“Putin pis strateqdir”
CNN telekanalına müsahibəsində ABŞ prezidenti Barack Obama bildirib ki, Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi “prezident Putin-in Rusiyanın adından qəbul etdiyi pis qərarların nəticəsidir”.
"Xeberinfo.com": Məlumata görə, Amerika prezidenti bir daha vurğulayıb ki, Krımın ilhaqı Rusiyaya son nəticədə xeyir yox, böyük itkilər gətirəcək. “Torpaq zəbtinin böyük ölkələrin əsas formulu sayıldığı vaxtlar çoxdan keçib” – deyib prezident. ABŞ prezidentinin fikrincə bütün ötən il ərzində Rusiya lideri “tələm-tələs və düşünülməmiş qərarlar” qəbul edib.
Prezidentin fikrincə, bu ondan irəli gəlib ki, ötən ilin qışında Ukraynada baş verən hadisələr Putin üçün gözlənilməz olub.
“Putin Krım və Ukraynaya dair qərarlarını hər hansı möhtəşəm strateji plana uyğun şəkildə yox, Maydan etirazlarının və Yanukoviçin qaçmasının nəticələrini gözləmədiyi üçün qəbul edib” – deyib Barack Obama. ABŞ prezidenti deyib ki, Yanukoviç qaçandan sonra Putinin etdiyi “inprovizələr” onu getdikcə daha çox beynəlxalq qanunların pozulması yoluna çəkib.
Rusiya prezidentinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü Rusiyanın üzərinə Avropa və ABŞ tərəfindən sanksiyalar qoyulmasına gətirib çıxarıb. “Bu isə neft qiymətlərinin düşdüyü bir şəraitdə Rusiya iqtisadiyyatına böyük ziyan vurur” – deyib Obama.
CNN-ə müsahibəsində Barack Obama vurğulayıb ki, Rusiya lideri ABŞ-ın təkliflərini qulaqardına vurur. Prezident bunu da qeyd edib ki, ABŞ-ın Ukrayanaya dəstək verməsi işində bir sıra məhdudiyyətlər var. Bunlardan biri də Ukraynanın NATO üzvü olmamasıdır.
Barack Obama Rusiyanı bir daha Ukrayna separatçılarına hərbi texnika, silah-sursat və canlı qüvvə ilə kömək etməkdə günahlandırıb.
“Biz elə edə bilərik ki, Ukraynadakı rolu Rusiyaya getdikcə daha baha otursun və biz hazırda elə bunu edirik – deyib prezident, - Biz diplomatik təzyiq göstərə bilərik, amma düşünmürəm ki, Rusiya ilə birbaşa hərbi münaqişəyə daxil olmaq ABŞ və dünya üçün ağıllı bir hərəkət olardı”.
“Putin sövdələşməyə hazırdırmı? Hələ ki, biz kansler Merkellə, prezident Hollande-la və bizimlə çoxsaylı söhbətləri müşahidə edirik. Bu söhbətlər zamanı o bir şey deyir, söhbətdən sonra onun etdikləri hərəkətlər başqa şey” – deyib Barack Obama.
O bildirib ki, Kremldən Ukrayna böhranının çözümü üçün diplomatik yolun Rusiyanın maraqlarına daya uyğun olduğunun başa düşüldüyünü göstərən siqnal almayıb.
“Odur ki, Putin irəli yox, geriyə baxır. Ola bilsin ki, gələcəkdə öz mövqeyini dəyişsin. Amma biz hələlik öz sərt mövqeymizdə qalmalıyıq” – deyib ABŞ prezidenti.
azadliq.org