“Ərdoğanı öldürəcəklər”
Türkiyədə ötən ilin dekabr ayında həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatları ilə bağlı yeni iddialar ortaya çıxıb.
"Xeberinfo.com" Türkiyə KİV-nə istinadən xəbər ki, rüşvət və korrupsiya əməliyyatlarına görə hakim Ədalət və İnkişaf Partiyasından(AKP) istefa verən millət vəkili İdris Bal vətəndaş cəmiyyətləri ilə görüşdə baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən devrilməsi məsələsini müzakirə edib.
Bu iddialar “Ənsar” Fondu Çorum şöbə müdiri Halil İbrahim Aşqının verdiyi məlumatlarla ortaya çıxdığı bildirilib. Fond rəsmisinin iddialarına görə 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarının başlanmasından hələ 4 ay əvvəl, avqust ayının 17-də həmin dövr AKP üzvü olan İdris Bal vətəndaş institutları nümayəndələri ilə görüşündə baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması məsələsinə toxunduğunu qeyd edib.
Toplantıda iştirak edən Halil İbrahim Aşqın İdris Balın Ərdoğandan sonrakı hakimiyyətin qurulması vətəndaş institutları ilə təmasa keçərək çevriliş planları üzərində işlədiyini vurğulayıb. Halil İbrahim Aşqın İdris Balın həmin görüş iştirakçılarına dedikləri sözləri hakimiyyəti devirməyə çağırış kimi dəyərləndirib:
“Beynəlxalq güclər Ərdoğanı istəmir. Ona görə də onun devrilməsi üçün təzyiq mexanizmlərini işə salır. İlin sonuna qədər Ərdoğan bu təzyiqlərə davam gətirməyərək hakimiyyətdən uzaqlaşacaq. Əks təqdirdə isə, o, beynəlxalq güclər tərəfindən öldürüləcək. Ərdoğandan sonrakı Türkiyə üçün birlikdə işləməyimizi təklif edirəm. Qol artıq qanqrena olub, onu kəsib atmaq lazımdır ”,-deyə Aşqın İdris Balın görüşdə belə söylədiyini bildirib.
Halil İbrahim Aşqın İdris Balın rüşvət və korrupsiya əməliyyatlarının ardından da bu tip görüşlərə davam etdiyini bildirib. O, adıçəkilən millət vəkilinin onu Ankaradakı görüşə növbəti dəfə dəvət etdiyini açıqlayıb və həmin toplantının da Ərdoğan devrilməsinə yönəlik olduğunu vurğulayıb. O, bunun ölkədə xaos yaradacağını və dövlət əleyhinə olduğunu anlayaraq vəziyyət barədə Ankara Prokurorluğuna və polisə məlumat verib.
Qeyd edək ki, İdris Bal rüşvət və korrupsiya əməliyyatlarından sonra hakim partiyadan istefa verib. O, Fətulla Gülənə məxsus nurçu təriqətinin Türkiyədə yaratdığı “paralel təşkilatlanma”nın nümayəndəsi olduğu bildirilir.