - Qarapapaqların lazım olduğu istənilən anda hər bir Türkün özünə müqəddəs Vətən saydığı Türkiyənin müsəlləh əsgəri olacağını bir daha təsdiqlədi. Biz səninləyik, Türkiyə! Tanrı Türkü qorusun!

SÖZardı: Budəfəki səfərimizin uğurlu keçməsində böyük əməyi olan Borçalı kökənli qarapapaqlar, dəyərli şəxsiyyətlər - Seyfullah Türksoya, Məhərrəm Yıldıza, Hikmət Elpə və digər dəyərli dostlara dərin minnətdarlığımızı bildiririk.

 




 

 

Qiymət Məhərrəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam