Mərkəzi Amerikadan ABŞ-a "ölüm səfəri"
Hər il on minlərlə qaçaq miqrant ABŞ-a gedə bilmək xəyalı ilə Meksikaya axın edir. Bu təhlükəli səyahətin bədəli isə bəzən çox ağır olur.
"Xeberinfo.com": Məlumata görə, Meksikanı keçərək ABŞ-a gedən qatar “ölüm qatarı” kimi tanınır. Yük vaqonlarının üstündə yüzlərlə qaçqın, Mərkəzi Amerikadakı yoxsul həyatlarından bezərək "fürsətlər ölkəsi Amerika”ya getmək ümidi ilə yollara tökülür. Bu təhlükəli səfərdir. Bir çoxundan bir daha xəbər almaq mümkün olmur.
Nikaraqualı Silviya Ramona Ortis iyul ayından bəri oğlu Consondan heç bir xəbər almadığını deyib və bildirib ki, oğlu ona son dəfə Meksikadan zəng edib.
Ortiz deyib: "Dostu Nelson ilə birlikdə yola çıxdılar. Amma ikisi də yoxa çıxdı. Ürəyim mənə övladımın yaşadığını deyir. Bir dəfə zəng etsə... Yeganə istəyim budur.... Bir dəfə zəng etsə rahat nəfəs alaram".
Silviya Ramona Ortis onunla eyni taleyi paylaşan 32 qadınla birlikdə Meksikanı addım-addım gəzir. Boyunlarında itkin uşaqlarının fotoları olan 33 ana ümidlə çarəsizlik arasında var-gəl edir.
Röyalar kabusa çevrilir
Miqrant hüquqları hərəkatı “Movimiento Migrante”nin sədri Ruben Figueroa cənubdan Meksikaya yoxsulluq səbəbilə qaçan qaçqınlarla məşğul olur.
Figuerona belə deyib: "Meksikadan keçən qaçqınlar üçün "Amerikan röyası” sürətlə kabusa çevrilir. Bəziləri qaçırılır, bəziləri təcavüzə uğrayır, bəziləri canından olur”.
İnsan qaçaqçıları və Meksikanın narkotik qrupları üçün miqrantlar asan tikə kimi görünür. Qaçaq olduqları və buna görə də, demək olar ki, heç bir hüquqi təminata malik olmadıqları üçün şantaja məruz qalırlar. Cibində bir az pulu, bir az da şansı olanlar, xərac verərək özünü xilas edə bilir. Digərləri isə ailələrinə şantaj edib pul qazanmaq üçün qaçırılır. Dəstələr narkotiki sərhəddən keçirmək üçün də qaçqınları məcbur edir. Keçən il ABŞ sərhədi yaxınlığında 72 qaçaq miqrant, narkotik dəstələri ilə əməkdaşlığa razı olmadığı üçün öldürülüb.
Ruben Figueroa Meksika hökumətini hərəkətə keçməyə çağırıb: “Meksika hökumətini qaçaq miqrantları qanunsuz saymasına etiraz edirik. Miqrantların ölkə keçmək üçün icazəyə ehtiyacları var. İcazələri olsa gizlin hərəkət etmələrinə səbəb qalmaz və qaçırma kimi halların qarşısı alınar”.
Avropada da fərqli deyil
“Medico İnternational” təşkilatından Dieter Müller isə Meksikanın yeganə nümunə olmadığını bildirib və buradakı qaçaq miqrantların vəziyyətinin, Afrikadan Avropaya qaçmağa çalışanlarla oxşar olduğunu vurğulayıb: "Sərhədlərin bağlanması və köçkünlərin cinayətə cəlb olunması hallarını Avropada da görürük, burada da. Bu, köçkünlərin cinayət təşkilatlarına boyun əyməkdən başqa çıxış yollarının olmaması ilə nəticələnir".