Vladimir Putinin sammiti tərk etməsinin tam təfərrüatı
Rusiya prezidenti deyir ki, Avstraliyadan məmnun qayıdıb: Obama isə qeyd edir: “Sanksiyalar Rusiyanı yaxşı dişləyir”
"Xeberinfo.com": Rusiya prezidenti Vladimir Putinin dünya liderlərinin Avstraliyanın Brisben şəhərində keçirilən “G-20” zirvəsini yarımçıq tərk etməsi barədə xəbər vermişdik. Qeyd etmişdik ki, “Ukraynadan rədd olun” kimi çağırışlar Rusiya prezidentinin “G-20” toplantısını yarımçıq tərk eləməsinə səbəb olub. İndi isə dünya mediasının nəhənglərindən olan “The Associated Press”in bu mövzu ilə bağlı xəbərinə diqqət edək. Agentlik bildirir ki, sammitdə Rusiya prezidenti Ukraynada yaranmış böhrana və faktiki işğala görə ciddi tənqid olunub. Ancaq Rusiya prezidentinin məhz bu təzyiqlərdən dolayı sammiti tərk etməsi ilə bağlı yayılmış xəbərlər prezidentin dilindən təkzib edilir.
Agentlik yazır ki, cənab Putin sammiti bazar günü günortadan sonra tərk edib. Məhz o, Brisben şəhərindən getdikdən sonra ABŞ prezidenti Barak Obama və Avropa liderləri Ukrayna məsələsini müzakirəyə çıxarıblar. Cənab Putin Ukraynanın şərqindəki separatist hərəkati dəstəkləyir. Rusiya hələ mart ayında Krımı işğal edərək, oranı Rusiyanın tərkib hissəsi elan edib. Agentlik separatçıların ələ keçirdiyi ərazidən Malaziya sərnişin təyyarəsinin vurulması və nəticədə 298 nəfərin ölməsi faktına da diqqət çəkib.
“The Associated Press” Vladimir Putinin sammiti tərk etməsi ilə bağlı məsələyə də aydınlıq gətirməyə çalışıb. Putin özü sammiti tez tərk etməsini iş günündən qabaq bir qədər istirahətə ehtiyacı olması ilə əlaqələndirib. O, yarım saat davam etmiş mətbuat konfransında Avstraliyanın baş naziri Toni Ebbottu qonaqpərvərliyinə görə xeyli tərifləyib və “gözəl, xoşməramlı və əla iş atmosferi” şəraitində keçmiş sammitdən razı qaldığını vurğulayıb.
“Bazar ertəsi mən işdə olmalıyam. Ümid edirəm ki, işə çıxmamışdan 4-5 saat yata biləcəm”, prezident Brisbeni tərk etməmişdən az öncə deyib. “Gedişimlə bağlı Tonini məlumatlandırdım. O, mənim istəyimi anlayışla qarşıladı. Mən bu gedişə hər hansı başqa bir yozum verilməsinə imkan vermədim”.
Avstraliyanın yerli qəzetləri isə yazıb ki, Putin dünya liderləri tərəfindən soyuq qarşılanmasına cavab olaraq tədbiri vaxtından əvvəl tərk etməyi lazım bilib. Ancaq baş nazir Toni Ebbottunun ofisi bildirib ki, cənab Putinin günortadan sonra sammiti tərk etməsi əvvəlcədən nəzərdə tutulubmuş.
Agentlik yazır ki, ABŞ, Avstraliya və Yaponiya bəyanat verərək Ukrayna böhranına görə Rusiyanı ittiham ediblər. Kanadanın baş naziri Stiven Harper isə Putinin əl sıxmaqla bağlı təklifinə belə reaksiya verib: “Düşünürəm ki, mən sizin əlinizi sıxa bilərəm, ancaq sizə bir şey deməliyəm. Sizin Ukraynadan çıxmağınız gərəkdir”.
Agentlik xatırladır ki, Ukrayna keçmiş Sovet İttifaqının tərkibində olub. Son illərdə Avropa Birliyinə can atıb. Bu canatma Putini hövsələdən çıxarıb. Rusiya prezidenti Ukraynanı Rusiyanın orbitinə yenidən qaytarmaq üçün həmin ölkədə separatizmə dəstək verməkdədir.
ABŞ prezidenti Putini Ukrayna ilə imzalanmış sülh sazişinə əməl etməməkdə ittiham edib. Ancaq bundan sonra Qərbin Rusiyaya qarşı hansı addımlar atmağının lazım olması barədə isə heç bir şey söyləməyib.
Barak Obama Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Ollandla Ukrayna böhranın müzakirə edib. Həmin müzakirələrlə bağlı prezident deyib ki, Avropa liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşməsini təklif ediblər, “ancaq ortada olan sanksiyalar Rusiyanı kifayət qədər yaxşı dişləyir”.
Agentlik qeyd edir ki, Ukrayna və Qərb Rusiyanı separatçılara dəstək verməkdə və davamlı olaraq onları silah və qoşunla təmin etməkdə suçlayır, rəsmi Moskva isə bu kimi ittihamları rədd edir.
Avstraliyanın baş naziri Toni Ebbottu Malayziya sərnişin təyyarəsi vurulduqdan sonra Rusiyaya qarşı xüsusi sərt mövqe sərgiləyir. Vurulan təyyarədə Avstraliya 38 vətəndaşını itirib. Məhz buna görə də baş nazir Putinlə əlbəyaxa olmağa hazır olduğuna da eyham vurmuşdu.
Ancaq sammit zamanı Avstraliyanın baş naziri bildirmişdi ki, o, Ukrayna böhranı ilə bağlı cənab Putinlə “çox sağlam düşüncəyə” söykənən müzakirələr aparıb: “Mən Ukraynanın şərqində baş verən olaylara görə çox narahatam. Mən tələb edirəm ki, Rusiya təyyarənin vurulması ilə bağlı istintaq aparan qrupla ciddi əməkdaşlıq etsin, bu cinayət son vaxtlar baş vermiş ən dəhşətli cinayətlər sırasında öndə gedir”.
Agentlik bildirir ki, Putin çıxışında qeyd edib ki, sammit zamanı Ukrayna məsələsi barədə rəsmi danışıqlar olmayıb. Ancaq hər bir liderlər ayrılıqda keçirdiyim danışıqları “səmimi, mənalı və gərəkli” hesab edirəm.
“Mən əsasən şəxsi görüşlərdə bir az Rusiyaya tətbiq olunmuş sanksiyalardan danışdım. Həmkarlarım bu məsələ ilə bağlı anlayış nümayiş etdirdilər. Deyirdilər ki, bu sanksiyalar hər iki tərəf üçün pis nəticələr ortaya qoyub. Biz həmçinin bu vəziyyətdən çıxmağın yollarını müzakirə etdik”, Putin deyib.
Mətbuat konfransının sonunda Putindən soruşublar ki, sammitdə digər liderlər tərəfindən təzyiqlərlə üzləşibmi. Prezident bu sualı belə cavablandırıb: “Mən nəticədən və sammitdə mövcud olmuş atmosferdən çox məmnunam”.